Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Təhsil Şurası Qafqaz Universitetində konfrans keçirib

 

Konfransda Şuranın dəstəyi ilə hazırlanmış “Yaradıcılıq axtarışları” kitabının  təqdimatı olub. 

Noyabrn 7-də Azərbaycan Təhsil Şurası Qafqaz Universitetində “Müasir təhsil təcrübəsi və onun təlimin səmərəliliyinə təsiri (Qafqaz Universitetinin bazasında)” mövzusunda konfrans keçirib. Konfransda Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Qafqaz Universitetinin pedaqogika fakültəsinin dekanı, professor Erdal Karaman, Şuranın idarə heyətinin üzvləri və fəalları-qabaqcıl məktəb direktorları və müəllimlər iştirak ediblər. Konfransı  professor Əjdər Ağayev açaraq bildirib  ki, Qafqaz Universiteti Azərbaycanın ali təhsil müəssisələri arasında öz dəst-xətti ilə seçilir. Bu dəst-xətt özündə müasirliyi, dünya təhsil məkanına inteqrasiyanı, mükəmməl maddi-texniki bazanı, keyfiyyətli təhsili, səmimi müəllim-tələbə münasibətlərinin mövcud olduğu yaradıcı təhsil mühitini, milli-mənəvi dəyərləri, halallığı ehtiva edir.

Qafqaz Universitetinin fəaliyyətini əks etdirən videoçarxın nümayişi deyilənləri əyani şəkildə təsdiq etməklə bu ali təhsil ocağı haqqında konfrans iştirakçılarında dolğun təəssürat yaradıb.

Universitetin pedaqogika fakültəsinin dekanı, professor Erdal Karaman  çıxışında rəhbərlik etdiyi fakültənin fəaliyyət prinsiplərindən bəhs edib. Söyləyib ki, bu gün Qafqaz Universitetində yaradılmış təlim-tərbiyə mühiti, universitetin məzunlarının 80 faizindən çoxunun işlə təmin olunması istedadlı azərbaycanlı gənclərin  ali təhsil almaq  üçün buranı seçməsinə stimul yaradır. Qafqaz Universiteti gənclərin xaricdə magistr təhsili almaq  arzularının da reallaşmasına imkan yaradır.

Konfransda  jurnalist, yazıçı - publisist, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllının yenicə çapdan çıxmış "Yaradıcılıq axtarışları" kitabının  təqdimatı olub. Kitabı təqdim edən  professor Əjdər Ağayev bildirib ki, fəal direktor və müəllimlərin fəaliyyətindən, qabaqcıl təcrübəsindən bəhs olunan“Yaradıcılıq axtarışları” müəllifin ikiillik gərgin zəhməti hesabına başa gəlib. Böyükağa Mikayıllı kitabda yer alan müəllimlərin hər birinin dərslərini, ictimai fəaliyyətini mütəmadi olaraq izləmiş, əgər belə demək mümkünsə, zəngin təcrübəni damla-damla toplamış və nəhayət, tədqiqatlarını bir kitab halında ümumiləşdirmişdir. Bu kitab həm müəllifin, həm də onun qəhrəmanları olan qabaqcıl müəllimlərin yaradıcılıq axtarışlarını özündə ehtiva edir. 

Lənkəran Rayon Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, Bakı şəhər 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov, Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi Şəcahan Ramazanova, Şirvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Sevinc Niftiyeva, Bakı şəhər 95 nömrəli tam orta məktəbin müəllimi Zümrüd Hüseynova, əməkdar müəllim Həqiqə Məmmədova, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Əsgər Manafov, Bakı şəhər 164 nömrəli tam orta məktəbin müəllimləri Sevinc Məcidova və Turan Hüseynova  kitabı müəllimlər üçün dəyərli vəsait kimi səciyyələndiriblər.

Konfransın sonunda 6-7 mart 2015-ci il tarixində Azərbaycan Təhsil Şurasının ABŞ-ın Qarabağ Fondu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə birgə keçirdiyi beynəlxalq konfransın sertifikatları həmin konfransın iştirakçılarına təqdim olunub. 

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov