Noyabrın
11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
professor-müəllim heyətinin xidməti fəaliyyətinin
qiymətləndirilməsinə əsaslanan diferensial əməkhaqqı
sisteminin tətbiqi ilə bağlı tədbir keçirilib. Tədbirdə
rektorun müşaviri Elşən Bağırzadə diferensial əməkhaqqı
sisteminin mahiyyəti barədə məlumat verib. Bildirib ki,
UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyəti
obyektiv kriteriyalar əsasında qiymətləndirilərək
əməkhaqları diferensiallaşdırılacaq.
Sistemin tətbiqində məqsəd professor-müəllim heyətinin
elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri
istiqamətinə yönəltməkdir.
Bu baxımdan sistem UNEC-də
nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə,
professor-müəllim heyətinin fərdi və qrup
məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam
rəqabət mühitinin yaranmasına və onların işdən məmnunluq
səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla tədris,
elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini
və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.
Professor-müəllim heyətinin xidməti fəaliyyətinin
qiymətləndirilməsi onların UNEC-dəki fəaliyyətinin üç
əsas istiqaməti - elmi, tədris və özünüinkişaf - nəzərə
alınmaqla həyata keçirilir. Ümumi qiymətləndirmədə elmi
fəaliyyətlərin xüsusi çəkisi 40%, tədris
fəaliyyətlərinin 40%, özünüinkişaf fəaliyyətlərinin isə
20%-dir. Hər üç istiqamət üzrə müəyyən edilmiş 12
kriteriya əsasında hər bir müəllim üçün “Müəllimin İllik
Xidməti Fəaliyyət Balı” hesablanır. Hər bir kriteriya
bir çox fəaliyyəti özündə birləşdirir və hər kriteriya
ümumi qiymətləndirmədə müəyyən xüsusi çəkiyə malikdir.
Bu sistemin şamil olunduğu professor-müəllim heyətinin
“Müəllimin İllik Fəaliyyət Bal”ları maksimumdan minimuma
qədər sıralanmaqla UNEC-də müəllimlərin illik reytinq
siyahısı tərtib olunur. Reytinq siyahısı üzrə
müəllimlərin elmi-pedaqoji fəaliyyəti illik xidməti
fəaliyyət ballarına görə “əla”, “çox yaxşı”, “yaxşı”, “kafi”,
“qənaətbəxş” və “qeyri-qənaətbəxş” kateqoriyalarına
ayrılır. “Müəllimin İllik Xidməti Fəaliyyət Balı”
universitet orta göstəricisinin 50%-dən aşağı olanların
elmi-pedaqoji fəaliyyəti “qeyri-qənaətbəxş”
kateqoriyasına aid olunur.
Professor-müəllim heyətinin xidməti fəaliyyəti hər
tədris ili üçün qiymətləndiriləcəkdir. Müəllimlər hər
tədris ilində 1 sentyabr - 30 iyun tarixlərini əhatə
edən elmi-pedaqoji fəaliyyətləri haqqında məlumatları
müvafiq qaydada internet üzərindən sistemə daxil
edəcəklər və reytinq siyahısını hazırlayacaqlar.
Məlumatlar sistemə təsdiqedici sənədləri ilə birlikdə
daxil olunmalıdır. UNEC-in “Professor-müəllim heyətinin
xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə Daimi
Komissiya” bu məlumatların təsdiqedici sənədlər əsasında
doğruluğunu yoxladıqdan sonra sistem tərəfindən qəbul
edilməsinə icazə verir. Hər hansı elmi-pedaqoji
fəaliyyətin təsdiqedici sənədini elektron qaydada
sistemə daxil etmək mümkün olmadıqda isə, müəllim həmin
sənədin orijinalını komissiyanın katibliyinə (UNEC-in
“İnsan resursları” şöbəsinə) təqdim edir.
Sistem UNEC-də tədrisin elektron idarə olunması
məqsədilə tətbiq olunan “Eduman” sistemi ilə
inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Hər tələbə
semestrin sonunda şəxsi kabinetindən sistemə daxil
olaraq həmin semestr ona dərs deyən müəllimləri
“Tələbələrin Müəllimi Qiymətləndirmə Anketi”ni elektron
qaydada dolduracaq. Qiymətləndirmə nəticələri həmin
müəllimin illik fəaliyyət balı hesablanan zaman sistem
tərəfindən elektron qaydada istifadə ediləcəkdir.
Sistem çərçivəsində müəllimlərin əməkhaqlarına
nəzərdə tutulan artım məbləğləri hər tədris ilinin
əvvəlində elan olunur. Universitetin imkanlarından asılı
olaraq bu məbləğlər illər üzrə dəyişə bilər. UNEC-də
professor-müəllim heyətinin 2015-2016-cı tədris ili üzrə
reytinq siyahısına müvafiq olaraq illik xidməti
fəaliyyət balı universitet orta göstəricisinin 50%-dən
çox olan müəllimlərin 2016-2017-ci tədris ilində aylıq
əməkhaqları bu qaydada artırılacaqdır: reytinq
siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı
2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əməkhaqqı
1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əməkhaqqı
1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əməkhaqqı
isə 1,2 dəfə.
Hər müəllim müəyyən bir kafedra və fakültəyə aid
olduğundan sistem onların illik xidməti fəaliyyət
ballarına uyğun olaraq UNEC üzrə kafedra və fakültələrin
də reytinq siyahılarını hazırlayır. Reytinq
siyahılarında qeyri-qənaətbəxş nəticə göstərənlərin
təkmilləşdirilməsi nəzərdə tutulur.
Tədbirin sonunda professor-müəllim heyətini
maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi |