| 
						
						
						 Naxçıvan Dövlət Universitetində Azərbaycan 
						Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 
						illiyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil 
						Azərbaycan Respublikasının Konstitusiyası” movzusunda 
						elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyası 
						Universitet şəhərciyi ərazi ilk təşkilatının 
						reallaşdırdığı konfransı universitetin rektoru, AMEA-nın 
						müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, 
						ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, 
						müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını 
						təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası 
						demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat 
						verən ali hüquqi sənəddir. Hər bir Azərbaycan vətəndaşı 
						əsas dövlət atributlarından biri olan Konstitusiyanın 
						müddəa və prinsiplərinə əməl etməyə borcludur. 
						Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər 
						Təşkilatının sədri, Ali Məclisin deputatı, universitetin 
						hüquq kafedrasının dosenti Elman Cəfərli “Naxçıvan 
						Muxtar Respublikasının konstitusiya təcrübəsi tarixi” 
						mövzusunda məruzə edərək 1926-cı ildə qəbul edilən ilk, 
						1937 və 1978-ci ildə qəbul edilən sonrakı 
						konstitusiyaları müqayisəli şəkildə təhlil edib. Qeyd 
						olunub ki, milli müstəqillik əldə edildikdən sonra 
						1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının 
						Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni 
						Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul 
						edilib və həmin il dekabrın 29-da Azərbaycan 
						Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunub. 
						Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə 
						bağlı olan bu Konstitusiya Azərbaycan dövlətinin 
						müstəqilliyini, suverenliyini, qanunun aliliyini 
						qorumaqla Naxçıvan Muxtar Respublikasının ərazi 
						bütövlüyünü, idarəetmə mexanizmini, əhalinin hüquqi 
						statuslarını müəyyənləşdirir. Naxçıvanın muxtariyyat 
						statusunun da əks olunduğu,  6 fəsildən və 50 maddədən 
						ibarət Konstitusiya muxtar respublikanın əvvəlki 
						konstitusiyalarından demokratikliyi və lakonikliyi ilə 
						fərqlənir. Bu, 1997-ci ildə Venesiya Komissiyasının 
						Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinə 
						verdiyi rəydə də öz əksini tapıb. 
						Universitetin sosial idarəetmə və hüquq 
						fakültəsinin tyutoru, YAP fakültə sədri Beyrək Cəfərov 
						“Konstitusiyanın beynəlxalq əhəmiyyəti” mövzulu 
						məruzəsində vurğulayıb ki, Azərbaycan Respublikasının 
						Konstitusiyası 1994-cü ildə müstəqil Azərbaycanın 
						qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin 
						rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də 
						ümumxalq referendumu yolu ilə qəbul edilmişdir. Ən son 
						nailiyyətlərə, dünyəvi təcrübəyə əsasən hazırlanan bu 
						Konstitusiya müasir dünya konstitusiyaları içərisində 
						quruluşca ən mükəmməl və məzmunca ən demokratiki olmaqla 
						Azərbaycanın dövlət müstəqilliyinin, ölkədəki insan 
						hüquq və azadlıqlarının qarantıdır. 
						
						  
						
						Mehriban SULTAN |