Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

“Bu, üzərimə daha böyük məsuliyyət qoyub

 

Prezident  təqaüdçüsü Nihad Abbasovla söhbət 

Abbasov Nihad Natiq oğlu 5 yanvar 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2015-ci ildə Qubadlı rayonunun Aşağı Mollulu  kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Məktəbli olduğu illərdə  müxtəlif fənn olimpiadalarında yüksək yerlər tutub.  Eyni zamanda “İNEPO” beynəlxalq layihə olimpiadasının və “Sabahın alimləri” müsabiqəsinin iştirakçısı olub. Bu il TQDK-nın keçirdiyi ali məktəblərə  qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olunub.  Ölkə Prezidentinin müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. 

- Nihad, sirr deyilsə, açıqla görək 700 ballıq nəticə tale bəxşişidir, yoxsa gərgin əməyin bəhrəsi?

- 700 bal toplamaq üçün şagird  öz üzərində tələb olunandan da artıq çalışmalıdır.  Məncə, heç bir halda şansa güvənmək olmaz. Bilik yarışmasında bilik də qalib  gəlir. Yüksək nəticə əldə etmək üçün öncə gələcək hədəflər düzgün müəyyən olunmalı və əlbəttə ki, bu hədəflər insanın maraq dairəsinə uyğun gəlməlidir. Daha sonra bu yolda yorulmaq nədir, bezmək nədir bilməməlisən.  Mənim I ixtisas qrupunu seçməyimə səbəb texniki fənlərə, xüsusən də riyaziyyat fənninə  olan həvəsim olub.  Seçimin düzgün olduğuna inanırdım və  Bakı Ali Neft Məktəbinə qəbul olmaq üçün çalışmağa qərar verdim. Öz potensialıma çox güvənirdim, ancaq müəllimlərimin və valideynlərimin dəstəyi az olmayıb.  Onlar  mənim 700 bal toplamağa inamımı daha da artırdılar.   Vaxtımı düzgün bölərək ondan səmərəli şəkildə istifadə etməyə çalışdım. İlk uğurum bu oldu ki,  11-ci sinfi  əla qiymətlərlə bitirdim. Sınaq imtahanlarında 680-690 bal toplamağım  qəbul imtahanında yüksək bal toplayacağıma inamımı daha da artırdı və gördüyünüz kimi zəhmətim hədər getmədi.  Bir də təkrar edirəm:  bilik meydanında bəxtə, şansa arxalanmaq olmaz. Bu, sadəlövhlük olar.

-  İmtahandan əvvəlki  və sonrakı psixoloji məqamlar  sənin üçün necə yadda qalıb?

- Qəbul imtahanından öncə mümkün qədər həyəcanlı olmamağa çalışırdım. Ancaq etiraf edim ki, həyəcan var idi, bu elə bir psixoloji məqamdır ki, onu öz içindən çıxarıb ata bilmirsən.  Çünki həmin gün  mənim gələcək taleyim  həll olunurdu. Amma imkan daxilində özümü  toplayıb bütün fikrimi testlər üzərinə yönəltdim. İmtahandan sonra nəticələrimi yoxladıqda və  bütün cavablarımın doğru olduğunu gördükdə isə  sözlə ifadə edə bilmədiyim qeyri-adi hisslər keçirdim. Mənə elə gəlirdi ki, dünyanın ən xoşbəxt insanıyam. 700 bal topladığımı ailə üzvlərim, müəllimlərim və yaxınlarım  eşidəndə  sevinclərinin hədd-hüdudu yox idi. Həm qürur hissi keçirir, həm də parlaq gələcək üçün hələ çox çalışmalı olacağımı  anladım. Ölkədə 700 bal toplayan azsaylı abituriyentlərdən biri olmaq qürurverici bir haldır.  Bu, ilk növbədə mənə  olan etimadları artırır, üzərimə daha  böyük məsuliyyət qoyur. Bu etimadları doğrultmaq üçün bundan sonra da çox çalışmağımı düşünürəm.

- İxtisas seçimi zamanı BANM-ı seçməyin də  yəqin ki, təsadüfi olmayıb?

- Yüksək keyfiyyətli ingilis dilli təhsil verməsi, xarici ölkələrlə əlaqələri, reytinq cədvəlində  öncül yerdə olması, tədris  prosesində  müasir  texnologiya imkanlarından maksimal dərəcədə  istifadə edilməsi, gələcəkdə xaricdə təhsil almaq imkanları kimi üstünlükləri  BANM-ı seçməyi qərar verməyimə təkan verdi. Ailə üzvlərim,  müəllimlərimim də bu seçimimi bəyəndilər, mənə dəstək oldular. Düşünürəm ki,  bu ali məktəbdə hərtərəfli inkişaf edəcəyimə zəmin var. Çalışacağam ki, bu tempi aşağı salmayım, ali məktəbi fərqlənmə diplomu ilə  bitirim.

- Ən böyük arzun nədir?

- BANM-də təhsil aldığım müddətdə seçilən tələbələrdən olmağı arzulayıram və bunun üçün də çox çalışacağam. Təhsilimi xaricdə davam etdirərək yüksək ixtisaslı, təcrübəli, öz ixtisasını mükəmməl bilən bir mühəndis olmaq arzusundayam. Bu, təkcə mənim deyil, ailə üzvlərimin də arzusudur və bu arzumun reallaşacağına inanıram.  Gecəmi-gündüzümə qatıb arzularımı həyata keçirəcəyəm.

- İngilis dilini, ümumiyyətlə, xarici dil  bilmək vacibdirmi?

- Hansı ixtisasa sahib olursan ol, hansı istiqamətdə karyeranı qurursan  qur, ingilis dilini, hər hansı bir xarici dili hökmən  mükəmməl  bilməlisən. Çünki zaman bunu tələb edir.

- İnsan həyatının ən maraqlı illəri tələbəlik həyatı hesab olunur.  Bəs sənin üçün tələbə həyatı nə deməkdir?

- Artıq iki aya yaxındır ki, tələbəyəm. Özümə çoxlu  dost qazanmışam. Tələbəlik illərinin daha maraqlı məqamları hələ qarşıdadır. 

Bu dilli-dilavər gənclə söhbətim  o qədər şirin keçirdi ki, zaman bizi bu qədər tezliklə ayıra bilməzdi, amma növbəti dərsin başlanmasına işarə edən zəng mənim hələ bir çox suallarımın cavabsız qalmasına səbəb  oldu və gələcəkdə onunla  görüşmək, təhsil aldığı ali məktəb  barədə təəssüratlarını dinləmək arzusunda olduğumu bildirdim. Təklifimi Nihad da ürəkdən  bəyəndi. 

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov