| 
						
						
						 Noyabrın 
						10-da Sumqayıt Dövlət Universitetində Azərbaycanın xalq 
						şairi, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının 
						həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin 90 illik 
						yubileyi təntənə ilə qeyd olundu. 
						
						Tədbiri giriş sözü ilə elmi işlər üzrə prorektor,  
						professor Ramazan Məmmədov açaraq qeyd etdi ki, 
						dövlətimizin başçısı  cənab İlham Əliyevin Bəxtiyar 
						Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında 
						imzaladığı sərəncam görkəmli şairin irsinə verilən 
						qiymətin bariz nümunəsidir. Əvəzsiz şair və 
						ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar 
						Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi 
						həyatında tanınmış şəxsiyyətlərdən biri olub. O, geniş 
						və səmərəli bədii yaradıcılıq  yolu, elmi, pedaqoji 
						fəaliyyəti ilə müasir Azərbaycan ziyalılığının 
						salnaməsinə ən qiymətli töhfələrini vermişdir. 
						
						Filologiya fakültəsinin dekan əvəzi, dosent Avtandil 
						Ağbaba çıxışında bildirdi ki, Bəxtiyar Vahabzadə 
						Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik 
						görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi 
						ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı 
						milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və 
						ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə 
						zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni 
						dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması 
						Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm 
						istiqamətlərindən birini təşkil edirdi. 
						
						Azərbaycan və  xarici ölkələr ədəbiyyatı kafedrasının 
						professoru, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi 
						Məhərrəm Qasımlı, universitetin qocaman müəllimi, 
						professor Həsən Sadıqov və professor Aslan Bayramov 
						ölməz xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı 
						xatirələrini dilə gətirərək qeyd etdilər ki, o, şair 
						olmaqla yanaşı, həm də bir müəllim kimi könüllərdə sevgi 
						qazanıb. 
						
						Yubiley tədbirində tələbələrin ifasında şairin 
						şeirlərindən və poemalarından parçalar səsləndirildi.
						
						
						  
						
						
						Mətbuat xidməti |