Noyabrın 7-də Bakı şəhəri üzrə 18, 138, 252, 276 nömrəli
məktəblərdə fənn müsabiqələri keçirilib.
Təhsil nazirinin “Beynəlxalq fənn olimpiadalarına
hazırlıq işlərinin təşkili barədə” müvafiq əmrinə əsasən
keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri
arasında təşkil edilib. Beş fənn üzrə keçirilən fənn
müsabiqələrində fizika, kimya, biologiya və informatika
fənləri üzrə VIII, riyaziyyat fənni üzrə isə VII sinif
şagirdləri iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a
bildiriblər ki, müsabiqə iştirakçılarına 30 test sualını
cavablandırmaq üçün 1,5 saat vaxt verilib.
Qeyd edək ki, fənn müsabiqələrinin yanvar ayınadək üç
dəfə keçirilməsi nəzərdə tutulub. Müsabiqədə
iştirakçılar nəticələrindən asılı olmayaraq hər üç
mərhələdə biliklərini sınayacaqlar.
Fənn müsabiqələrində fərqlənən şagirdlər BŞTİ tərəfindən
mükafatlandırılacaqlar. |