Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

“Tərəqqi” intellekti inkişaf etdirən yarışdır

 

Hər bir pedaqoq tədris prosesini planlaşdırarkən şagirdlərin təhsili, tərbiyəsi, bir şəxsiyyət kimi formalaşması üçün bütün vəzifələrin kompleks həllinə çalışmalıdır. Bu baxmdan şagirdlərdə təlimə marağın artırılması hər bir müəllim üçün  prioritet məsələdir. Hər bir iş ona maraq yaranana qədər çətindir. Əgər işə hər bir kəsdə - istər müəllim olsun, istərsə də şagird, maraq yaranarsa, o çox asanlıqla və yüksək səviyyədə icra ediləcək. Maraqlı iş həm də hər bir insanda xoş ovqat yaradar. Məktəblərdə təhsilə marağın artırılması sahəsində “Öyrənməyi öyrən” adlı aylıq tədbirlər kompleksinin keçirilməsi faydalıdır. Aylıq zamanı şagirdlər  arasında müxtəlif mövzularda bilik yarışmaları, “dəyirmi masa”lar və s. təşkil etmək mümkündür.

Müəyyən sistemlə aparılan iş öz müsbət nəticəsini verir. Şagirdlərdə təhsilə, təlimə maraq hissi artır,  onlar öz məsuliyyətlərini dərk edir, həvəslə oxuyurlar. Bunu mən öz təcrübəmdə dəfələrlə sınamışam. Bu yazıda məhz  həmin istiqamətdə keçirdiyim tədbirlərin birindən - “Tərəqqi” intellektual yarışından söz açmaq istəyirəm

Mən 2014-cü ilin oktyabr ayından başlayaraq “Tərəqqi” liseyinin fəal şagirdlərinin təşəbbüsü ilə onların çoxdan arzuladıqları layihəni həyata keçirməyə başladım. Layihənin məqsədi şagirdlərin intellektual qabiliyyətini, bilik  və bacarıqlarını üzə çıxarmaq üçün onların arasında bilik yarışları təşkil etməkdir.

Biz  “Tərəqqi” intellektual oyunlarını aşağıdakı qaydada keçiririk: suallar üç bölmə üzrə bölüşdürülür. 1)“Günün mövzusu”, 2)“Humanitar” və 3)“Təbiət”. Oyunun özünəməxsus cəhəti ondadır ki, I bölmənin sualları hər həftənin əlamətdar hadisələrinə həsr olunur.  Bunun üçün oyun iştirakçıları daim öz üzərlərində çalışmalı və ölkəmizdə, həm də dünyada baş vermiş ictimai-siyasi hadisələri nəzərdən qaçırmamalıdırlar. Bu yarış şagirdlər arasında sağlam rəqabət yaradır, əməkdaşlıq etmək, qalib olmaq istəyini artırır.

“Tərəqqi” intellektual oyunlarının hazırlanmasında İKT-dən geniş istifadə edirik.  Təhsildə İKT-nin bir faydalı cəhəti də var ki, istedadlı şagirdlər kompüter vasitəsilə öz tədris işlərini və yaradıcılıq fəaliyyətlərinin nəticələrini fərdiləşdirə bilirlər. Müasir pedaqoq da standart dərsliklərdə olmayan, özü tərəfindən düşünülmüş maraqlı məsələ və tapşırıqları kompüterdə təqdimat şəklində hazırlaya bilir. 

Sevda YARMETOVA,
Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyinin tarix müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov