| 
						
						
						 Noyabrın 11-də “ADA” Universitetində təhsil üzrə 
						menecment magistr proqramının açılışı olub. 
						Açılış mərasimində “ADA” Universitetinin rektoru, 
						səfir Hafiz Paşayev rəhbərlik etdiyi ali məktəbdə 
						təhsilin inkişafı sahəsində həyata keçirilən 
						tədbirlərdən, qazanılan uğurlardan danışıb. 
						Rektor, səfir H.Paşayev təhsil üzrə menecment 
						magistr proqramı barədə fikirlərini bildirib. 
						Təhsil nazirinin müavini Ceyhun Bayramov müasir 
						dünyada təhsilin mühüm rolunu, “Azərbaycan 
						Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
						Strategiyası”nın əhəmiyyətini vurğulayıb. 
						Nazir müavini eyni zamanda müvafiq proqramın 
						səmərəli nəticələri olacağına əminliyini bildirib. 
						
						Sonra menecment magistr proqramı haqqında məlumat 
						verilib. 
						
						Qeyd olunub ki, “ADA” Universitetinin təhsilin 
						idarəedilməsi fakültəsi Təhsil Nazirliyinin dəstəyi və 
						ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə təhsil üzrə 
						menecment proqramına qəbul elan edib. Magistr proqramı 
						15 ay müddətində ingilis dilində tədris olunacaq. 
						Dərsləri yerli və xarici professorlar aparacaqlar. 
						Tələbələr təhsil üzrə menecmentdə orta və ya ali təhsil 
						istiqaməti üzrə ixtisaslaşmanı seçə bilərlər. İngilis 
						dili səviyyəsi magistr təhsili üçün məqbul olmayan 
						tələbələrə əlavə dil hazırlığı dərsləri də təklif 
						ediləcək. Təhsil müddətində tələbələr bir sıra praktik 
						seminar və səfərlərdə iştirak edəcək, mübadilə 
						proqramları vasitəsilə xarici təcrübəni öyrənmək imkanı 
						qazanacaqlar. 
						
						Qəbul aprelin 1-dək davam edəcək.  
						
						
						AZƏRTAC  |