Müsabiqənin I mərhələsinə 941 layihə təqdim olunub.
Onlardan 41-i müsabiqənin şərtlərinə uyğun olmadığı üçün
qəbul edilməyib.
Yekun olaraq, müsabiqəyə 900 layihə qəbul edilib.
Onların 545-i müəllimlər, 355-i isə sagirdlər tərəfindən
göndərilib. Layihələr II mərhələdə müəyyən olunmuş
meyarlar üzrə qiymətləndirilmək üçün Ekspert
Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi
və nominantların adları cari ilin noyabr ayının sonunda
elan ediləcək.
Qeyd edək ki, təhsildə informasiya texnologiyalarının
tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird”
istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub.
Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində
informasiya texnologiyalarından fəal istifadə edən
müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron
tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına
tanıtmaq, internetin imkanlarından istifadə etməklə
həyata keçirilən yeni tədris üsulları barədə ölkənin
təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin
tətbiqinin yeni formalarını axtarmaq, təhsil
müəssisələrində elektron resurslardan istifadəni
genişləndirmək, müəllim və şagirdləri elektron resurslar
yaratmağa və hazır resurslardan istifadəyə
stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti,
pedaqoji kadrların ixtisasartırma və yenidən
hazırlanması ilə məşğul olan qurumların metodist
mütəxəssisləri və şagirdlər qatılıblar. Qaliblərə
noutbuk, planşet, printer və digər xüsusi mükafatlar
təqdim olunacaq.
Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, “Təhsildə
İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi,
“Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən
dəstəklənir.
Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə
indiyə qədər ümumilikdə 5000-dən artıq layihə təqdim
olunub.
www.edu.gov.az |