Dövlət
Bayrağı Günü münasibətilə təşkil olunan silsilə
tədbirlərdən biri də Bakı şəhəri 58 nömrəli tam orta
məktəbdə “Bayrağımız qürur mənbəyimizdir” adı altında
keçirildi.
Tədbir məktəbin 9 ”b”sinif
şagirdləri tərəfindən hazırlanmışdı. Onlar Azərbaycan
Xalq Cümhuriyyətindən dövlətimizə yadigar olan
bayrağımızın şəninə yazılmış şeir və mahnılardan ibarət
kompozisiyalarını təqdim etdilər. Həmçinin Bayraq gününə
həsr olunmuş, ümummilli lider Heydər Əliyevin, Prezident
İlham Əliyevin bayrağımıza və müstəqilliyimizə aid
dəyərli çıxışlarından ibarət videoçarxlar və
fotoslaydlar nümayiş olundu. Tədbirin ən qürurverici
məqamı səhnəyə xüsusi ehtiramla, şeir və musiqi sədaları
altında üçrəngli, müqəddəs bayrağımızın gətirilməsi oldu.
Tədbirin qonaqları olan Xətai Rayon İcra Hakimiyyətinin
məsul işçisi Tofiq Məmmədov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Suraxanı-Xətai rayonu metodik bölməsinin
müdiri Firdust Əhmədov, 165 nömrəli tam orta məktəbin
direktoru Nemət Məmmədov çıxış edərək Azərbaycanın
Dövlət Bayrağının milli suverenliyin simvolu kimi
ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs olduğunu qeyd
edib, şagirdlərə və tədbirin digər təşkilatçılarına belə
bir möhtəşəm tədbirin hazırlanmasına görə təşəkkür
etdilər.
Sonda məktəbin direktoru Ulduzxan Abdullayev çıxış
edərək Azərbaycanın üçrəngli bayrağının xalqımızın
müstəqillik rəmzi, Bayraq Gününün dövlətimiz tərəfindən
təntənə ilə qeyd olunmasının Bayrağımıza olan böyük
ehtiramın bariz nümunəsi olduğunu diqqətə çatdırdı.
Direktor qonaqlara, 9 “b “ sinfinin şagirdlərinə və
sinif rəhbəri Rəqsanə İbrahimovaya minnətdarlığını
bildirdi.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |