Əziz valideynlər, gəlin, uşağımız niyə solaxaydır
deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi
hal yoxdur. Sol əllə iş görməyə meyil anadangəlmə
haldır. Solaxaylıq ya irsən keçir, ya da baş-beynin sol
yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu
funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən bu
proses gizli getdiyindən valideynlər bunu hiss edə
bilmirlər. Solaxaylıq nadir hal deyil. İnsanların 10
faizi solaxaydır.
Bəzi ibtidai sinif müəllimləri solaxay uşaq
görəndə dəhşətə gəlirlər. Həkimin nəzarəti olmadan
onların vərdişlərini sağ ələ keçirməyə çalışırlar. Ancaq
unudurlar ki, insanın beyni sol və sağ yarımkürədən
ibarətdir. Sol yarımkürə bədənin sağ tərəfinin, sağ
yarımkürə isə sol tərəfinin hərəkətlərini idarə edir. Bu
yarımkürələrdən biri aparıcı olduqda insanın sağ əli,
ayağı, digər orqanları daha çevik və güclü olur. Zorla
sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nervoz,
pəltək və tənbəl olur.
Solaxaylığı qüsur hesab etmək düzgün deyil.
Təcrübələrdən də görürük ki, solaxay uşaqlar normal
şəraitdə öz çevikliliyi və bilikli olması ilə
seçilirlər. Məşhur italiyalı rəssam Leonardo da Vinçi,
tanınmış ingilis aktyoru Çarli Çaplin, görkəmli yazıçı
və riyaziyyatçı Luis Keroll, ABŞ-ın keçmiş prezidenti
Bill Klinton və başqa görkəmli şəxsiyyətlər solaxay
olublar.
Solaxay uşaqların məktəbə tam hazır olması üçün
onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə
vurmamaq lazımdır. Evdə, uşaq bağçasında bu ləqəbdən
istifadə etmək, irad tutmaq yanlış addımdır. Uşağın hər
bir müvəffəqiyyətini qiymətləndirmək vacibdir.
Narınc Uşaq Psixologiya Mərkəzi
|