Heydər Əliyev Fondunun fəaliyyətinin əsas
istiqamətlərindən biri uşaqların sağlam, bilikli,
vətənpərvər kimi böyüməsidir. Bu məqsədə nail olmaq üçün
Fond uşaq müəssisələrinin müasir standartlar
səviyyəsində fəaliyyət göstərməsinə xüsusi diqqətlə
yanaşır.
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində
yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçası da Heydər
Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yenidən
qurulub.
Noyabrın 12-də körpələr evi-uşaq bağçasının
açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq
bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Burada bütün işlər Heydər Əliyev Fondunun
məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramında
nəzərdə tutulan tədbirlər çərçivəsində görülüb.
Proqramın 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən
təqdimatı zamanı bu müəssisələrdə mövcud vəziyyət
müzakirə edilib, aparılan monitorinqin nəticələri
açıqlanıb, yeni uşaq bağçalarının inşasına ehtiyacın
olduğu müəyyənləşdirilib. Mərdəkan qəsəbəsində yenidən
qurulan körpələr evi-uşaq bağçası da bu istiqamətdə
atılan addımlardan biridir.
1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq
bağçasının binası yenidənqurmadan sonra iki mərtəbədən
ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə
alırdısa, indi 10 qrupdan ibarət bağçada 2-6 yaş
arasında 200 uşağa qayğı göstəriləcək. Burada
balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət
məşğul olacaq. Uşaqların zövqünə uyğun qurulan, onların
rahatlığını, istirahətini və ilkin biliklərə
yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng
inventarla təchiz edilib. Burada balacaların bacarıq və
istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait
yaradılıb. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis
dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının
həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə
qurğuları quraşdırılıb.
Xəzər rayonunda görülən işlərə, o cümlədən ən
müasir standartlar səviyyəsində qurulan yeni bağçanın
inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
sakinlər adından minnətdarlıq bildirildi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
sakinlərə salamlarını çatdırmağı xahiş etdi.
AZƏRTAC |