Yunanıstanın
Halkidiki şəhərində keçirilən 18 yaşadək yeniyetmələr
arasında şahmat üzrə dünya çempionatı başa çatıb.
Çempionatda Azərbaycanla yanaşı 92 ölkədən 1500-dən
artıq zəka sahibi mübarizə aparırdı.
AZƏRTAC xəbər verir ki, bu yarışda müxtəlif yaş
qruplarında 15 Azərbaycan şahmatçısı iştirak edib.
Yekun turda 12 yaşadək oğlanların çempionatında mübarizə
aparan təmsilçimiz Məhəmməd Muradlı Rusiya şahmatçısı
Arseniy Nesterov üzərində qələbə qazanaraq dünya
çempionu adını qazanıb.
Çempionatın əsasnaməsinə görə, ilk altılığa düşən
şahmatçılar mükafatlandırılıb. Təltif olunanlar arasında
həmyerlilərimiz - Aydın Süleymanlı, Ayan Allahverdiyeva
və Səmra Qasımova da olub.
Belə ki, 10 yaşadək oğlanların çempionatında iştirak
edən həmyerlimiz Aydın Süleymanlı liderlərdən yarım xal
az toplayaraq 8,5 xalla 3-5-ci yerləri bölüşdürüb. 8
yaşadək qızların yarışında Səmra Qasımova 8 xal
toplayaraq 5-6-cı yerləri bölüşdürüb. Ayan
Allahverdiyeva isə 10 yaşadək qızların çempionatında
aktivinə 8 xal yazaraq 4-9-cu yerləri bölüşdürüb və
əlavə göstəricilərə görə 6-cı yerin sahibi olub.
Digər şahmatçılarımız da uğurlu çıxış edərək ilk onluğa
düşüblər. M.Muradlı ilə eyni qrupda mübarizə aparan
digər həmyerlimiz - Əhməd Əhmədzadə sonuncu turda rəqibi
ilə xalları yarı bölüb və 8 xalla ilk onluqda
qərarlaşıb. Biləsuvar şahmat məktəbinin yetirməsi Xəzər
Babazadə isə 8 xal toplayaraq 9-cu yerin sahibi olub. 14
yaşadək qızların yarışında mübarizə aparan Xanım
Balacayeva aktivinə 7,5 xal yazaraq 8-15-ci yerləri
bölüşdürüb. 18 yaşadək qızlar arasında yarışan Aytən
Əmrayeva isə çempionatı 11-ci pillədə başa vurub.
Həmçinin, Azərbaycan ümumi komanda hesabında 92 ölkə
arasında 4-cü yerə çıxıb.
Çempionat İsveçrə sistemi ilə 11 turdan ibarət olaraq
keçirilib. |