VII-VIII sinif şagirdləri arasında riyaziyyat,
fizika, kimya və biologiya üzrə fənn müsabiqələrinin I
mərhələsi başa çatıb. Ölkə üzrə fənn müsabiqələrinin I
mərhələsində 8769 şagird iştirak edib.
Fənn müsabiqələrinin II mərhələsinin dekabrın
5-də, III mərhələsinin isə gələn il yanvarın 9-da
keçirilməsi planlaşdırılır. Növbəti ilin may ayında isə
ümumrespublika fənn müsabiqələri təşkil olunacaq.
Üç mərhələdən ibarət müsabiqələr beynəlxalq fənn
olimpiadalarına hazırlıq çərçivəsində reallaşdırılır.
Eyni zamanda müsabiqələrin təşkilində məqsəd
respublikanın rayon və şəhərlərində məktəblilərin
fənlərə olan marağını artırmaq, istedadlı və çalışqan
şagirdlər arasında sağlam rəqabət şəraiti yaradaraq
onların potensialını gücləndirməkdən ibarətdir.
Qeyd edək ki, ötən tədris ilində pilot layihə
olaraq Bakı və Sumqayıt şəhərlərindən seçilmiş 35 məktəb
arasında keçirilən fənn müsabiqələri şagirdlər və
müəllimlər tərəfindən maraqla qarşılanıb. Fənn
müsabiqələrinin nəticələrinə əsasən, fənlər üzrə qruplar
yaradılıb və müsabiqələrdə fəal iştirak edən şagirdlərlə
respublikadaxili və beynəlxalq müsabiqə, eyni zamanda
olimpiadalara hazırlıq dərsləri keçirilməyə başlanılıb. |