“Rossotrudniçestvo”nun dəstəyi ilə 20-24 oktyabr
2015-ci il tarixlərində Moskvada “Xarici dövlətlərdə ən
yaxşı rus dili və ədəbiyyatı müəllimi” III Beynəlxalq
müsabiqəsinin finalı keçirilib. Müsabiqənin seçim
turunda MDB, Baltikyanı, Avropa, Asiya, Amerika,
Afrikanın 60-dan çox ölkəsindən 600-dən artıq müəllim
iştirak edib. Ekspert qiymətləndirməsinin nəticələrinə
görə 15 ölkədən (Avstriya, Azərbaycan, Belarus,
Bolqarıstan, Vyetnam, Gürcüstan, Hindistan, İspaniya,
Ermənistan, Qazaxıstan, Kipr, Qırğızıstan, Çin, Moldova,
Xorvatiya) olan 15 müəllim finalda iştirak edib.
Beynəlxalq müsabiqə 2011-2015-ci illərdə rus dili
Federal proqramı çərçivəsində keçirilib.
Müsabiqənin final mərhələsi tədbirləri
çərçivəsində hər bir müəllim xaricdə rus dilinin tədrisi
təcrübəsini nümayiş etdirib. Final proqramına, müsabiqə
tapşırıqlarından başqa (test, esse, təqdimat, dərs
fraqmenti) rus dili tədrisinin müasir texnologiyaları,
ən yeni metodik və tədris ədəbiyyatı ilə tanışlıq da
daxil olub.
Finalda ölkəmizi Bakı Slavyan Universiteti
nəzdində Məktəb-Lisey Kompleksinin rus dili və
ədəbiyyatı müəllimi, təşkilati işlər üzrə direktor
müavini Naibə Kərimli təmsil edib. O, “Yaradıcı
potensialın nümayişinə görə” nominasiyası üzrə qalib
olub. Onu da qeyd edək ki, bu, Naibə xanımın ilk uğuru
deyil. O, Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya
və Mədəniyyət Mərkəzinin tədbirlərində, rus dili və
ədəbiyyatının tədrisi ilə bağlı müxtəlif konfrans və
seminarlarda daim fəal iştirak edib, dəfələrlə fəxri
fərman, diplom və təşəkkürnamə ilə təltif edilib.
2010-cu ildə Rusiya Federasiyasının Azərbaycandakı
səfirliyinin keçirdiyi “Ən yaxşı rus dili və ədəbiyyatı
müəllimi” Respublika müsabiqəsinin qalibi olub. Onun
şagirdləri daim müxtəlif respublika və beynəlxalq
müsabiqələrdə, bilik yarışlarında iştirak edərək
mükafatlar alıb. 2013-cü ildə üç şagirdi XIII Beynəlxalq
rus dili olimpiadasında iştirak edib: iki şagirdi 1-ci
yerə layiq görülüb, bir şagirdi isə olimpiadanın mütləq
çempionu olub. Rus şairi M.Y.Lermontovun yubileyinə həsr
olunmuş Respublika qiraət müsabiqəsində də şagirdləri
fərqlənərək birinci və ikinci yerlərə layiq görülüb.
Təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr 2015-ci
il tarixli əmri ilə Naibə Kərimli “Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə
təltif edilib.
Naibə Kərimlini əldə etdiyi uğurlar münasibətilə
təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində yeni
nailiyyətlər arzulayırıq.
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi” |