Gülnar HÜSEYNOVA,
psixoloq
Müasir
dövrdə biz uşaqlarda aqressiya hallarını tez-tez
müşahidə edirik. Bu hal ilə uşaqların olduğu hər bir
yerdə, demək olar ki, qarşılaşırıq. Amma orta təhsil
məktəbləri aqressiv usaqların özlərini daha da qabarıq
şəkildə göstərən yerlərdəndir. Bəs aqressiya və onu
yaradan səbəblər nədir - bu suallara cavab tapmaqla öz
uşaqlanıza kömək edə bilərsiniz.
Aqressiya sözü latınca “aggressio” sözündən
yaranıb və mənası hücüm deməkdir. Aqressiya başqa şəxsə
(fiziki və mənəvi) zərər verə bilən hirs emosiyasını
ifadə edən ən fəal formalarından biridir. Hər hansı
digər emosiya kimi aqressiyanın da təzahür forması
qadağan edilə bilməz. Bu halda uşaqlar öz təbii
hisslərini büruzə verə bilmir və özlərini günahkar hiss
edə bilərlər. İnsanın hər davranışının arxasında o
davranışı istiqamətləndirən səbəblər var və aqressiyanı
da istiqamətləndirən bir neçə səbəb var. Aqressiyanın
əsasında qorxu hissi dayanır və həmin hiss çətin
vəziyyət yaranan hallarda bir müdafiə üsulu kimi özünü
ifadə edə bilər.Uşaq aqressiyası ilə həm kollektiv
arasında olarkən, həm də uşağı fərdi qaydada müşahidə
edərkən rastlaşmaq olar.
Buna misal olaraq deyə bilərik ki, müəllimlərdən
biri yaxın zamanda rastlaşdığı bir situasiya haqqında
bizimlə bölüşdü: şənbə günü 2- ci sinif şagirdləri sinif
yoldaşlarının ad gününə toplaşmışdılar. Bir müddət
keçdikdən sonra uşaqlar səs-küylü oynamağa və bərkdən
gülməyə başladılar. Sonra uşaqlar növbəti oyun oynamaq
üçün qatar sırası ilə düzülməli idilər. Tezliklə oyundan
əsər-əlamət qalmadı, uşaqlar bir-birinin üz-gözünü
cırmaqlamağa və bir-birinə qışqırmağa, itələməyə
başladılar. Bu da nəticədə bəzilərinin üzlərində qan
görməsi ilə nəticələndi. Belə bir bayram hər kəs uçün
gözlənilməz oldu. Bu halda balaca məktəblilər aqressiya
göstərməyə heç bir sərhəd gözləmədilər və şənliyi
dava-dalaşa çevirdilər. Biz burda nəyi görürük?
Valideynlərin hara baxdığı sualını bir qırağa qoyaq.
Uşaqların nizam- intizam qaydalarını nümayiş
etdirməməkləri, ictimayi yerlərdə və qonaqlıqlarda,
başqa yaşlı adamların arasında özlərini necə aparmaq
haqqında məlumatlı olmamaqları bir tərəfə, onlar bir-
birinə qarşı çox aqressiv münasibət göstəriblər. Burda
aqressiya liderlik uğrunda olan rəqabətin bir
formasıdır, bu da destruktiv aqressiya sayılır. Belə
olan hallarda uşaqlarla kollektiv formada işləmək və bu
rəqabəti daha məhsuldar istiqamətə yönəltmək lazımdır.
Bu aqressiyanın kollektiv şəklində büruzə verməsinin
parlaq nümunəsidir. Qeyd edək ki, belə hallar az saylı
uşaqlar arasında da ola bilər və onun dağıdıcı təsiri
isə heç də az deyil. Aqressiv kollektivdə uşaqlar
bir-birindən çəkinirlər və özlərini təhlükə altında hiss
edirlər. Onlar tez-tez həyəcan hissi də keçirirlər ki,
bu da onların həm şəxsiyyətlərinin formalaşmasında, həm
də tədris proseslərinə mənfi təsir göstərir.
Bu kimi problemlərin aradan qaldırılması məqsədilə
belə siniflərdə korreksiya işlərinin aparılması çox
vacibdir.
Aqressiyanın müxtəlif növləri olur. Onların
təsnifatı və əsasları müxtəlifdir. Dünya təcrübəsində A.
Bass və A.Dark Amerika psixoloqlarının aqressiya
təsnifatı istifadə edilir. O təsnifata əsasən 5 növ
aqressiya mövcuddur:
1. Fiziki aqressiya-fiziki təsir;
2. Dolayısı aqressiya-gizli yolla konkret şəxsə
yönləndirilməyən aqressiya;
3. Qıcıqlandırma- xarici qıcıqlandırıcılara qarşı
yüksək həssaslıq, qızğın emosional reaksiya;
4. Şifahi (verbal) aqressiya-neqativ hisslərin söz
üsulu ilə büruzə verilməsi;
5. Neqativizm - qoyulmuş qaydalara qarşı passiv və
ya aktiv şəkildə göstərilən əks reaksiya.
Çoxsaylı təsnifatlara baxmayaraq, uşaqlar ilə
işləyərkən onların aqressiyalarını düzgün şəkildə büruzə
vermələri üçün istiqamətləndirmə vacibdir.
Yadda saxlamaq vacibdir ki, hər bir uşaq öz
ailəsinin güzgüsüdür. Uşağın problemi öz ailəsindən
gələn problemdir. Uşaqlar ailədə aldıqları hər təcrübəni
öz davranışlarında - məktəbdə, başqa kollektivlərdə
sərgiləyirlər. Əgər məktəb kollektivi mehribandırsa,
aqressiya ancaq on uşaqdan bir uşaqda büruzə verirsə,
onda səbəb ailə ilə bağlıdır. Uşaq çalışır ki, ailədə
olan çətinlikləri və problemləri təkbaşına həll etsin.
Bu işdə ona heç kim kömək etmir, hətta bəzi hallarda ona
heç diqqət də yetirmirlər.
Müasir dövrün öz gözəllikləri var. İnkişaf etmiş
yeni texnologiyalar sayəsində uşaqlar faydalı
informasiyalar alır, özləri yeniliklər əldə edir və yeni
nəsə icad edə bilərlər. Bütün bunlarla yanaşı, medalın
əks tərəfi də vardır. Yeni texnologiya və onun
məhsulları uşaqlarda yaranan və inkişaf edən
aqressiyanın əsas mənbəyidir. Kompüter oyunları,
online-oyunlar uşaqlarda aqressiya yaradır. Uşaqlar
məktəb yaşlarında çox sadəlövh olurlar, onların
psixikası zədələnməyə meyillidir. Nəzərə almaq lazımdır
ki, uşaqlar kompüter oyunlarının təsiri altına tez düşür,
rəqibə qalib gəlmək üçün bütün vasitələrdən, hətta
senzuradan kənar sözlərdən belə istifadə etməyə
hazırdırlar. Görün, nə qədər uşağın psixikasına mənfi
təsir edən amillər mövcuddur. Bütün bunları aradan
qaldırmaq çox çətindir. Hər bir valideyn uşaq
psixikasına təsir edən belə zərərli oyunlar haqqında
məlumata sahib olmalıdır və vaxtında qarşısını almağı
bacarmalıdır.
Valideynlər bilməlidirlər ki, aqressiyalı
uşaqların öz aqressiyalarını büruzə vermələrinə mane
olacaq bir faktor olmamalıdır. Bu, uşaqlarda əsəb
sisteminin pozulmasına və somatik xəstəliklərin
yaranmasına gətirib çıxara bilər. Buna görə də biz
uşaqların bu hisslərini düzgün ifadə etməyi
öyrətməliyik. Biz gözləməməliyik ki, bu aqressiya hissi
bizim daxilimizi doldursun. Biz özümüzün və
uşaqlarımızın davranışına nəzarət etməliyik. Onlarla
sakit tərzdə danışmalıyıq. Əgər bizi nəsə qane etmirsə,
onda biz səsimizin tonunu qaldırmalıyıq bir şərtlə ki,
uşağın şəxsiyyətinə toxunmamalıyıq. Biz onun
hərəkətlərini qiymətləndiririk, bizə xoş gəlməyən
cəhətlərini göstəririk. Uşağın mənliyinə toxunmuruq.
Bütün bunları onu sevilmədiyini bildirəcək şəkildə
etməməliyik. Bunları bir neçə dəfə etməklə aqressiyanı
konstruktiv yola yönləndirə bilərik. |