Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Elm xəbərləri

 

“CES 2016” - Beynəlxalq elektronika sərgisi keçiriləcək 

6-9 yanvar 2016-cı il tarixlərdə ABŞ-ın Las-Veqas şəhərində “CES 2016” - Beynəlxalq elektronika sərgisi keçiriləcək. “Intel”, “Microsoft”, “Samsung”, “Sony” və digər tanınmış şirkətlərin iştirak etdiyi sərgi ziyarətçilərinin sayına görə böyük miqyaslı tədbirlərdən hesab olunur.

“CES 2016”-da ziyarətçilərə audio, video və rəqəmsal texnika geniş spektrdə təqdim ediləcək. Sərgidə kompüter avadanlığı və proqram təminatı, qabaqcıl texnologiyalar, telekommunikasiya, simsiz qurğular və s. üzrə mütəxəssislər bir araya toplaşacaq.

Sərgi çərçivəsində tanınmış şirkətlərin nümayəndələrinin öz məhsulu haqqında ətraflı məlumat verməsi məqsədilə mətbuat konfransının keçirilməsi,  qabaqcıl texnologiyalar üzrə gənc mütəxəssislər üçün “Last Gadget Standing” müsabiqəsinin təşkil edilməsi nəzərdə tutulur.


Veb-saytların monitorinqinin nəticələri açıqlanıb 

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair monitorinqin nəticələri açıqlanıb. AMEA Rəyasət Heyətinin iclasında bu haqda geniş təqdimatla Akademiyanın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. 

R.Əliquliyev informasiya əsrində istənilən qurumun, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və istismarının zamanın tələbi olduğunu, elmi portal və saytların elmi fəaliyyətin təbliğinin yüksək səviyyədə təşkili, cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynadığını  bildirib. 

Monitorinqin nəticələrini təqdim edən AMEA-nın akademik-katibi son illər Akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. Hər bir institut və təşkilatın fəaliyyətinin işıqlandırılması və geniş təbliğatında saytların rolunu yüksək qiymətləndirən akademik informasiya təminatının aktual vəziyyətdə saxlanılmasının başlıca şərtlərdən olduğunu söyləyib. O, veb-saytların proqram təminatı və dizaynının müasir tələblərə müvafiq olaraq hazırlanmasının da əhəmiyyətini qeyd edib. 

İnstitut direktoru saytlarda yerləşdirilən materialların müxtəlif dillərdə təqdimi məsələsinə də toxunub. AMEA-nın elmi müəssisə və təşkilatlarının əksəriyyətinin veb-saytının 3 dildə fəaliyyət göstərməsinin müsbət göstərici olduğunu vurğulayıb.


Azərbaycan İnternet İdarəçiliyi Forumunda təmsil olunub 

Braziliyanın Juan-Pesoa şəhərində 10-cu İnternet İdarəçiliyi Forumu (Internet Governance Forum/IGF) keçirilib. Noyabrın 10-da start götürən və 13-də işini başa çatdıran tədbir çərçivəsində informasiya cəmiyyəti və internetin idarə edilməsi məsələləri müzakirə edilib.

Builki Forumun əsas mövzusu “İnternet idarəçiliyinin təkamülü: dayanıqlı inkişaf hüquqları və imkanlar” olub.

IGF 2015-də kibertəhlükəsizlik və etibar, internet iqtisadiyyatı, hərtərəfli əməkdaşlığın genişləndirilməsi, internetdə insan hüquqları və digər məsələlər müzakirə olunub.

Beynəlxalq Forumda ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Ceyran Əmiraslanova təmsil edib. Tədbirdə, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP)  Bakı ofisinin əməkdaşları və IGF-in yerli nümayəndəsi iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan 2012-ci ilin 6-9 noyabr tarixlərində “Bakutel” sərgi-konfransı çərçivəsində 7-ci İnternet İdarəçiliyi Forumuna ev sahibliyi edib.


Biometrik texnologiyalarda Big Data problemləri araşdırılır 

 AMEA İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalarda Big Data (Böyük verilənlər) problemləri araşdırılır. Araşdırmaların nəticələri haqqında institutun elmi seminarında layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova çıxış edib. “Biometrik texnologiyalarda Big Data problemləri” mövzusunda məruzəni təqdim edən Ş.Mahmudova Big Data texnologiyalarının tətbiq sahələrindən danışıb. Məruzəçi bu texnologiyalardan kəşfiyyat, kibertəhlükəsizlik, marketinq və tibbi informatikada istifadə olunmasının vacib nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Big Data texnologiyalarından istifadənin üstünlüklərindən söz açan Ş.Mahmudova ABŞ-ın bir çox universitet və hava limanlarında böyük verilənlərdən şəxsiyyətin müəyyən olunmasında geniş istifadə olunduğunu bildirib: “Hüquq-mühafizə orqanlarında isə “Face Recognition” və Big Data analitikasından istifadə insanın tanınmasında işin səmərəliliyinin yüksəldilməsinə səbəb olur”.

Məruzəçi Big Data texnologiyalarının bir sıra üstün cəhətləri ilə yanaşı, risk və konfidensiallıq ilə əlaqədar müəyyən problemlərinin olduğunu da söyləyib.

Ş.Mahmudova biometrik texnologiyalarda buluddan istifadə məsələsinə də toxunub. “Bulud texnologiyaları geniş sahəni əhatə edən paylanmış resurslara vahid nöqtədən sorğu üzrə giriş imkanı verən yeni informasiya texnologiyalarıdır”, - deyən məruzəçi istifadəçilərin bulud servislərlə sərbəst işləmək bacarığının olması, buluda istənilən məkandan, istənilən vaxtda və müxtəlif qurğu vasitəsilə daxil olmanın mümkünlüyünün bu texnologiyaların üstünlüklərindən olduğunu qeyd edib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib. 

www.ikt.az saytının materialları
əsasında hazırladı: Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov