| 
						
						
						 Noyabrın 10-da Heydər Əliyev Mərkəzində ali məktəb 
						tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” 
						adlı II ümumrespublika bilik yarışı keçirilib. 
						Yarışda hər ali məktəbdən bir komanda olmaqla 
						ümumilikdə 46 komanda mübarizə aparıb. Hər komandada 6 
						əsas və 2 ehtiyat iştirakçı olub. 
						Yarış 3 turda keçirilib. Hər turda Azərbaycan 
						xalqının ümummilli lideri Heydər Əliyevin həyat və 
						fəaliyyəti, ulu öndərin rəhbərliyi altında ölkədə 
						aparılan dövlət quruculuğu prosesi və islahatları əks 
						etdirən 12 sual səsləndirilib. 
						Qalib komandalar turlar üzrə qazanılmış ümumi 
						xallar əsasında müəyyən edilib. Gərgin mübarizə 
						şəraitində keçən yarışmada birinci yeri 44 xalla Qafqaz 
						Universitetinin komandası tutub. İkinci və üçüncü 
						yerləri isə müvafiq olaraq 42 xalla Azərbaycan 
						Respublikası Daxili İşlər Nazirliyi Polis 
						Akademiyasının, 41 xalla Lənkəran Dövlət Universitetinin 
						komandası qazanıb. 
						Qalib komandalar mükafatlandırılıb. Yarışda 
						iştirak edən digər komandalara isə sertifikatlar təqdim 
						edilib. 
						Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil 
						Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə 
						Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 
						həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin 
						yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda 
						gənc nəslin elmə, maarifləndirici yarışlara marağının 
						artırılması məqsədi daşıyır. 
						Xatırladaq ki, “Heydər Əliyev və Azərbaycan tarixi” 
						adlı I ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 
						12-də keçirilib. Yarışda 44 ali məktəbin komandası 
						iştirak edib. Bakı Slavyan Universiteti, Milli 
						Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına 
						Akademiyası və Lənkəran Dövlət Universitetindən olan 
						komandalar müvafiq olaraq birinci, ikinci və üçüncü 
						yerlərin qalibi olub.  |