Azərbaycan
Milli Elmlər Akademiyasında (AMEA) görkəmli
ədəbiyyatşünas alim, akademik Məmməd Arif Dadaşzadənin
anadan olmasının 110 illiyinə həsr olunmuş
“Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə.
Məqalələr. Xatirələr. Məktublar” kitabı çap olunub.
Kitab “Akademik Məmməd Arifin 110 illik yubileyinin
keçirilməsi haqqında” Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 15 aprel 2015-ci il tarixli
sərəncamı ilə açılır. AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəylinin “Müdriklik və müasirlik” adlı
genişhəcmli məqaləsində görkəmli alimin həyatı,
yaradıcılığı, ədəbiyyatşünaslıq elmi sahəsində
tədqiqatları barədə ətraflı məlumat verilir. Akademik
Məmməd Arif Dadaşzadəni “görkəmli alim və böyük
şəxsiyyət” kimi səciyyələndirən akademik İsa Həbibbəyli
yazır: “Müdriklik və müasirlik Məmməd Arif Dadaşzadənin
həyatının və fəaliyyətinin, elmə, ədəbiyyata, sənətə,
zamana və insanlara münasibətinin bütün mahiyyətini
özündə cəmləşdirir. Belə düşünürük ki, seçdiyi “Arif”
təxəllüsü də təsadüfi olmayıb, onun müdrikliyə,
təfəkkürə, müasirliyə ağırlıq verdiyini göstərən ən
əhəmiyyətli faktlardan biridir”.
Kitab Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin
yaradıcılarından biri, pedaqoq, tərcüməçi, ictimai xadim,
akademik, əməkdar elm xadimi, Azərbaycan Respublikasının
Dövlət mükafatı laureatı Məmməd Arif Dadaşzadənin
(1904-1975) çoxşaxəli fəaliyyətinin və həyatının
ayrı-ayrı səhifələrini əks etdirir. Burada Məmməd Arif
haqqında müxtəlif illərdə dövri mətbuatda, elmi toplu və
jurnallarda dərc olunmuş məqalələr, habelə alimə
ünvanlanan çoxsaylı məktubların bir hissəsi ilk dəfə
olaraq yer alıb. Mirzə İbrahimov, Mir Cəlal, Rəsul Rza,
Süleyman Rüstəm, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə,
Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Yaşar
Qarayev, Şirməmməd Hüseynov və bir çox digər alim,
ədəbiyyatşünas, şair və yazıçıların məqalələrində
görkəmli alimin yaradıcılığı təhlil edilir, xatirələri
canlandırılır.
Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanmış elmi
nəşrdə Məmməd Arif Dadaşzadəyə ünvanlanan məktub,
teleqram, təbriklərlə yanaşı, alimin həyatının müxtəlif
anlarını özündə əks etdirən nadir fotoşəkillər də
verilib.
“Elm” nəşriyyatında işıq üzü görmüş “Ədəbiyyatımızın
vicdanı. Məmməd Arif Dadaşzadə. Məqalələr. Xatirələr.
Məktublar” əsərinin ön sözünün müəllifi akademik İsa
Həbibbəyli, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru
Aqşin Dadaşzadə, redaktoru professor, əməkdar incəsənət
xadimi Zümrüd Dadaşzadədir.
Ağahüseyn ŞÜKÜROV |