Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 20-də Rusiya Federasiyasının təhsil və elm
naziri Dmitri Livanovu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya
arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə,
o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini
vurğuladı. Prezident İlham Əliyev Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk
buraxılışın olmasının və Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Bakı filialının ölkəmizdə
fəaliyyətə başlamasının önəmini qeyd etdi. Dövlətimizin
başçısı təhsil sahəsində əməkdaşlığımızın digər
formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd
etdi. Azərbaycanlı tələbələrin Rusiyanın müxtəlif ali
məktəblərində təhsil almalarını əlaqələrimizin yaxşı
göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bu
istiqamətdə əməkdaşlığımızın daha da
möhkəmləndirilməsinin vacibliyini vurğuladı, müxtəlif
sahələr üzrə mütəxəssislərin hazırlanmasında təhsilin
hər iki ölkə üçün əhəmiyyətli olduğunu dedi.
Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri
Livanov ölkələrimiz arasında təhsil sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət
göstərdiyinə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirdi. Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının uğurlu fəaliyyətini
məmnunluqla qeyd edən Dmitri Livanov Seçenov adına
Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı
filialının da Azərbaycanda nüfuz qazanacağına və peşəkar
tibb işçilərinə olan tələbatın ödənilməsi işinə xidmət
edəcəyinə ümidvar olduğunu vurğuladı. Rusiyanın təhsil
və elm naziri Azərbaycan İqtisad Universitetinin
Dərbənd filialının fəaliyyətini təhsil sahəsində
qarşılıqlı əməkdaşlığın nümunəsi kimi dəyərləndirdi.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində
əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC |