| 
						
						
						 Noyabrın 
						11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 
						“Ümumdünya Elm Günü”nə və Azərbaycan Milli Elmlər 
						Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm 
						günləri”nə start verilib. 
						
						Universitetin rektoru, professor Ədalət Muradov bildirib 
						ki, “Elm günləri” UNEC-də elmi tədqiqatların 
						stimullaşdırılması məqsədi ilə atılan addımlardan 
						biridir. Tədbirin həmçinin AMEA-nın 70 illik yubileyinə 
						həsr edildiyini vurğulayan rektor əlavə edib ki, bu 
						münasibətlə UNEC-in gənc tədqiqatçı, magistrant və 
						tələbələri arasında elmi məqalə müsabiqəsi elan edilib. 
						Tədbirin sonuncu günü müsabiqəyə yekun vurulacağını qeyd 
						edən rektor, qaliblərin mükafatlandırılacaqlarını 
						bildirib. 
						
						Ə.Muradov ötən dövr ərzində UNEC-də elmi tədqiqat 
						infrastrukturunun yaradılması istiqamətində atılan 
						addımlardan danışıb.  
						
						UNEC-də elmi fəaliyyətin stimullaşdırılması yönündə 
						atılan addımlardan söz açan rektor, ölkənin ali təhsil 
						müəssisələri arasında ilk dəfə diferensial əməkhaqqı 
						sisteminə keçiddən danışıb.  
						
						AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik 
						İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin Azərbaycan 
						elminin inkişafındakı rolundan danışıb. Bildirib ki, 
						Heydər Əliyev hələ Azərbaycana ilk rəhbərliyi dövründə 
						xalqın ümumi intellektual səviyyəsini yüksəltmək üçün 
						böyük işlər görüb. “Əminliklə deyə bilərəm ki, 
						Azərbaycan elminin qızıl dövrü ulu öndərin rəhbərlik 
						etdiyi dövrə təsadüf edib” deyən akademik, bu gün 
						Azərbaycan Prezidenti İlham Əliyevin həmin siyasəti 
						uğurla həyata keçirdiyini vurğulayıb. Dövlət başçısının 
						AMEA-nın 70 illik yubileyindəki çıxışı ölkənin bütün elm 
						adamlarına göstərilən yüksək dövlət qayğısının nümunəsi 
						idi. 
						
						AMEA-nın tarixinə qısa nəzər salan İ.Həbibbəyli 
						akademiyanın inkişafında rolu olan alimlərdən danışıb. 
						Qeyd edib ki, elm tarix boyu cəmiyyətin inkişafında 
						böyük rol oynayıb. Hansı ölkədə elm yüksək səviyyədə 
						inkişaf edibsə, orada dövlətçilik də, cəmiyət həyatının 
						digər sahələri də həmişə öndə olub. Elmin öyrənilməsində 
						müəllimlərin rolu əvəzsizdir - deyən akademik, UNEC-də 
						güclü professor-müəllim heyətinin olduğuna diqqət çəkib. 
						Akademik, UNEC-də gənc nəslin təlim və tərbiyəsi üçün 
						yüksək səviyyədə mühit qurulduğunu bildirib. 
						
						Sonra UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat 
						İnstitutunun direktor müavini, professor Rövşən Quliyev 
						“Elmin iqtisadi inkişafda rolu” mövzusunda məruzə edib. 
						
						“Elm günləri” müasir cəmiyyətdə iqtisad elminin 
						əhəmiyyəti barədə plenar iclaslarla davam etdiriləcək. 
						İxtisas kafedralarında tematik “dəyirmi masa”lar, 
						həmçinin tanınmış alimlərlə görüşlər və elmi mühazirələr 
						də təşkil ediləcək. |