Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
Amerikanın “US News & World Report” jurnalı dünyanın
ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini
(“Best Global Rankings Universities- 2016”) tərtib edib.
Ali məktəblərin qiymətləndirmə cədvəli dünyanın 57
ölkəsindən 750 universiteti əhatə edir. Ən yaxşı ali
məktəblərin siyahısında yer almaq üçün universitetlər
“Thomson Reuters” şirkətinin hər il keçirdiyi
top-200-lükdə yer almalıdır. Reytinq tərtib olunarkən
elmi jurnallarda dərc olunmuş məqalələrin sayı, elmi
ictimaiyyətdə nüfuzu, elmi məqalələrdən sitatgətirilmə,
əcnəbi ölkə alimləri ilə birgə tədqiqatlar, universitet
tərəfindən elmi dərəcələrin verilməsi və s. bu kimi 12
kriteriya əsas götürülür. Bundan əlavə, Böyük
Britaniyanın QS, Times Higher Education Rankings kimi
populyar reytinqlərindən fərqli olaraq “US News & World
Report” jurnalının araşdırmasında başlıca üstünlük
universitetlərin elmi tədqiqatçılıq və innovativ
fəaliyyətinə qiymət verilir. Əsas kriteriyalar
arasında digər reytinq araşdırmalarında olduğu kimi,
ali məktəbin kampusunun sahəsi, bakalavrların məzuniyyət
faizi, xarici müəllim-tələbə nisbəti yoxdur, akademik
reputasiya və tədqiqat işlərinin həcmi başlıca
göstəricidir.
Reytinq digər ölkələrin ali məktəbləri ilə müqayisədə
əyani şəkildə Amerika universitetlərinin üstün
mövqeyini nümayiş etdirir. Dünyanın ən yaxşı
universitetlərinin üçdə ikisindən çoxu 10 ölkədə
cəmləşib ki, ABŞ bu siyahıda lider mövqe tutur və 181
universitetlə (24,1%) təmsil olunur. Çin 57 (8%), Böyük
Britaniya 55 (7,3 faiz), Almaniya 50 (6,7%)
universitetlə reytinqə daxil olub. Ötən il olduğu kimi,
reytinq cədvəlinə Harvard Universiteti başçılıq edir.
İkinci yerdə Massaçusets Texnologiya İnstitutu, üçüncü
yerdə Kaliforniya Berkli Universiteti yer alıb. İlk
onluqda Böyük Britaniyanın Oksford (5-ci yer) və
Kembric (6-cı yer) universitetləri yerləşib. Daha
ətraflı
www.usnews.com/education/best-global-universities/rankings
səhifəsindən tanış olmaq olar.
|