| 
						Noyabrın 12-də Təhsil Nazirliyində tələbə 
						təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali 
						məktəblərin prorektor və dekanları ilə görüş keçirilib. 
						Tədbirdə Təhsil Nazirliyinin aparat rəhbərinin 
						müavini Yaqub Piriyev, Elm və ali təhsil şöbəsinin müdir 
						müavini Natiq İbrahimov iştirak ediblər. 
						Görüşdə ““Doktorantlara, ali təhsil, orta ixtisas 
						və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə 
						və şagirdlərinə verilən təqaüdlərin artırılması 
						haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü 
						il 30 avqust tarixli 3108 nömrəli sərəncamında 
						dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası 
						Prezidentinin sərəncamından irəli gələn vəzifələr ali 
						məktəb əməkdaşlarına izah olunub. Bildirilib ki, 
						sərəncama əsasən, ali və orta ixtisas təhsili 
						müəssisələrində əyani formada təhsil alan tələbələrə 
						ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından 
						asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət 
						göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik 
						nailiyyətlərinə görə ödəniləcək. 
						Ölkə başçısının imzaladığı bu sənədin təhsilin 
						inkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq, 
						tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə 
						marağı stimullaşdırmağa və təhsilin keyfiyyətini 
						yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini 
						yaratmağa xidmət etdiyi vurğulanıb. Yeni qayda tələbə 
						təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və 
						ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq 
						olaraq, birinci yarımildən sonra tələbənin dövlət 
						sifarişi və ya ödənişli əsaslarla təhsil almasından 
						asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə 
						həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş 
						tələbələrin ümumi sayı həcmində yüksək akademik 
						göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. 
						Qeyd olunub ki, sərəncam, həmçinin bir sıra sosial 
						yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın 
						tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla 
						təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən 
						tələbələrə təqaüd almaq imkanı yaradacaqdır. Bununla 
						yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil 
						haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı 
						ailələrdən olan tələbələr sosial rifah halını 
						yaxşılaşdırmaq imkanı əldə edəcəklər. 
						Sərəncam təhsilə marağı stimullaşdırmağa və 
						təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan 
						verəcək. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin 
						yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa 
						zəmin yaradacaq. 
						Görüşün sonunda ali məktəblərin prorektor və 
						dekanlarını maraqlandıran çoxsaylı suallar 
						cavablandırılıb. |