Noyabrın
6-da Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutu, Fransa səfirliyi, Azərbaycan-Fransız dili
Müəllimlər Assosiasiyası, respublikanın nüfuzlu ali və
orta ümumtəhsil müəssisələrinin təhsil işçiləri və
KİV nümayəndələrinin iştirakı ilə “Fransız dili
təliminin təşkilinin müasir problemləri” mövzusunda
“dəyirmi masa” keçirildi.
“Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd fransız
dilinin tədrisinin müasir problemlərini aşkara çıxarmaq,
ümumtəhsil, həmçinin ali təhsil səviyyəsində
müəllimlərin, tələbələrin və şagirdlərin çətinliklərini
öyrənmək, yarana biləcək çətinlikləri aradan qaldırmaq
üçün müxtəlif həll yolları axtarmaqdan ibarətdir.
“Dəyirmi masa”nı giriş sözü ilə açan institutun
direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov
qloballaşma prosesinin və inteqrasiyanın getdikcə
sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş
verən mühüm keyfiyyət dəyişikliklərinin əhəmiyyətini
vurğuladı. İKT-dən istifadə etməklə şagirdlərin
kommunikativ bacarıqlarının yüksək səviyyədə
inkişafının tələb olunduğu bir dövrdə şagirdlərin XXI
əsrin xüsusiyyətlərini özündə əks etdirə biləcək müasir
kompetensiyalara malik formalaşdırılmasının vacibliyini
vurğulayan Q.Novruzov təlim-tədris prosesinin müasir
problemlərinin həlli istiqamətində tətbiqi zəruri olan
məsələləri qeyd etdi. Natiq iştirakçıların diqqətini
xarici dil, o cümlədən fransız dili müəllimlərinin əsas
qayğılarına, üzləşdikləri problemlərə yönəldərək həlli
vacib olan məsələlərə toxundu. Bu istiqamətdə qarşıda
duran əsas vəzifələrin müəyyənləşdirilməsini tövsiyə
edərək, şagirdlərin yüksək bilik və bacarıqlarla təmin
olunmasına zəmin yaradacaq layihələrin, tədbirlərin
təşkilinin zəruriliyini vurğuladı.
Fransız dilinin tədrisində mövcud problemlərin həllində
fəal iştirak etməyə hazır olduqlarını bildirən Fransa
səfirliyinin təhsil və mədəniyyət üzrə attaşesi cənab
Vənsan Lorenzini ibtidai təhsil pilləsinə aid olan
mətnlərin səsləndirilməsi üçün lazım olan elektron
tədris resurslarının hazırlanmasında şəxsən iştirakda
maraqlı olduğunu vurğuladı.
Fransız dili Müəlllimləri Assosiasiyasının prezidenti,
ADU-nun professoru Çəmən Babaxanova fransız dili
dərsliklərində milli-mənəvi dəyərlərin qorunmasından və
qloballaşmanın tələblərinə uyğun olaraq ümumbəşəri
dəyərlərə, qabiliyyətlərə yiyələnmiş şagird
şəxsiyyətinin formalaşdırılması üçün məzmunun dövlət
standartlarına uyğunluğunu müzakirə iştirakçılarının;
həmçinin Gəncə, Goranboy, Qazax, Şəki, Kürdəmir,
Lənkəran, Masallı, Neftçala və İsmayıllıdan “dəyirmi
masa”ya qatılan nümayəndələrin diqqətinə çatdırdı.
ARTPİ-nin aparıcı elmi işçisi, ADU-nun müəllimi, dosent
Gülbəniz Camalova və böyük elmi işçisi Aynur Mahmudova
müzakirələrin aparılması istiqamətində elektron
təqdimatla çıxış etdilər.
Məruzəçilərin təqdimatından sonra “dəyirmi masa”
iştirakçıları geniş müzakirələr apararaq qarşıda dayanan
vəzifələrin həlli üçün təkliflər verdilər.
IP-telefoniyada geniş istifadə olunan Skype- sosial
proqramının köməyi ilə Paris Təhsil Assosiasıyasından
A.M Pauleau “dəyirmi masa”nın müzakirələrinə qatıldı və
öz fikirlərini bölüşdü.
Yekunda “dəyirmi masa”nın məzmununa uyğun olaraq
hədəflər müəyyənləşdirildi. 7-12 iyun 2015-ci il
tarixlərində Fransanın paytaxtı Parisdə keçirilən
“Voyage, apprends et fais apprendre!- Səyahət et, öyrən
və öyrət!” layihəsinin iştirakçılarına sertifikatlar
təqdim olundu.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu |