Təhsil naziri Mikayıl Cabbarov AMEA-nın 70 illik
yubileyində çıxışı zamanı “Elmdən təhsilə” adlı məqsədli
proqram barədə danışıb. Nazir çıxışında bu proqramın
Elmlər Akademiyası sistemində çalışan alimlərin
ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi
tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə böyük
dəstək verə biləcəyini bildirib. Nazirin sözlərinə görə,
bu proqram elmlə təhsilin daha dərin inteqrasiyasına
töhfə verəcək və toplanmış elmi biliklərin növbəti
nəsillərə ötürülməsinə imkan qazandıracaq.
“Qafqazinfo.az” saytına münasibətini açıqlayan akademik
Fikrət Əliyev qeyd edib ki, belə proqramın həyata
keçirilməsi bu gün çox vacibdir. “Əsas məqsəd belə
olmalıdır ki, elm xadimləri tez-tez məktəblərə getməli,
şagirdlərlə təmas qurmalıdırlar, onlara elmi obrazlı
dildə başa salmalıdırlar. Nəticədə məktəb dərslərinin
ümumiləşmiş formasında uşaqların beynini işlədən suallar
və məsələlər ətrafında faydalı müzakirələr aparılar. Bu
da uşaqların dünyagörüşünün inkişafına, onların elmə
daha yönümlü olmalarına, həm də gələcəkdə universitetdə
oxuyan zaman daha geniş təfəkkürə malik olmalarına
gətirib çıxarar. “Elmdən təhsilə” adlı məqsədli
proqramın özəlliyi təhsil müəssisələrinə alimlərin cəlb
edilməsi, onlar tərəfindən xüsusi tapşırıqların
seçilməsi, uşaqlarda elmə həvəsin yaradılmasından
ibarətdir. Bu da gələcəkdə tələbələrin texniki,
humanitar və ya təbiət elmlərini daha yaxşı
mənimsəməsinə kömək edəcək. “Elmdən təhsilə” məqsədli
proqramı həm də ona görə maraqlıdır ki, bu prosesi
vaxtilə məktəblərdə Kapitsa, Azad Mirzəcanzadə, Xudu
müəllim edirdi”.
Tanınmış təhsil eksperti, parlamentin Təhsil Komitəsinin
keçmiş sədri, professor Şahlar Əsgərov “Elmdən təhsilə”
adlı məqsədli proqrama dair “Lent.az”ın suallarını
cavablandırıb.
Yeni “Elmdən təhsilə” proqramını qeyri-standart bir
proqram kimi qiymətləndirən Ş.Əsgərov deyib ki, bu,
ideya baxımından çox cəlbedicidir və ölkə təhsilinə
xeyri olacağı güman edilir: “Azərbaycanın çox dəyərli
alimləri var, hansı ki, 2-3 aspirantla işləmək yerinə,
100-150 nəfərlik böyük bir auditoriyada mühazirə deyərək
öz biliyini istiqamətləndirə bilər. Və bu proqram
çərçivəsində alimlər öz sahələri üzrə ixtisasda təhsil
alan tələbələrə həmin sahədə olan bütün yenilikləri
davamlı bir mühazirə şəklində çatdıra biləcək. Onu da
deyim ki, bizim öyrənməyə meyilli olan gənclərimiz
çoxdur. Heç kim düşünməsin ki, auditoriya boş qala
bilər. Dəyərli söz deyilsə, auditoriya hər zaman dolu
olacaq”.
Təhsil ekspertinin sözlərinə görə, artıq bir çox MDB
məkanında olan ölkələrdə təhsil və elmin inteqrasiyası
üçün addımlar atılıb və bəzi ölkələrdə “Təhsil və Elm”
Nazirliyi belə fəaliyyət göstərir.
Təhsil nazirinin yeni proqramın işlənib hazırlanmasına
dəvətini təqdirəlayiq hesab edən Ş.Əsgərov bildirib ki,
bu proqram təhsilin keyfiyyətini yüksəltmək məqsədi
daşıyır və bu da hər kəsdə ruh yüksəkliyi yaradır.
Tələbələr də bu işdən məmnun qalacaq. Gələcək nəslə nə
qədər mükəmməl təhsil versək, gələn nəsil də bir o qədər
rahat yaşayar. |