Noyabrın 7-də Təhsil Nazirliyi və Dövlət Bayrağı
Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə
“Bayraq yürüşü” keçirilib.
“Bayraq yürüşü”nün əsas məqsədi milli
atributlarımızın və Dövlət Bayrağı Muzeyindəki tarixi
Azərbaycan dövlətləri rəmzlərinin təbliğindən ibarətdir.
Yürüşdə Təhsil Nazirliyinin əməkdaşları,
universitet rektorları, millət vəkilləri, tanınmış
ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT
nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar,
ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin
şagird və tələbələri iştirak ediblər.
“Bayraq yürüşü” Azərbaycan Respublikası Dövlət
himninin səsləndirilməsi ilə başlayıb.
Sonra tədbiri giriş sözü ilə açan təhsil nazirinin
müavini Ceyhun Bayramov qeyd edib ki, başımızın üstündə
dalğalanan üçrəngli bayraq milli istiqlalımızın simvolu
kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs
dövlətçilik rəmzlərindən birinə çevrilib. Ölkəmizin
varlığının təcəssümü olan Dövlət Bayrağı hər bir
azərbaycanlının qürur yeri və mənəvi dayağıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq
bizim azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri
ideallara sadiqliyimizi nümayiş etdirir.
Nazir müavini qeyd edib ki, Azərbaycan bayrağı
1990-cı il noyabrın 17-də ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı olaraq təsdiq edilib: “Azərbaycan
Prezidenti İlham Əliyev dövlət rəmzlərinə hörmət və
ehtiramı təmin etmək məqsədi ilə 9 noyabrın Azərbaycanda
Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqda sərəncam
imzaladı. Eyni zamanda, dövlət başçısı Bakıda Dövlət
Bayrağı Meydanının yaradılması barədə də sərəncam verdi.
Bütün bunlar Azərbaycan bayrağına olan ehtiramın yüksək
göstəricisidir”.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat
rəhbəri Elmir Bağırov, millət vəkilləri və digər
qonaqlar belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə
toxunub, “Bayraq yürüşü” iştirakçılarının sayının ilbəil
artmasının təqdirəlayiq olduğunu bildiriblər.
Daha sonra məktəbdənkənar təhsil müəssisələrinin
şagirdləri bayrağımıza həsr olunmuş şeir, mahnı və
rəqslər ifa ediblər.
2000 nəfərdən çox iştirakçının qatıldığı yürüş
“Azneft” meydanından başlayaraq Dövlət Bayrağı
Meydanınadək davam edib. Yürüş iştirakçıları Dövlət
Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi ilə tanış
olublar.
www.edu.gov.az |