Azərbaycan
Texnologiya Universitetinin metallurgiya mühəndisliyi
ixtisasında təhsil alan tələbələr Gəncədəki “Det-AL”
Alüminium Kompleksinin zavodlarında istehsal prosesi ilə
yaxından tanış olublar. ATU-nun mexanika və texnoloji
maşınlar kafedrasının müdiri, dosent Nazim Vəliyevin
rəhbərlik etdiyi qrup əvvəlcə kompleksin direktoru Cəmil
Səfərovla görüşüb. Kompleksin fəaliyyəti haqqında
ətraflı məlumat verən direktor deyib ki, müəssisənin
metallurgiya ixtisası üzrə mütəxəssislərə həmişə
ehtiyacı var.
Kafedra müdiri Nazim Vəliyev və kafedranın dosenti Arif
Əsgərov isə metallurgiya mühəndisliyi ixtisasında tədris
prosesinin gedişi haqqında məlumat veriblər. Qeyd edilib
ki, istehsalat təcrübəsinin təşkili və müəssisələrlə
tanışlığın genişləndirilməsi gələcək metallurqların
yaxşı mütəxəssis kimi yetişməsində vacib rol oynayır.
Daha sonra kompleksin İstehsalın planlaması və texniki
proseslərə nəzarət departamenitinin direktoru Vəli
Hüseynov heyəti müxtəlif zavodlarda istehsal prosesi ilə
tanış edib. Tələbələr metaltökmə, fasiləsiz yayma, soyuq
yayma, təzyiqlə emal və boyama zavodlarında alüminium
istehsalının bütün fazaları ilə əyani tanış olublar.
Rasim ƏLİYEV |