Noyabrın 6-da Gəncə Dövlət Universitetində 9 noyabr -
Dövlət Bayrağı Gününə həsr edlmiş konfrans keçirilib.
Universitetin elm və innovasiyalar üzrə prorektoru,
dosent Pərvin Kərimzadə konfransı giriş sözü ilə açaraq
qeyd edib ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar
qəbul edib. Nazirlər Şurasının sədri Fətəli Xan
Xoyskinin imzaladığı həmin qərara əsasən milli bayraq
kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və
səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilib.
Həmin bayraq 1991-ci ildə Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra da dövlət bayrağı kimi təsdiqlənib.
2009-cu ilin noyabr ayında isə noyabrın 9-u
Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və həmin
gün ölkədə qeyri-iş günü olan bayramların siyahısına
daxil edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının dövlətçilik
rəmzlərindən biri, onun milli bayrağı - Dövlət
bayrağıdır. Hər bir xalqın özünəməxsusluğunu
şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə
yanaşı, həm də zəngin milli-mənəvi irsi, maddi və mənəvi
mədəniyyət nümunələri əsasında müəyyənləşir.
Azərbaycanın üçrəngli Dövlət bayrağı həm də
müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət
rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı
gerbimiz və himnimiz kimi milli bayrağımıza da ehtiram
göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Konfransda Azərbaycan tarixi kafedrasının baş müəllimi,
tarix üzrə fəlsəfə doktoru Asif Məmmədovun “Bayrağımız
bizim kimliyimizdir”, həmin kafedranın baş müəllimi,
tarix üzrə fəlsəfə doktoru Xatirə İlyasovanın
“Azərbaycan bayrağının mənəvi ideoloji mənası”, ümumi
tarix kafedrasının müəllimi Nurlana Həmzəyevanın
“Bayrağımız qürur mənbəyimizdir” mövzularında
məruzələri dinlənilib.
Məruzələr ətrafında çıxışlar olub.
Mətbuat xidməti |