Böyük Britaniyada işgüzar səfərdə olan
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU)
Bakı filialının rektoru, Oksford Universitetinin Nizami
Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri,
professor Nərgiz Paşayeva noyabrın 5-də universitetin
Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri,
misirşünas professor Mark Smitlə Oksford Universitetinin
Qriffit İnstitutunda (The Griffith İnstitute <http://www.griffith.ox.ac.uk/>)
görüşüb.
Qeyd edək ki, bu institut Oksford Universiteti ilə
yanaşı, dünyanın misirşünaslıq üzrə aparıcı elmi
tədqiqat mərkəzlərindəndir. Belə ki, burada Misir fironu
Tutanxamonun sərdabasından tapılan arxeoloji materiallar
və XIX əsrdə almaniyalı alimlərdən ibarət elmi
ekspedisiyanın Misirdə apardığı tədqiqatların
hesabatları saxlanılır.
Görüşdə professor Mark Smit professor Nərgiz
Paşayeva ilə tanış olmaqdan məmnunluq hissi duyduğunu
ifadə edib. Professor M.Smit Oksford Universitetinin
artıq rəsmən qəbul edilmiş bir hissəsi olan Nizami
Gəncəvi Mərkəzinin (<http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home>)
danılmaz əhəmiyyətindən danışıb və Mərkəzin fəaliyyəti
üçün göstərdiyi səylərə görə azərbaycanlı alim,
professor Nərgiz Paşayevaya minnətdarlığını bildirib.
Azərbaycanın və Qafqaz bölgəsinin mədəni irsinin
öyrənilməsinin universitetin Şərqşünaslıq İnstitutu üçün
mühüm elmi əhəmiyyət kəsb etdiyini qeyd edən professor
Mark Smit qısa dövr ərzində Mərkəzin Oksford
Universitetində, eləcə də Qərbdə maraqla qarşılandığını
diqqətə çatdırıb. O, Oksford Universitetinin elmi
pedaqoji heyəti və universitet nəzdində fəaliyyət
göstərən digər elmi mərkəzlərin və başqa ali təhsil
ocaqlarının indi və gələcəkdə Nizami Gəncəvi Mərkəzi ilə
birgə elmi nailiyyətlər əldə edəcəyinə inandığını
vurğulayıb.
Öz növbəsində, Nərgiz Paşayeva professor Mark Smit
ilə görüşməkdən məmnun olduğunu, Azərbaycan elmi irsinin
dünya elmi müstəvisində təmsil olunmasında yeni səhifə
açıldığını və mərkəzin rəhbəri kimi üzərinə düşən bu
ciddi və məsuliyyətli missiyanın həyata keçirilməsindən
qürur duyduğunu bildirib. Xüsusilə qeyd edib ki, Oksford
Universitetinin Nizami Gəncəvi Mərkəzi müstəqillik
illəri ərzində ölkəmizin elm, təhsil sahəsində həyata
keçirilən ən ciddi və davamlı beynəlxalq layihədir.
Ölkəmizin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə
daha geniş tanınması üçün dünya şöhrətli alimlər və
tədris ocaqları tərəfindən öyrənilməsinin vacibliyini
vurğulayan professor Nərgiz Paşayeva Oksford
Universitetinin rəhbərliyinin ona və onun timsalında
Azərbaycan elminə göstərdiyi belə yüksək etimada və
marağa görə öz minnətdarlığını bildirib. Professor
Nərgiz Paşayeva sovet dövründə Azərbaycan elminin belə
imkanlardan tamamilə məhrum olduğunu və bu baxımdan
yaranmış böyük boşluğun mərkəz vasitəsilə aradan
qaldırılmasının vacibliyini qeyd edib. Bundan əlavə,
gələcəkdə Rusiya Federasiyasının nüfuzlu elmi ocaqları -
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti,
Sankt-Peterburq Universiteti və İstanbul Universiteti
ilə sıx əməkdaşlıq planlarının da Oksford
Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyətində
nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra professor Nərgiz Paşayeva həmkarları, o
cümlədən Nizami Gəncəvi Mərkəzinin işçi qrupunun
üzvləri, Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun aparıcı professorları Robert Hoyland və
Edmund Herziq, habelə doktor Pol Vordsvors ilə Oksford
Universitetinin məşhur Aşmolean Muzeyinin qonaq zalında
görüşüb.
Nəinki Birləşmiş Krallığın, eləcə də Avropanın ən
qədim və ilk muzeyi olan Aşmolean Muzeyi Oksford
Universiteti nəzdində fəaliyyət göstərən muzeylərdən ən
məşhuru və böyüyüdür. Muzeydə bəşər tarixi və mədəni
irsinə aid bir çox qiymətli eksponatlar saxlanılır və
xüsusi şəraitdə qorunur.
Görüşdən öncə Nizami Gəncəvi Mərkəzinin Böyük
Britaniya tərəfindən rəhbəri professor Robert Hoyland
professor Nərgiz Paşayevanı Aşmolean Muzeyinin Yaxın
Şərq bölməsi ilə tanış edib və burada saxlanılan qədim
arxeoloji tapıntılar və nadir tarixi eksponatlar
haqqında geniş məlumatlandırıb. 1678-ci ildə təsis
edilən Aşmolean Muzeyində eramızdan əvvəl IX minillikdən
başlayaraq müxtəlif tarixi dövrlərə dair əşyalar,
İntibah dövrünün inciləri, o cümlədən Rafaelə məxsus
incəsənət əsərləri, Misir sivilizasiyasına aid nadir
arxeoloji tapıntılar, qədim Yunanıstana aid Mineya
kolleksiyası, Anqlo-Sakson xəzinələri və dünyanın bir
çox maddi mədəniyyət nümunələri sərgilənir.
Görüş əsnasında işçi qrup tərəfindən mərkəzin cari
fəaliyyətinə dair məsələlər, o cümlədən Oksford
Universitetinin alim və mütəxəssislərindən ibarət
arxeoloji ekspedisiyanın Bərdədə bu ilin sentyabr ayında
başa çatdırdığı qazıntıların ilkin nəticələri barədə
geniş müzakirələr aparılıb. Heyətin rəhbəri, Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun doktoru və
Brasenose Kollecinin elmi tədqiqatçısı P.Vordsvors
aparılan arxeoloji tədqiqatların nəinki Azərbaycan,
bütövlükdə Qafqaz bölgəsinin tarix və mədəni irsinin
öyrənilməsi baxımından yeniliklər vəd etdiyini diqqətə
çatdırıb. Bildirib ki, yaxın gələcəkdə Bərdə Arxeoloji
Ekspedisiyasının (BAE) heyəti Bərdə şəhərində aparılmış
tədqiqatların nəticələri barədə Oksford Universitetində,
daha sonra MDU-nun Bakı filialında geniş elmi hesabat,
eləcə də ictimai təqdimatla çıxış etməyi planlaşdırır. O,
əldə edilmiş maddi mədəniyyət nümunələrinin
ekspedisiyanın ilkin rəyinə əsasən Azərbaycanın tarixi
və mədəni irsinin öyrənilməsi baxımından Qərbdə mövcud
və məlum olan elmi biliklərə mühüm töhfə verəcəyinə
ümidvar olduğunu bildirib.
Qeyd edək ki, doktor Vordsvorsun başçılıq etdiyi
arxeoloji ekspedisiya ilə bərabər Nizami Gəncəvi
Mərkəzinin rəhbərləri professor R.Hoyland və professor
N.Paşayevanın birgə təşəbbüsü ilə Britaniyanın
“Sərhədsiz İrs” (Heritage Without Borders) təşkilatı
Azərbaycanda ilk dəfə olaraq mədəni irsin qorunması
məqsədilə Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb
edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində
bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı
mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə
aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi
mədəniyyət nümunələrinin qorunması və mühafizəsini
təşkil edərək, gələcək nəsillərə ötürülməsini təmin
edir. Məhz bu məqsədlə Bərdə Arxeoloji Ekspedisiyası
çərçivəsində “Sərhədsiz İrs” təşkilatının qəyyumlar
şurasının üzvü və rəhbəri, arxeologiya üzrə mütəxəssis
doktor Dominika D’arkangelo bu il sentyabrın 15-20-də
professor Nərgiz Paşayevanın dəvəti ilə Bakıda və
Bərdədə işgüzar səfərdə olub. Doktor D’arkangelo səfər
zamanı mərkəzin arxeoloji ekspedisiyasının Bərdədə
apardığı qazıntılar ilə yaxından tanış olub və arxeoloji
tapıntıların qorunması və mühafizəsi ilə bağlı heyət
üzvlərinə praktiki tövsiyələrini verib. Sonra
paytaxtımıza qayıdan doktor D’arkangelo professor
N.Paşayeva ilə görüşüb və Bərdə Arxeoloji
Ekspedisiyasının işi, xüsusən aşkar edilən maddi
mədəniyyət nümunələrinin konservasiyası və saxlanma
üsulları haqqında ona məlumat verib. Daha sonra onlar
Azərbaycan Tarixi Muzeyində olublar və orada muzeyin
rəhbərliyi və işçi heyəti ilə fikir mübadiləsi
aparıblar.
Doktor Vordsvors, həmçinin qeyd edib ki,
“Britaniya Şurası” (British Council) təşkilatı da öz
növbəsində Bərdə Arxeoloji Ekspedisiyasının işinə maraq
göstərir və gələcəkdə bu təşkilatla əməkdaşlıq
imkanlarının nəzərdən keçirilməsi arzuolunandır. O,
həmçinin vurğulayıb ki, bu günə qədər Bərdə şəhərinin
tarixi, onun Qafqaz Albaniyasının mədəni-iqtisadi,
hərbi-inzibati mərkəzi olduğu dövrə aid bir sıra
məsələlər bəzən yetərli dərəcədə sübutlu, möhkəm elmi
faktlar olmadan araşdırılıb və Oksford Universitetinin
Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə qədim mənbələrin
əsasında ciddi elmi-akademik tədqiqatların aparılmasına
böyük ehtiyac duyulur.
Həmçinin çox dəyərli faktdır ki, Bərdə Arxeoloji
Ekspedisiyasının ilkin tapıntıları haqqında rəsmi elmi
hesabata dair məruzə etmək üçün P.Vorsdvors bu il
noyabrın 18-21-də Oksford Universitetinin Nizami Gəncəvi
Mərkəzini təmsil edərək ABŞ-ın Şərqşünaslıq üzrə
Tədqiqatlar İnstitutunun (ASOR - “American Schools of
Oriental Studies” <http://www.asor.org/about/index.html>)
dəvəti ilə Corciya ştatının Atlanta şəhərində
keçiriləcək illik konfransa dəvət olunduğunu və bu
beynəlxalq tədbirdə iştirak edəcəyini diqqətə çatdırıb.
Qeyd olunmalıdır ki, “ASOR” 1900-cü ildə ABŞ-ın
Harvard, Prinston, Yel, Kolumbiya və digər mötəbər
universitetlərinin şərqşünaslıq sahəsində tədqiqatların
aparılması məqsədilə birgə təsis edilmiş nüfuzlu
elmi-tədqiqat müəssisəsidir.
İşçi qrupun üzvləri mərkəzin digər layihələrini də
müzakirə ediblər. Akademik Yevgeni Bertelsin müəllifi
olduğu “Dahi Azərbaycan şairi Nizami” kitabının ingilis
dilinə tərcüməsinin sona çatdığını qeyd edən professor
E.Herziq hazırda kitabın nəşrə hazırlandığını və gələn
ilin əvvəlində çap olunacağını qeyd edib.
Öz növbəsində professor N.Paşayeva həmin kitabın
ilk dəfə ingilis dilinə tərcümə edilməsini bildirərək
onun ümumiyyətlə 1941-ci ildən bəri ilk dəfə yenidən
nəşr olunacağını və bu layihənin Oksford Universitetinin
Nizami Gəncəvi Mərkəzinin ilk tərcümə işi olmasından
məmnunluq hissi keçirdiyini bildirib. İşçi qrupun
üzvləri, həmçinin gələcəkdə mərkəz tərəfindən ingilis
dilinə tərcümə olunacaq digər kitabların siyahısını
müzakirə ediblər.
Görüşü yekunlaşdıran Oksford Universitetinin
Nizami Gəncəvi Mərkəzinin Oksford Universiteti
tərəfindən rəhbəri, professor R.Hoyland mərkəzin ötən
dövr ərzindəki fəaliyyətini müsbət dəyərləndirib:
“Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün
Böyük Britaniyada Azərbaycanı öyrənən rəsmən tanınmış,
nüfuzlu və yüksək statusa malik yeganə elmi mərkəzdir”.
O, belə bir ciddi elmi təşkilatın öz işlərini uğurla
davam etdirməsində əzmkarlığa görə həmkarı N.Paşayevaya
minnətdarlığını bildirib. 2016-cı ilin əvvəlində Oksford
Universitetinin rəhbərliyi ilə nəzərdə tutulan görüşləri
diqqətə çatdıran professor R.Hoyland Nizami Gəncəvi
Mərkəzinin Azərbaycan haqqında Qərbdə mövcud olan elmi
biliklərin zənginləşməsinə töhfə verəcəyinə əmin
olduğunu söyləyib. Dünya şöhrətli Oksford Universiteti
səviyyəsində Azərbaycanın adının uca tutulduğuna görə
mərkəzin yaranması və mövcudluğunu tarixi uğur kimi
xüsusi qeyd edib. Professor R.Hoyland Oksford
Universitetində Azərbaycanın mədəni və tarixi irsinin
ciddi məkanda - Oksford Universitetində elmi əsaslarla
öyrənilməsi üçün professor N.Paşayevanın ilk
azərbaycanlı alim kimi irəli sürdüyü digər təşəbbüsləri
də xüsusi olaraq vurğulayıb.
Professor Nərgiz Paşayeva Britaniyaya səfəri
zamanı 2007-ci ildən həmsədr olduğu İngiltərə-Azərbaycan
Cəmiyyətinin britaniyalı həmsədri Lord Germanla da
görüşüb. Bu görüşdə cəmiyyətin cari fəaliyyəti və
layihələri geniş müzakirə edilib. Həmsədrlər
M.V.Lomonosov adına MDU-nun Bakı filialının tələbələri
arasında dahi ingilis şairi U.Şekspirin yaradıcılığına
dair keçirilmiş inşa müsabiqəsinin nəticələrinə və
Bülbül adına Bakı Musiqi Məktəbi ilə İngiltərənin ən
qədim ixtisaslaşmış musiqi məktəblərindən sayılan
Purcell Məktəbi arasında əməkdaşlığa dair məsələlərə
toxunublar.
1962-ci ildə əsası qoyulan və İngiltərənin ən
qədim ixtisaslaşmış musiqi məktəbi olan Purcell Məktəbi
2003-cü ildə UNESCO-nun Mosart mükafatını qazanıb və bu
mükafat məktəbin himayədarı olan Şahzadə Çarlza təqdim
edilib. Nərgiz Paşayevanın təşəbbüsü ilə Purcell Məktəbi
ilə Bülbül adına Musiqi Məktəbi arasında əlaqələrin
qurulması prosesinə başlanılıb və bu məktəblər arasında
tələbə mübadiləsi imkanları müzakirə mövzusu olub.
Professor Nərgiz Paşayeva öz növbəsində Bülbül
adına Musiqi Məktəbinin direktoru və iki azərbaycanlı
şagird ilə Londona gələrək Purcell Məktəbini ziyarət
edəcəklərini diqqətə çatdırıb və bunun
ixtisaslaşdırılmış musiqi məktəbləri arasında gələcək
əməkdaşlığa əlverişli zəmin yaradacağına ümidvar
olduğunu söyləyib.
U.Şekspirin yaradıcılığına dair inşa müsabiqəsinə
gəlincə, bu təşəbbüs N.Paşayevanın dəvəti ilə bu ilin
fevral ayında Bakıya səfər edən Lord Germanla görüş
zamanı irəli sürülüb. O zaman həmsədrlər MDU-nun Bakı
filialında ingilis dili üzrə ixtisaslaşan bakalavr və
magistr tələbələri ilə filologiya fakültəsində
görüşmüşdülər. Görüşdə Nərgiz Paşayeva və Lord German
qərara gəliblər ki, universitet tələbələri arasında dahi
ingilis şairi Uilyam Şekspirin yaradıcılığına dair inşa
müsabiqəsi keçirilsin. Cəmiyyətin sponsorluğu ilə inşa
müsabiqəsinin qalibinin Şekspirin doğma şəhərinə -
Statford apon Avona tanışlıq səfərinin təşkil edilməsi
nəzərdə tutulub.
İnşa müsabiqəsinə dair aparılan işlərdən bəhs edən
N.Paşayeva səkkiz tələbə tərəfindən yazılan inşanın
artıq müsabiqə komissiyası tərəfindən
qiymətləndirildiyini və bu günlərdə qalibin adının elan
olunacağını bildirib. Nəticə olaraq həmsədrlər
tərəfindən inşa müsabiqəsinin qalibinin U.Şekspirin
vətəninə nəzərdə tutulan səfərinin 2016-cı ilin
əvvəlində həyata keçirilməsi qərara alınıb.
Sonda həmsədrlər İngiltərə-Azərbaycan Cəmiyyətinin
digər planlarından və layihələrindən bəhs ediblər.
AZƏRTAC |