Noyabrın
9-da Böyük Britaniyanın “British Council” təşkilatı
Birləşmiş Krallığın və Azərbaycanın ali təhsil
müəssisələri arasında əməkdaşlığın inkişafına dair
tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların, ali təhsil
müəssisələri nümayəndələrinin, gənclərin iştirak
etdikləri tədbirdə əməkdaşlığın genişləndirilməsi
imkanları müzakirə edilib.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru
Elizabet Vayt Böyük Britaniya və Azərbaycan
universitetləri arasında əlaqələrin inkişafı
perspektivlərindən danışıb. Qeyd edilib ki,
ölkələrimizin təhsil sahəsində əməkdaşlığının
genişləndirilməsi üçün imkanların yaradılması “British
Council” təşkilatının fəaliyyətində prioritet
istiqamətlərdəndir.
Elizabet Vayt azərbaycanlı gənclərin Böyük Britaniya
universitetlərində təhsil almağa maraqlarının artdığını
da xatırladıb.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov
Azərbaycan-Böyük Britaniya təhsil əlaqələrinin
əhəmiyyətindən bəhs edib. “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı” çərçivəsində reallaşdırılan tədbirlər
barədə məlumat verən S.Gözəlov, eyni zamanda, ölkəmizin
Avropa universitetləri ilə əlaqələrinin daha da inkişaf
edəcəyinə əminliyini bildirib.
“Erasmus +” proqramının Azərbaycandakı ofisinin rəhbəri
Pərviz Bağırov bu qurumun həyata keçirdiyi proqram və
layihələr barədə məlumat verib.
Sonra Böyük Britaniyanın müxtəlif universitetləri (Cardiff
University, Lancaster University, Queen Mary University
of London, University of Glasgow, University of Surrey
və s.) haqqında təqdimatlar edilib, müzakirələr
aparılıb, suallar cavablandırılıb. |