Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

“Ankara məktəbi” məktəb-liseyində “Əmir Teymur” tamaşasının yaradıcı heyəti ilə görüş keçirilib

 

Böyütmək üçün seçinNoyabrın 12-də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki “Ankara məktəbi” məktəb-liseyində Azərbaycan Akademik Milli Dram Teatrı səhnəsində oynanılan “Əmir Teymur” tamaşasının yaradıcı heyəti ilə görüş keçirildi. Görüşdə tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi  Mehriban Ələkbərzadə, aktyorlar - Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, İlahə Həsənova, Anar Heybətov, əməkdar artist Kazım Abdullayev, eləcə də qonaqlar - Təhsil Nazirliyi Pilot layihələrlə iş sektorunun müdiri Rüfət Əliyev, həmin şöbənin böyük məsləhətçisi Hüseyn Mirzəyev iştirak edirdilər. Görüşü məktəb-liseyin direktoru Səmayə Eynullayeva açaraq qonaqları salamladı, dəvəti qəbul edib gəldikləri üçün onlara minnətdarlığını bildirdi.

Diqqətə çatdırıldı ki, oktyabrın 26-da dahi şair, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 133-cü ildönümü geniş qeyd olunub. Bununla bağlı Hüseyn Cavid parkında şairin anım günü keçirilib, şeirləri, şeirlərinə yazılmış mahnılar səsləndirilib, abidəsi önünə əklillər qoyulub. Məktəb-liseyin yuxarı sinif şagirdləri bu günlərdə Azərbaycan Akademik Milli Dram Teatrında ədibin “Topal Teymur” dramı əsasında hazırlanmış “Əmir Teymur” tamaşasına baxıb, aktyorların məharətli oyunundan böyük zövq alıblar. Tamaşadan sonra yaradıcı heyət tədris ocağına dəvət olunub.

Sonra şagirdlər məktəb-liseyin  Azərbaycan dili və ədəbiyyat müəllimi, bu fənlər üzrə metodbirləşmənin sədri Aida Arabskayanın rəhbərliyi altında hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər. Öncə Yasin Quliyevin şairin həyat və yaradıcılığı mövzusunda hazırladığı təqdimat diqqətə çatdırıldı. Sonra şagirdlərdən Fidan Mədətova, Fərid Əliyev, Gülşən Cavadova, Sədaqət Qasımova və b. Hüseyn Cavidin “Qız məktəbində”,  “Mənim tanrım”, “Qadın” adlı şeirlərini, “Kor ərəbin nahnısı”nı, “İblis” faciəsindən  Arifin monoloqunu ifa etdilər, “Ana” dramından kiçik bir səhnə göstərdilər. Səhnəni təqdim edən məktəb-liseyin 8 “b” sinif şagirdləri Şəms Məmmədzadə (Səlma ana), Həsən Həsənli (Murad) və Nəzrin Qocayevanın (İsmət) məharəti görüş iştirakçıları tərəfindən alqışlarla qiymətləndirildi.

Daha sonra şagirdlər tərəfindən rejissor və aktyorlara onların tamaşadakı rolları, yaradıcılıq qayələri, sənət müəllimləri və s. məsələlərlə bağlı ünvanlanan  çoxsaylı suallar cavablandırıldı. Sənət adamları şagirdlərə öz tövsiyələrini verdilər.

Sonda “Ankara məktəbi” məktəb-liseyinin direktoru Səmayə Eynullayeva maraqlı keçən görüş üçün qonaqlara, tədbiri hazırlayan və təqdim edən müəllim və şagirdlərə təşəkkür etdi. 

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov