İntiqam CƏBRAYILOV,
pedaqogika üzrə elmlər doktoru, professor,
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri
Dünyada gedən qlobal proseslər, müasir dövrdə cəmiyyətin
inkişaf tendensiyaları təhsilin problemlərinə, o
cümlədən onun məzmununa, idarə olunmasına və digər
məsələlərinə yeni baxış tələb edir. Bu gün təhsil bütöv
bir sistem kimi başa düşülməklə yanaşı, həm də dəyər,
proses, nəticə kimi qəbul edilir. Bütov bir sistem kimi
təhsil anlayışının mahiyyətini aşağıdakı şəkildə ifadə
etmək olar: Təhsil pedaqoji prosesin mühüm bir tərkib
hissəsi kimi tədris müəssisələrində verilən tərbiyə və
inkişaf imkanlarına malik bilik, bacarıq və vərdişlər
sistemidir. Təhsil fəlsəfəsi anlayışını izah edərkən
eyni zamanda fəlsəfə anlayışına da münasibət
bildirməliyik. Elmi araşdırmalardan əldə olunan ümumi
qənaət budur ki, fəlsəfə varlığın - təbiət və
cəmiyyətin, insan təfəkkürünün və idrak prosesinin tabe
olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm, nəticə
etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə
müəyyən edilən ictimai şüur formalarından biridir.
Təhsil fəlsəfəsi dedikdə isə hesab edirik ki, bu
anlayış cəmiyyətin bir şəxs, yaxud qrupdan digərinə
təcrübə, bilik və dəyərlərinin ötürülməsinin
rəsmiləşdirilmiş prosesi kimi başa düşülməlidir.
Bütövlükdə təhsil, bir elm sahəsi kimi pedaqogika və
fəlsəfədən təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu
baxımdan təhsil fəlsəfəsi mühüm əhəmiyyət kəsb edir.
Təhsil fəlsəfəsi ilə məşğul olan tanınan
mütəxəssis F.Paulsen yazırdı: “Pedaqogikanı bir elm
olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixologiyasız
və etikasız o, öz təməlindən ayrı düşür. Bu fənlər də öz
növbəsində metafizika və idrak nəzəriyyəsindən
ayrılmazdır”.
Pedaqoq-filosof V.V. Krayevskinin “fəlsəfə ilə
əlaqə pedaqoji fikrin inkişafının və pedaqoji
nəzəriyyənin qurulmasının zəruri şərtidir” qənaəti də,
fikrimizcə, pedaqogikanın elmi əsaslarla inkişafı üçün
əsas tələblərdən biri sayıla bilər.
Pedaqoq-filosof Qureviç İqor İlinskinin də
baxışlarında təhsil fəlsəfəsi məsələləri xüsusi yer
tutur. Bu baxımdan onun aşağıdakı fikirlərinin maraq
doğurduğunu qeyd etmək olar: “Təhsil problemləri bizi
mürəkkəb fəlsəfi düşüncələr sisteminə cəlb edir.
Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox
tədqiqatların çatışmazlığı bundadır ki, onların
müəllifləri təhsilə baxışlar kompleksini, fəlsəfi və
psixoloji düşüncənin ümumi axarından ayırırlar. Ona görə
də pedaqogika tarixi müxtəlif didaktika üsullarının
sadalanmasından ibarət olur. Lakin bu üsullar özü
konkret bir dövrdə doğulmuşdur və özündə zamanın
dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər”.
Ümumiyyətlə, təhsil fəlsəfəsi digər elm sahələri
ilə, məsələn, epistemiologiya, hermenevtika,
psixologiya, metafizika, ontologiya, pedaqogika,
iqtisadiyyat, aksiologiya və başqaları ilə bilavasitə
bağlı olmaqla, özünün məzmun komponentləri də müxtəlif
elm sahələrindən çıxarılan ideyalar əsasında formalaşır.
Təhsilin məzmununda əksini tapan bu ideyalar isə nəticə
etibarı ilə insanların ehtiyaclarının, tələbatlarının
ödənilməsinə yönəldilir.
Türk-islam fəlsəfi fikrinin tanınmış nümayəndəsi
Əbu Turxan (Səlahəddin Xəlilov) yazır: “İnsanlar təhsil
üçün yox, təhsil insanlar üçündür və o, insanların
konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır”. Alimlərin
bu fikri də təhsilin inkişafı probleminə müasir
yanaşmanı əks etdirmək baxımından mühüm əhəmiyyət kəsb
edir.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, təhsil
fəlsəfəsinin elm sahəsi olaraq inkişafına nəzər
salsaq,1941-ci ildə ABŞ-da təhsil fəlsəfəsi cəmiyyəti,
1965-ci ildə Böyük Britaniyada təhsil fəlsəfəsi
cəmiyyəti, 1990-cı ildə isə - Təhsilin
demokratikləşdirilməsi sahəsində beynəlxalq konfrans,
“Beynəlxalq Təhsil filosofları şəbəkəsi” adlı
assosiasiya - birliyin yarandığını bir fakt kimi qəbul
etmək olar.
Bundan əlavə, fəlsəfənin inkişaf mərhələlərinə
gəldikdə isə həmin mərhələləri müvafiq səciyyəvi
xüsusiyyətləri ilə birlikdə aşağıdakı şəkildə göstərmək
olar:
* Birinci mərhələ - 1940-1950-ci illərdə təhsil
fəlsəfəsinin problematikasının müstəqil sahə olaraq
deyil, ayrı-ayrı elementlərə əsasən fəlsəfə, psixologiya,
pedaqogikada nəzəri tədqiqatlarda əksini tapması;
* İkinci mərhələ - 1950-1960-cı illərdən
başlayaraq təhsil fəlsəfəsinin məzmun məsələləri barədə
şüurlu şəkildə vəzifələrin qoyulması;
* Üçüncü mərhələ - 1960-1970-ci illər, fəlsəfi
baxımdan əsaslandırılan və fəlsəfə-təhsil
problematikasının müxtəlif aspektlərini aydınlaşdıran
təhsil proqramlarının hazırlanması;
* Dördüncü mərhələ - 1980-1990-cı illər,
paradiqmaların dəyişməsi, yenidən işlənib hazırlanması,
refleksiya, metodoloji tədqiqat tiplərinin, təcrübənin
layihələndirilməsinin konseptual sxemi olaraq müzakirə
olunması, fəlsəfə - təhsil problematikasının şüurlu
şəkildə ifadə olunması;
* Beşinci mərhələ - 1990-cı illər təhsil
fəlsəfəsinin metodoloji, nəzəri və sosial əsaslarının
sistemli şəkildə araşdırılmasının təşkili, ümumi
biliklərlə ehtiva olunması;
* Altıncı mərhələ - XXI yüzilliyin əvvəllərində
sosiologiya, refleksiv psixologiya və humanist
pedaqogika çərçivəsində sosiomədəni və sosiotexniki
aspektlərin qarşılıqlı təsir problemləri üzərində
cəmləşmə.
“Təhsil fəlsəfəsi” termininin problemin statusu
baxımından səciyyələndirdiyi çoxmənalılıq və müəyyən
edilən tədqiqat aspektləri bunlardır:
* nəzəri baxımdan, elmi-pedaqoji aspekt;
* pedaqogika elminin metodoloji əsası olaraq,
metodoloji-pedaqoji aspekt;
* təhsil prosesinin dərk olunması və insanın yaradılış
mahiyyətinə uyğunluğu, refleksiv-fəlsəfi aspekt;
* pedaqoji gerçəkliyin təhlil olunması üçün vasitə
olması aspekti.
Qeyd olunan məsələlər təhsil fəlsəfəsinin pedaqogika
elminin inkişafı üçün nə qədər mühüm əhəmiyyət kəsb
etdiyini təsdiqləyir. Maraq doğuran məsələlərdən biri
təhsil fəlsəfəsinin inkişafının əsas, dünyəvi
tendensiyalarıdır. Bu baxımdan həmin tendensiyaları
aşağıdakı şəkildə qruplaşdırmaq olar:
a) təhsil sistemi və klassik modeldəki böhranla əlaqədar
təhsilin sosiomədəni paradiqmasının dəyişməsi, humanitar
elmdə təhsil sosiologiyası və fəlsəfəsinin fundamental
pedaqoji ideyaların yenidən işlənib hazırlanması;
b) eksperimental və alternativ məktəblərin yaradılması;
c) təhsilin demokratikləşdirilməsi, fasiləsiz təhsil
sisteminin yaradılması;
d) təhsilin humansitləşdirilməsi, humanitarlaşdırılması
və kompüterləşdirilməsi;
e) azad təhsil və təlim proqramları seçimi.
Müasir təhsil fəlsəfəsinin inkişaf tendensiyaları və
əsas vəzifələrindən bəhs edərkən qeyd etməliyik ki, bu
gün ənənəvi pedaqoji paradiqmanın qüvvədən düşməsinin,
təhsilin ənənəvi formalarının kifayət etməməsinin və
mövcud problemlərin həllinin imkan və yollarının dərk
edilməsi məsələləri ön planda olmalıdır. Bütün bunlar
belə bir fikri söyləməyə əsas verir ki, təhsil fəlsəfəsi
pedaqogika və təhsilin son hədd üçün əsaslarından bəhs
edir. Burada təhsilin mədəni mahiyyəti və yeri, insanın
və təhsillilik idealının dərk edilməsi, pedaqoji
fəaliyyətin xüsusiyyəti və mahiyyəti məsələləri əhatə
olunur.
Təhsil sisteminin, onun məzmununun, texnologiyalarının
yeniləşdirilməsinin cəmiyyət üçün vacibliyini,
əhəmiyyətini əsaslandıran və bu işin uzaqgörənliklə
ideya əsaslarını irəli sürən ümummilli lider Heydər
Əliyev gələcək inkişafın bilavasitə haqlı olaraq
təhsillə bağlı olduğunu vurğulayırdı. “Gələcəyimiz bu
gün gənclərə nəyi və necə öyrətməkdən asılıdır”, - deyən
ulu öndər Heydər Əliyev təhsilin yeni məzmununun
formalaşdırılmasını, yəni nəyi öyrətməyin, nəyi
öyrənməyin zəruriliyini ön plana çəkərək, həm də necə
öyrətməyin, innovativ yanaşmaların tətbiq əhəmiyyətini
dərk etməyə xüsusi önəm verirdi.
Qeyd etmək lazımdır ki, pedaqogika bir çox suallara,
əsasən nəyi və necə öyrətmək suallarına cavab verir.
Lakin öyrətmə prosesinin məntiqi-idraki və psixoloji
aspektləri də vardır ki, bunlar pedaqogikanın
predmetindən kənara çıxır, bilavasitə psixologiya və
fəlsəfə ilə, həmçinin təhsil fəlsəfəsi ilə daha çox
bağlı olur. Müasir dövrdə elm sahəsi kimi formalaşan
təhsil fəlsəfəsi ümumi pedaqogikanın nəzəri, metodoloji
bazasının zənginləşdirilməsinə ciddi təsir göstərə
bilər. Bütövlükdə milli təhsil sisteminin
formalaşdırılmasında təhsil fəlsəfəsinin xüsusi rolu
vardır. Bu baxımdan milli təhsil sistemi
formalaşdırılarkən aşağıdakı zəruri məsələlərə diqqət
yetirilməsi məqsədəuyğun bilinir:
* dünya təhsil sisteminin tendensiyaları;
* ayrı-ayrı qabaqcıl ölkələrin təhsil təcrübəsi;
* ümumi, invariant xüsusiyyətlər;
* sosial-iqtisadi islahatların tələbləri;
* milli dəyərlər (ana dili, vətən tarixi, ənənəvi
davranış normaları).
Dünya ölkələrinin təcrübəsi, təhsil tarixindən məlumdur
ki, xalqın inkişafının əsas amillərindən biri milli
təhsil sistemini formalaşdırmaq və qoyulan hədəflərə
doğru məqsədəuyğun fəaliyyətdir. Köhnə sistemdən
uzaqlaşmaq naminə yalnız xaricdən mütəxəssis cəlb
etməklə milli təhsil, milli ruhu formalaşdırmaq,
həqiqətən, mürəkkəb bir məsələdir. Milli təhsil sistemi
xalqın milli ruhunun yüksəldilməsində, strateji
hədəflərə nail olunmasında ən güclü təsir vasitəsidir.
XIX əsrin əvvəllərində İ.Fixte alman xalqına müraciət
edərək xalqın səfərbər olunması, xalqın ruhunun
yüksəldilməsi üçün yaranmış çətin vəziyyətdən çıxış
yolunu milli təhsil sisteminin qurulmasında görürdü.
Yasuxiro Nakasone konsepsiyasında (“Yaponiya: XXI əsr
üçün konsepsiya”) qeyd edirdi ki, “islahatın fəlsəfi
ideoloji prinsiplərindən başlamaq lazımdır. Əvvəlcə
karkası qurmadan bina tikmək olmaz” .
Müasir təhsil fəlsəfəsindən bəhs edərkən “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”na münasibət bildirməyi vacib hesab edirik.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24
oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən bu sənəd ilk
növbədə konseptuallığı ilə diqqəti cəlb edir.
Sənəddə əksini tapmış və aşağıdakı 5 strateji istiqamət
müasir dövrün təhsil fəlsəfəsinin ideyalarına
əsaslanmışdır:
1) səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun
yaradılması;
2) təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan
innovativ təlim metodları və texnologiyaları vasitəsilə
təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən
yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması;
3) nəticələrə görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai
xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan
təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması;
4) müasir tələblərə cavab verən və ömür boyu təhsili
təmin edən təhsil infrastrukturunun yaradılması;
5) təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə
olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması
.
Ümumiyyətlə, ölkəmizdə dövlət siyasətinin ən mühüm
istiqamətlərindən biri təhsildir. Təhsilin bugünkü
vəziyyəti, iqtisadiyyatın, mədəniyyətin, siyasətin
gələcəyinə istiqamətlənmişdir .
Dünya təcrübəsi də göstərir ki, dövlət iki müxtəlif
miqyasda fəaliyyət göstərmək üçün zəruri tədbirlər görür:
1) çağdaş şəraitin tələblərinə uyğun, cari ehtiyacların
ödənilməsinə xidmət edən operativ tədbirlərin həyata
keçirilməsi;
2) uzun müddətə hesablanmış, strateji məqsədə,
dövlətçiliyə və milli özünütəsdiqə xidmət edən
islahatlar planının hazırlanması.
Fəaliyyət paralel surətdə fəlsəfi-ideoloji əsasa
söykənməlidir.
Bu baxımdan “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın fəlsəfi-ideoloji
əsasları onun tətbiqinin səmərəliliyinə təminat verir.
İslahatın təmsilçisi olaraq hər bir təhsilverən fərdi
şəkildə təhsil fəlsəfəsini müəyyənləşdirməyi
bacarmalıdır:
* konkret kateqoriya üçün;
* konkret mövzu üçün;
* konkret fənn üçün;
* sistem olaraq təhsil üçün.
Təhsil fəlsəfəsinin tətbiqi aşağıdakı məsələlərin
həllinə və nəticə etibarı ilə ölkənin davamlı inkişafına
əlverişli şərait yaradır:
* səriştəli təhsilverənlərin hazırlanması;
* ən yeni texnologiyalara əsaslanan infrastrukturun
yaradılması;
* keyfiyyət nəticələri və əhatəlilik.
* iqtisadi cəhətdən dayanıqlılıq;
* dünyanın aparıcı təhsil sistemlərinin standartlarına
uyğunluq;
* təhsilin məzmununun, kadr hazırlığının, təhsili
idarəetmə sisteminin və təhsil infrastrukturunun
qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf
konsepsiyasına uyğun yenidən qurulması;
* ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar
olması;
* informasiya cəmiyyətinin təşəkkülü. |