Uşaqlar dərs oxumağı, ev tapşırıqlarını yerinə
yetirməyi böyük problem hesab edirlər. Mütəxəssislərin
fikrincə, bunun başlıca səbəbi diqqət əskikliyidir.
Müşahidələrimiz göstərir ki, əgər uşaq dərs
oxumamaq üçün hər vasitəyə əl atırsa, burada nə isə bir
çatışmazlıq var. Uşağınız bütün cəhdlərinizə baxmayaraq,
yazı masasında oturmursa və ya oturduqdan sonra qələm,
pozan ilə oynayırsa, ayaqyoluna getmək, su içmək kimi
bəhanələrlə heç cür diqqətini cəmləyə bilmirsə, bu zaman
məktəbdə müəllimi ilə danışmalı, onun davranışını,
diqqətini nə dərəcədə cəmləyə bilməsini öyrənməliyik.
Əgər ciddi bir problem varsa, mütləq bu sahə üzrə
mütəxəssislə görüşmək lazımdır.
Uşaqların dərs oxumağa həvəsləndirilməsində ətraf
mühitin rolu danılmazdır. Dərs oxumaq üçün nəzərdə
tutulan otaq təmiz olmalı, yazı stolunun üstündə yalnız
dərs vəsaiti qoyulmalıdır. Ən vacibi, əgər mümkünsə yazı
masası üzü divara doğru döndərilsin. Bu vəziyyətdə
otaqdakı başqa əşyalar arxa planda qalacaq və bu da
uşağınızın diqqətini cəmləməsinə kömək edəcək.
Xüsusilə ibtidai sinifdə evə verilən tapşırıqları
çox vaxt valideynlər həll edir. Bu halla hər birimiz
qarşılaşmışıq. Ancaq bu doğru hərəkətdirmi? Yox, əsla.
Əslində valideynlər sadəcə dəstək olmalıdırlar. Məsələn,
“dərs oxumaq vaxtın gəldimi?”, “dərsin başlamasına 10
dəqiqə qalıb, hazırlaş” deyərək uşaqları sınamaq olar.
Valideyn ev tapşırıqlarının yerinə yetirilməsinə yalnız
nəzarət edə bilər, prosesdə iştirak edə bilməz.
Statistikaya görə, məktəbə tez getməyə başlayan
uşaqlar ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik
çəkirlər. Çünki onlar diqqətini uzun müddət cəmləyə
bilmir. Bunun üçün də müəllimlər tapşırıqları uşaqların
yaş və qavrama səviyyəsinə uyğun verməlidirlər.
Bundan başqa, müəllimlər dərsdə sinfin ən yaxşı və
ən pis oxuyan şagirdini nümunə kimi
göstərməməlidir.Yəni, təlim zamanı bütün şagirdlərə
fərdi yanaşılmalıdır. Uşaqlara hədsiz dərəcədə çox dərs,
tapşırıq da vermək olmaz. Misal üçün, 1-ci sinif şagirdi
ilə 30 dəqiqədən çox məşğul olsaq istədiyimiz nəticəni
ala bilməyəcəyik. |