Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik
yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yığıncaqda iştirak edib. Dövlətimizin başçısı AMEA-nın
ümumi yığıncağında nitq söyləyib.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar, əziz dostlar!
İlk növbədə, mən sizi və bütün Azərbaycan xalqını
Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm!
Biz bu əziz gündə Azərbaycan Milli Elmlər Akademiyasının
70 illik yubileyini qeyd edirik. Bu münasibətlə də bütün
Azərbaycan alimlərini ürəkdən təbrik edirəm, onlara yeni
uğurlar, nailiyyətlər arzulayıram!
Bu 70 ildə Akademiya böyük və uğurlu yol keçmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin
intellektual potensialının möhkəmlənməsinə çox dəyərli
töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli
töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər
Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol
oynayır, alimlər öz elmi araşdırmalarını apararaq
ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.
Mən çox istəyirəm ki, Azərbaycan alimləri
gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal
rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi
potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir
ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi
ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O
ölkələr ki bu texnologiyaların sahibidir, əlbəttə, onlar
dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə
müdafiə edə bilirlər.
Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu
gün biz çalışırıq ki, həyatımızın müxtəlif
istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana
gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də
gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha
səmərə ilə qura bilsinlər.
Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində
Akademiyanın işinə münasibət o qədər də müsbət deyildi.
Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə o vaxtkı
hakimiyyət hətta Akademiyanın bağlanması ilə bağlı
təklif irəli sürmüşdü. Ümumiyyətlə, o vaxtkı rəhbərlik
hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına
ehtiyac yoxdur.
Bu,
çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu
öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son
qoyuldu. Ulu öndərin ictimaiyyətlə ilk görüşü məhz
alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu.
O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına
çox böyük diqqət göstərilir. Bu sahə bu gün də prioritet
sahələrdən biridir.
Əlbəttə ki, müstəqilliyimizin ilk illərində bizim
maliyyə vəziyyətimiz indiki kimi deyildi. Azərbaycan çox
ağır dövr yaşayırdı. Həm siyasi böhran, hərbi böhran,
vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına
düşməsi və iqtisadi tənəzzül, əlbəttə, imkan vermirdi ki,
Akademiyanın inkişafına lazımi səviyyədə maliyyə vəsaiti
ayrılsın. Ancaq o vaxt da imkan daxilində bu məsələlər
öz həllini tapırdı.
Əlbəttə, indiki dövrdə Azərbaycan artıq dünya miqyasında
öz iqtisadi inkişaf modelini ortaya qoyub və iqtisadi
inkişaf templərinə görə çox böyük rəğbətlə qarşılanır.
Ona görə də bu gün biz Akademiyanın işinə daha da böyük
həcmdə vəsait ayıra bilirik, bunu edirik. Onu da qeyd
etməliyəm ki, bu sahədə alimlərin, elmi ictimaiyyətin
təklifləri də nəzərə alınır. Mən xatırlayıram ki, dörd
il bundan əvvəl bu binada, bu salonda çıxış edərək
fikirlərimi bildirmişdim. O vaxt çıxış edən alimlər də
təkliflərini irəli sürmüşdülər. O təkliflərin demək olar
ki, hamısı ya icra edilibdir, ya da icra edilir.
Son illər ərzində Akademiyanın maddi-texniki bazası
möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya
institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana
kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası
əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina
tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin
siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi
inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla
bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət
proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra
olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun
yaradılması da bu istiqamətdə atılan çox önəmli
addımdır. Çünki bu fond imkan yaradır ki, həm gənc
alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar
aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına
müsbət təsir göstərir.
Bu gün bu salonda alimlər qarşısında çıxış edərkən
ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda
rolu ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm.
Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan
və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş
görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar
olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr,
təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır.
Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən
nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə
hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara
arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə
təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran
zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər
aparmalıdır.
Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət
apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq
münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir.
Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində
qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir
və bütün səylərimiz bu məqsədə xidmət göstərir.
Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri
izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə
qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail
ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan
sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır.
Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində
yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək
tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava
Azərbaycanda daha da güclənəcək.
Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran
hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz
iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq.
Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan
ibarət idi ki, neft-qaz amilindən asılılığımızı maksimum
dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının
şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş
yerlərinin, sənaye müəssisələrinin yaradılması
məsələlərini həll edək. Hələ 2004-cü ildə birinci
Regional İnkişaf Proqramının qəbulu məhz bu məqsədi
güdürdü. Şadam ki, bu proqramlar artıq ardıcıllıqla icra
edilir və bölgələrin siması dəyişilib. Yeni müəssisələr,
sosial obyektlər, infrastruktur layihələri ölkəmizi
gücləndirir və neft-qaz amilindən asılılığımızı böyük
dərəcədə azaldır. Əgər ümumi daxili məhsulumuzun
strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru
burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm
daha da aşağı düşməlidir.
Ancaq bununla bərabər, bu gün biz iqtisadiyyatın yeni
modeli haqqında düşünürük. Hökumətə, dövlət qurumlarına
müvafiq göstərişlər verilmişdir və çox istərdim ki,
bizim alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər.
Əminəm ki, bizim iqtisadi inkişaf dinamikamız davam
edəcəkdir. Çünki bunun təməlində həm artıq görülmüş
işlər, infrastruktur layihələri, gözəl investisiya
iqlimi dayanır, eyni zamanda, dünyanın mötəbər iqtisadi
qurumları da fəaliyyətimizi yüksək qiymətləndirirlər.
Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu hesab edir
ki, bu bölgədə - Şərqi Avropada gələcək illərdə ən
yüksək iqtisadi templərlə inkişaf edən ölkə Azərbaycan
olacaqdır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi
Forumu ölkə iqtisadiyyatlarının
rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə
layiq görüb. Bu, çox böyük nəticədir. İki yüz ölkənin
arasında 40-cı yeri tutmaq, bir çox inkişaf etmiş
ölkələri qabaqlamaq doğrudan da böyük nailiyyətdir və
bunu biz neftin, qazın hesabına əldə etməmişik.
Düşünülmüş siyasət, iqtisadi islahatlar bunu mümkün
etmişdir. Biz çalışmalıyıq ki, bu yüksək templəri
növbəti illərdə də saxlayaq və beləliklə, iqtisadi
inkişafı uzunmüddətli, dayanıqlı edək.
Çünki bizim iqtisadi uğurlarımız və iqtisadi
müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Əgər
biz başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq müstəqil
siyasət apara bilməzdik. Bizim gücümüz məhz bundadır.
Ona görə də biz çalışırıq ki, daxili resurslardan
maksimum dərəcədə istifadə edək və heç kimdən asılı
olmayaq. Asılı oldunsa, gərək başqasının sifarişlərini
yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən. Biz
istəmirik ki, heç kimdən asılı olaq. İstəyirik ki, öz
yolumuzla gedək, xalqımız daha da yaxşı yaşasın,
dövlətimiz daha da güclənsin. Bir daha demək istəyirəm
ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin
əsasıdır. Ona görə hesab edirəm ki, alimlər bu yeni
vəziyyətlə bağlı öz dəyərli təkliflərini verməlidirlər
və verəcəklər.
Bir məsələni də əlavə etmək istəyirəm. Azərbaycanda çox
müsbət demoqrafik vəziyyət mövcuddur. Bu da son illər
ərzində ölkənin inkişafı ilə bağlıdır. Çünki əgər biz
demoqrafiyanın statistikasına nəzər yetirsək, görərik ki,
ölkəmiz üçün ən ağır illərdə demoqrafik vəziyyət çox
mənfi idi. Ancaq ölkə iqtisadiyyatı inkişaf etməyə
başlayandan, sabitlik tam bərqərar olandan sonra
demoqrafik vəziyyət yaxşılaşdı. Bu gün Azərbaycan
əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon
səviyyəsinə çatacaqdır. Əlbəttə ki, bu, bizim böyük
sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də
o qədər güclü olacaqdır. Ancaq bu vəziyyət, eyni zamanda
bir çox məsələlərin həllini diktə edir. Artan əhali
artan iş yerləri deməkdir. Biz son on il ərzində bir
milyondan artıq daimi iş yeri açdıq. Ancaq bu proses
davam etməlidir. İş yerlərinin açılması üçün həm dövlət
investisiyaları, həm də xarici investisiyalar
qoyulmalıdır. İndi bizim gəlirlərimiz azalır, bu,
təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan
da aşağı səviyyəyə düşübdür. Biz gələn ilin dövlət
büdcəsində ixtisarlar etmişik, bəzi investisiya
layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin
yaradılması gələcəkdə investisiya iqliminin daha da
yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki,
Azərbaycana daha çox xarici sərmayə cəlb edək.
Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz
demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər.
Burada sosial yük artacaq, yəni yeni uşaq bağçaları,
yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri
yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər
inşa edilməlidir. Bunun üçün torpaq sahələri lazımdır.
Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma
ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü
böyük olacaqdır. Yəni, bütün bunlar reallıqdır. Əgər biz
bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük
problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən
bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün
istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə
müəyyən etməliyik.
Bu günə qədər və hətta bu gün bizim əsas vəzifəmiz
infrastruktur layihələri idi. Biz onları Bakıda və
bölgələrdə icra edirik. Əlbəttə, elektrik enerjisi ilə
təchizat, qazlaşdırma, içməli su, meliorasiya, kənd
yolları, magistral yollar, təmir işləri bundan sonra da
davam edəcək. Ancaq bunlarla bərabər, mütləq yeni
yanaşma da olmalıdır.
Son illər ərzində sənayenin inkişafı ilə bağlı çox ciddi
addımlar atılmışdır. Bunun nəticəsidir ki, bu ilin
doqquz ayında bizim qeyri-neft sənayemiz 10 faizdən çox
artıbdır. İndiki şəraitdə bu, tarixi nailiyyətdir.
Hazırda Azərbaycanda reallaşan və planlaşdırılan böyük
sənaye layihələri gələcəkdə qeyri-neft potensialımızı
gücləndirəcək, ixrac potensialımızı böyük dərəcədə
artıracaq. Texnoparklar yaradılır. Kimya Sənaye Parkının
artıq təməli qoyulubdur. Orada artıq ilk müəssisələr
yaradılıb. Azərbaycan alimləri bütün bu işlərdə fəal
iştirak etməlidirlər. Əlbəttə ki, bütün bu istiqamətdə
inşaat və mühəndislik işlərini xarici podratçılar icra
edirlər. Ancaq müvafiq dövlət qurumlarına göstəriş
verilmişdir ki, Azərbaycan alimlərini də bu işə cəlb
etsinlər. Xahiş edirəm ki, alimlər özləri də bu işlərdə
fəallıq göstərsinlər.
Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük
işlər görülübdür. Biz özümüzü bütün əsas ərzaq
məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz
təmin edirik. Bu proses davam etdiriləcəkdir. Son illər
ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı
yaradılmışdır. Bu təsərrüfatlarda bir hektarda
məhsuldarlıq 55-60 sentnerdir. Yəni, ümumi
məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada
elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur,
onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında
alimlərin çox böyük zəhməti var. Nəzərə alsaq ki,
əhalimizin təxminən 50 faizi aqrar bölgələrdə yaşayır,
gələcəkdə kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm
sosial məsələ kimi daim gündəlikdə olacaqdır.
Təsadüfi deyil ki, bu il Azərbaycanda “Kənd təsərrüfatı
ili” elan edilmişdir. Bu ilin 9 ayında kənd təsərrüfatı
təxminən 7 faiz artmışdır. Bu da çox böyük göstəricidir.
İndi Azərbaycan dövləti suvarma, meliorasiya işlərinə
böyük sərmayə qoyur. İki böyük su anbarı - Taxtakörpü və
Şəmkirçay su anbarları tikilib. Bu, tarixi nailiyyətdir.
İndi suvarılan torpaqların sahəsi böyük dərəcədə artır
və artacaq. Yeni suvarılan və suvarılması
yaxşılaşdırılan torpaq sahələri 100 min hektarla
ölçüləcək. Burada mütləq elmi yanaşma olmalıdır. Biz
burada xaotik vəziyyətə imkan verə bilmərik. İşlər
planlı şəkildə görülməlidir ki, hansı sahələrdə hansı
məhsullar yetişdirilsin. O məhsulların yetişdirilməsi
üçün dövlət hansı işləri görməlidir? Burada alimlərin
sözü əsas olmalıdır. Müvafiq qurumlara - həm
İqtisadiyyat və Sənaye Nazirliyinə, həm də Kənd
Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, görüləcək
bütün işlər elmi əsaslar üzərində qurulmalıdır. Xahiş
edirəm, Azərbaycan alimləri də, Milli Elmlər Akademiyası
da bu işlərə çox fəal qoşulsunlar.
Biz ixrac potensialımızı böyük dərəcədə artıra bilərik.
Yəni, biz dünya bazarlarına daha böyük həcmdə kənd
təsərrüfatı məhsulları ilə çıxa bilərik. Beləliklə,
fermerlərin həyat səviyyəsini böyük dərəcədə
yaxşılaşdıra bilərik. Bizim gələcək inkişafımızı sənaye
və kənd təsərrüfatı sahələri müəyyən edəcək. Ona görə
dövlət siyasəti birmənalıdır. Dövlət qurumlarına
göstərişlər verilib. Alimlərdən xahiş edirəm ki, bu
məsələ ilə çox ciddi məşğul olsunlar.
Burada mənim son çıxışımdan ötən illər ərzində
Azərbaycanda çox əlamətdar hadisələrdən biri də kosmik
sənayenin yaradılması olmuşdur. Birinci
telekommunikasiya peyki orbitə çıxarıldı. Ondan sonra
Yer səthini müşahidə etmək üçün orbitə peyk buraxıldı.
İndi biz üçüncü peykin buraxılması ilə məşğuluq.
Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni elmi
sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə
beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu
sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq
müxtəlif tədbirlər – seminarlar, konfranslar,
elmi-praktik tədbirlər keçirilməlidir. Biz kadr
potensialının hazırlanması işində daha da fəal
olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq
yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox
olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim
siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq:
müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi.
Bunlar olmasa, biz istədiyimiz qədər inkişaf edə
bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin
sırasına daxil olaq və imkanlar da var. Çünki kadr
potensialı güclüdür. Təhsil lazımi səviyyədədir.
Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün
əsas bazadır. Elmin inkişafına diqqət və qayğı
göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan
ibarətdir ki, bütün bu strategiyamızı düzgün
planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan
bu sahədə də birincilər sırasında olsun.
Azərbaycanda hərbi sənaye yaradılıbdır. Artıq 10 ildir
ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıbdır. Əgər o vaxt
bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu
sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz hazırda
mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik.
Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü
təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə
şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan
texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik.
Bəzi hallarda embarqolar var. Onların heç bir əsası
yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu
gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal
sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak
edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz
əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca
biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan
bütün növ silahları gələcəkdə özümüz istehsal edə
bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik.
Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün
çox geniş bir meydan var. Azərbaycan dövləti də öz
tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da
böyük dərəcədə cəlb etsin.
Əlbəttə ki, iqtisadi inkişafımızın ənənəvi neft-qaz
sahəsi haqqında da bir neçə kəlmə demək istəyirəm.
Alimlər yaxşı bilir ki, Xəzər dənizinin bütün neft-qaz
yataqlarını Azərbaycan alimləri kəşf ediblər.
Azərbaycanın elmi məktəbi olmasaydı, bu yataqlar kəşf
edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf
ediləcəkdi. Bu gün Azərbaycan alimləri ölkədə aparılan
neft-qaz əməliyyatlarının uğurla həyata keçirilməsində
mühüm rol oynayırlar. Həm xarici tərəfdaşlarla
əməkdaşlıqda, həm də Azərbaycan Dövlət Neft Şirkətinin
həyata keçirdiyi layihələrdə iştirak edirlər. Əlbəttə,
bizim üçün bu sahə də strateji sahədir. Bizim neft-qaz
yataqlarımız kifayət qədər böyükdür. Qaz yataqlarımızın
ehtiyatları azı 100 il özümüzə və tərəfdaş ölkələrə
ixrac etmək üçün kifayət edəcək. Əlbəttə, bizim
alimlərimiz də dünyada bu sahədə mövcud olan və yeni
yaranan texnologiyalarla tanış olmalıdırlar. Çünki son
illər ərzində bu sahədə böyük bir inkişaf müşahidə
olunur. Əvvəlki illərdə qaza bilmədiyimiz dərinliklərə
indi biz nəinki asanlıqla quyular qazırıq, hətta Bakıda,
yerin ən dərin qatında qazma işləri apara biləcək böyük
qazma qurğuları inşa edilir. Ona görə bu sahə həm bizim
üçün, həm də tərəfdaşlarımız üçün strateji sahədir.
Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi
tanınır, neft-qaz sektorunda, bəzi ölkələrin enerji
təhlükəsizliyinin təmin edilməsində həlledici rol
oynayır. Bir neçə ildən sonra bizim tərəfdaşlarımızın
sayı daha da artacaq. Çünki “Cənub” qaz dəhlizinin
icrasından sonra 10-a yaxın, gələcəkdə ondan da çox ölkə
Azərbaycan qazını əldə etmək üçün imkan qazanacaq. Ona
görə ki, bu sahədə də Azərbaycan liderliyi öz üzərinə
götürmüşdür. “Cənub” qaz dəhlizinin, TANAP layihəsinin
nəinki təşəbbüskarı, aparıcı qüvvəsi də Azərbaycandır.
Biz, eyni zamanda, öz maliyyə resurslarımızı da bu
sahəyə yönəldirik.
Əlbəttə, alimlərin qarşısında duran vəzifələr çoxdur.
Mən burada hər bir vəzifə haqqında öz fikirlərimi desəm
yəqin ki, çox vaxt gedər. Hesab edirəm ki, dediklərim
kifayətdir. Çünki mənim əsas istəyim ondan ibarətdir ki,
ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər
tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin.
Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün
deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının
güclənməsinə yönəlməlidir.
Çıxışımın sonunda humanitar elmlər haqqında bir neçə
kəlmə demək istəyirəm. Bu sahə daim diqqət
mərkəzindədir. Azərbaycanda son illər ərzində keçirilən
müxtəlif tədbirlər – Bakı Humanitar Forumu,
Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı
dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir.
Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni
zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal
həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli
mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox
təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm
iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış,
həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin
alternativi yoxdur. Nədir alternativ – ksenofobiya,
diskriminasiya, ayrı-seçkilik, irqçilik. Əfsuslar olsun
ki, biz bütün bunları hər gün televizorlarda görürük.
Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur. Hesab
edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha
da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin
tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi
əsaslandırmalar və dövlət siyasəti əsasında həm
Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük
elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə
elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox
faydalı olacaqdır.
Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan
bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz,
xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur.
Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında
Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq,
millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin,
imperiyaların tərkibində yaşadığımız, müstəqil
olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi
qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını
qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə
ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi
hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır,
bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o
qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac
yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu
dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz
Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə,
bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox
xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk
növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən,
imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr
daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük.
Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin
çıxışlarında, bəzi televiziya verilişlərində, Milli
Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir.
Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis
deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni
kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur.
Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək
nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu
sahədəki ən böyük nailiyyətimiz olacaqdır.
Sonda tarix elmləri ilə bağlı bir neçə kəlmə demək
istəyirəm. Azərbaycanın çox zəngin tarixi vardır.
Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu
yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya
miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə?
İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər
zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı
təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini
ermənilər təhrif etməyə çalışırlar və diaspor
imkanlarından istifadə edərək, bəzi hallarda buna nail
olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi
Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında
kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə
ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim
tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda
əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi
Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin
əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş
xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki
Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin
mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir.
Budur reallıq! İrəvan xanlığının əhalisinin 70-80 faizi
azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə
İrəvan xanlığı haqqında çox sanballı elmi əsər
yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu
əsərlər faktlar, həqiqətlər üzərində yaradılır.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”,
“Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə
bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi
adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun
“Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin
rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu
biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə
bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim
haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii
ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya
ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla
məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli
torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa
yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan
köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər, biz bunu
yaxşı bilirik. Bütün bunları biz gərək kitablar
formasında daha da geniş şəkildə yayaq və beləliklə,
bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli
torpağımızdır.
Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə
həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il
biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab
edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər
yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər.
Əziz dostlar, Akademiya üzvləri, alimlər, mən sizi bir
daha salamlayıram, Akademiyanın 70 illiyi münasibətilə
təbrik edirəm. Sizi əmin edirəm ki, mən gələcəkdə də
Akademiyanın inkişafına daim diqqət göstərəcəyəm və
Akademiya qarşısında duran bütün vəzifələrə daim dəstək
olacağam. Sağ olun!
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik Akif Əlizadənin çıxışı
-
Möhtərəm cənab Prezident!
İcazə verin, ilk növbədə, dərin məzmunlu nitqinizə görə
Sizə bütün Azərbaycan alimləri adından təşəkkürümü
bildirim. Müəyyən etdiyiniz hədəflər, qaldırdığınız
problemlər və qarşıya qoyduğunuz vəzifələr bizim gələcək
fəaliyyət proqramımızın əsasını təşkil edəcək. Sözsüz ki,
bütün bunları gerçəkləşdirmək üçün bizə mövcud
potensialımızla yanaşı, kreativ düşüncəyə malik gənclər,
yeni texnologiyalara və innovasiyalara yiyələnməyə qadir
insanlar, maddi-texniki bazamızın müasir tələblər
səviyyəsinə qaldırılması və bir sıra sosial
problemlərimizin həlli gərəkdir. Əminəm ki, Akademiyaya
göstərdiyiniz diqqət və qayğı sayəsində bunların hamısı
həyata keçiriləcəkdir. Bir daha Sizə dərin təşəkkür və
minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, hörmətli alimlər, əziz
qonaqlar!
9 noyabr – Azərbaycanda gözəl bayram günüdür. Bu, Dövlət
Bayrağı Günüdür. Onun rəngləri bizi daim müasirləşməyə,
milli mənəvi dəyərlərimizi qorumağa və Azərbaycanın
müstəqilliyinin keşiyində dayanmağa sövq edir.
Akademiyanın ilk üzvlərindən olan Üzeyir bəy
Hacıbəylinin bəstələdiyi himn, dövlət gerbimiz kimi,
Akademiya da dövlətçiliyimizin əsas rəmzlərindən biridir.
Fərəhli haldır ki, Azərbaycan Milli Elmlər
Akademiyasının yubileyini biz belə gözəl gündə qeyd
edirik. Bunun dərin rəmzi mənası vardır. Çünki
Azərbaycan elmi də əslində bayrağımız kimi
dövlətçiliyimizin rəmzlərindəndir. Bu mənada
Akademiyanın yubileyi bizim üçün ikiqat bayramdır.
Bizim bu yubileyi xüsusi rövnəqləndirən həm də odur ki,
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə
Akademiyanın 70 illiyi münasibətilə alimlərimizin böyük
bir qrupunun təltifi haqqında xüsusi sərəncamlar
imzalayıb. Bu gün isə cənab Prezident bizim əziz
qonağımızdır.
İcazə verin, sizin hamınızı elmimizin bayramı
münasibətilə təbrik edim. Hər birinizə cansağlığı, uzun
ömür və Azərbaycan Respublikasının inkişafı, onun
elminin yüksəlişi naminə böyük uğurlar diləyim.
Hörmətli yığıncaq iştirakçıları! Qədim sivilizasiyanın
əsas məskənlərindən olan Azərbaycanda uzun əsrlərdən
bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat,
etika, coğrafiya, fizika, kimya, tibb və sair elm
sahələri bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf edib.
Bugünkü Elmlər Akademiyası əsrlər boyu inkişaf etmiş və
püxtələşmiş Azərbaycan elminin varisidir. Qədim
dövrlərdən orta əsrlərə qədər Azərbaycan elminin
səviyyəsini dolğun əks etdirən güzgü Nizaminin
əsərləridir. Nizami əyani surətdə sübut etdi ki, bir
tərəfdən yunan-Roma mədəniyyətinin varisləriyik, digər
tərəfdən isə müsəlman intibahını yaradan və Avropaya
renessansı ərməğan edən mədəniyyətlərdən biriyik.
Azərbaycan Elmlər Akademiyası qədim və zəngin ənənələr
əsasında 1945-ci ilin mart ayında yaradılıb. 1945-ci il
martın 31-də isə Azərbaycan Elmlər Akademiyası yaranma
tarixini böyük ümumi yığıncaqla qeyd edib. Bu,
Azərbaycanın həyatında yeni atributun yaranmasını
göstərən təntənəli hadisə idi.
Azərbaycan elminin ənənələrini davam etdirən
Akademiyanın ilk üzvləri bütün ömürləri boyu yüksək
fədakarlıqla elmə xidmət ediblər. Mən onların adlarını
bir daha səsləndirərək böyük hörmətlə hər birinin parlaq
xatirəsini yad etmək istərdim. Onlar dahi Üzeyir
Hacıbəyli, Mirəsədulla Mirqasımov və Səməd Vurğun, Yusif
Məmmədəliyev və Aleksandr Qrossheym, Heydər Hüseynov və
Mustafa Topçubaşov, İosif Yesman və Mirzə İbrahimov,
Mikayıl Hüseynov və Şamil Əzizbəyov, Mirəli Qaşqay və
Sadıq Dadaşov, Ələşrəf Əlizadə və İvan Şirokoqorovdur.
Bu adlar elmimizin tarixinə qızıl hərflərlə yazılıb.
Akademiya inkişaf etdikcə onun sovet və dünya elminə
töhfələri, respublika qarşısında duran problemlərin
həllindəki rolu da artmaqda idi. 70 il ərzində
Azərbaycan alimləri çoxlu sayda elmi nailiyyətlərə imza
atıblar. Onların şərəfli əməyi layiqincə
qiymətləndirilib, Azərbaycan alimləri yüksək dövlət
mükafatlarına, müxtəlif orden və medallara layiq
görülüblər. Bu proses - alimlərimizin əməyinin
qiymətləndirilməsi, onların mükafatlandırılması bu gün
də davam etməkdədir.
Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində ən
parlaq mərhələ 1970–1985-ci illəri əhatə edən dövrdür.
Akademiya tarixinin bu mərhələsi xalqımızın ümummilli
lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bu
dövrdə Azərbaycan Elmlər Akademiyasında neft və qaz
yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji
mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli,
həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün
xammal bazasının, kimya texnologiya komplekslərinin
yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar,
filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı
yataqlarının tədqiqi, energetika, mexanika, fizika,
riyaziyyat, astronomiya, informatika sahələrində mühüm
əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu
elmi məktəblərin yaradılması və s. istiqamətlərdə
nailiyyətləri qeyd etmək olar.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Akademiyanın
həyatında çətin, mürəkkəb və dramatik bir mərhələ
başladı. SSRİ-nin dağılması, ənənəvi dövlət və ictimai
institutların iflasa uğraması, dərin iqtisadi böhran,
hüquqi vakuum Akademiyanın üzləşdiyi problemlərin yalnız
bir qismi idi. Həmin dövrdə Elmlər Akademiyasını
cəmiyyətin gözündən salmaq kampaniyası, totalitarizmlə
mübarizə adı altında İttifaq strukturlarının ləğvi kimi
Akademiyanı da ləğv etmək cəhdləri vəziyyəti daha da
kəskinləşdirmişdi.
Xoşbəxtlikdən Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin dahiyanə siyasəti sayəsində Elmlər
Akademiyası öz bütövlüyünü qoruyub saxlaya bildi.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana
rəhbərliyi özümüzə və gələcəyimizə inam hissini
qaytarmaqla, xalqımızın tarixi yaddaşında milli
ideallara fədakarcasına xidmətin nümunəsi kimi
qalacaqdır. İki faktı qeyd etmək kifayətdir. Biz
iqtisadiyyatımızın ən çətin dövründə UNESCO çərçivəsində
dahi Məhəmməd Füzulinin 500 illiyini və möhtəşəm
Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyini
böyük təntənə ilə qeyd etdik. Bütün bunlar əslində,
Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə xidmət
edərək xalqımıza onun milli mənəvi irsinin qaytarılması
yolunda çox mühüm addımlar idi.
Hörmətli tədbir iştirakçıları! Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə
rəhbərlik etdiyi illər ərzində başqa sahələrdə olduğu
kimi, akademik elmdə də nailiyyətlər və uğurlar əldə
olunub. Möhtərəm Prezident İlham Əliyevin elmin inkişafı
ilə bağlı qəbul etdiyi qərarlar sırasında “2009-2015-ci
illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə
Milli Strategiya” və 2012-ci ilin dekabr ayında xüsusi
Fərmanla təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası mühüm yer tutur. Bu sənədlər
qloballaşma prosesinin və informasiya cəmiyyətinin
qarşımızda yeni hədəflər qoyduğu bir mərhələdə bizi
dövrün çağırışlarına cavab verməyə səfərbər edir.
Hörmətli cənab Prezident, Sizinlə bu zalda, Akademiyanın
ümumi iclasında dörd il bundan əvvəl görüşmüşdük. Bu
illər ərzində həm Akademiya institutlarının xarici
görkəmi kəskin surətdə dəyişib, həm də islahatlar
proqramlarının böyük qismi gerçəkləşdirilib. Gözəlləşmiş
Akademiya şəhərciyinə xüsusi rövnəq verən Elmi
Kitabxananın və Milli Ensiklopediyanın yeni binalarının
qısa zamanda tikilib istifadəyə verilməsi ölkəmizdə
elmin inkişafına yüksək diqqət və qayğınızın
göstəricisidir.
Möhtərəm cənab Prezident, o görüşümüz zamanı qaldırılmış
bir çox məsələlər də artıq ya öz həllini tapıb, yaxud
tapmaqdadır. Elmə yüksək qayğınıza görə Sizə bir daha
bütün alimlər adından dərin minnətdarlığımızı bildiririk.
Hazırda Akademiyada həyata keçirilən islahatların mühüm
istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası
təşkil edir. Milli Elmlər Akademiyası ənənələrə sadiq
qalaraq elm və təhsilin inteqrasiyasına ciddi diqqət
yetirir. Hazırda AMEA institutlarında müxtəlif
universitetlərin kafedralarının onlarla filialı
fəaliyyət göstərir. Akademiyanın çoxsaylı üzvləri və
yüzlərlə alimi təhsil prosesində yaxından iştirak
edirlər.
Hörmətli cənab Prezident, məhz Sizin dəstəyinizlə
Akademiyanın tarixində ilk dəfə olaraq magistratura
təsis olunub və doqquz ixtisas üzrə magistrantların
qəbulu keçirilib. İnstitutlarımızın ali məktəblərlə sıx
əməkdaşlığı – akademik fəaliyyətin strateji xəttidir. Bu
istiqamətdə Sizin bizə böyük yardımınız və dəstəyiniz
üçün təşəkkürümüzü bildiririk.
Hörmətli həmkarlar və qonaqlar! 70 illik yubileyə
Akademiyanın kollektivi əliboş gəlməyib, dəyərli elmi
əsərlər və monoqrafiyalar hazırlanıb. Bu əsərlərin
nəşrini Akademiya tarixinin müvafiq mərhələlərdə
fəaliyyətinin bir növ yekunu hesab etmək olar. Bu, bizim
yubiley hədiyyəmizdir. Amma bu çoxsaylı nəşrlərin
sırasında bir nəşr bizim üçün xüsusilə əzizdir.
Mən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda”
kitab-albomunu nəzərdə tuturam. Burada 70 il ərzində öz
əməyi ilə respublika elminin nailiyyətlərini artıran
şəxsiyyətlərin fəaliyyətini görmək olar. Bu, bizim
tariximizdir. Məhz həmin tarix bizi həm gələcəyə aparır,
həm də keçmişə qaytarır. Buna görə də bizim diqqətimizi
çəkən bu tarix gələcək nəsilləri də maraqlandıracaq.
Hamıya məlumdur ki, elmdə aparılan islahatlar ən çətin
və ən mürəkkəb bir prosesdir. Akademiyanın 70 illik
yubileyi günlərində qürurla deyə bilərik ki, səylərimizi
birləşdirməklə Azərbaycanın bu əvəzsiz sərvətini qoruyub
saxlaya bilmişik. Bu gün bu müqəddəs elm ocağı yaşayır
və inkişaf edir.
Möhtərəm cənab Prezident, bu inkişafa, elmə
göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan elmi
ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Sizi əmin edirik ki, Azərbaycan alimləri milli maraqlara
uyğun həyata keçirdiyiniz dövlət siyasətinə daim dəstək
verəcək, ölkəmizdə biliklər iqtisadiyyatı və vətəndaş
cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək,
bu amal uğrunda həmrəyliyini artıracaq, səylərini daha
da gücləndirəcəkdir. Bir daha Sizə səmimi
minnətdarlığımızı və dərin təşəkkürümüzü bildirirəm.
Cənab Prezident, bəlkə də yeri deyil, amma ürəyim yenə
şeir istəyir. İcazə verin, bir şeir deyim:
Bu gün Vətənimdə fərəhli gündür,
Gəzir dodaqlarda yubiley səsi.
Alimlər diyarı şənlik üçündür,
Gözəl yurdumuzun gülür çöhrəsi.
Sağ olun.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarovun çıxışı
Hörmətli
AMEA prezidenti!
Hörmətli alimlər!
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ölkəmizin
təhsil ictimaiyyəti adından Sizi Azərbaycan Milli Elmlər
Akademiyasının yaradılmasının 70 illiyi münasibətilə
ürəkdən təbrik edir, şərəfli fəaliyyətinizdə uğurlar
diləyir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan elminin elitası qarşısında çıxış edərkən qeyd
etməliyəm ki, Milli Elmlər Akademiyasının 70 illik
yubileyinin ölkə Prezidentinin Sərəncamı ilə dövlət
səviyyəsində keçirilməsi hər bir Azərbaycan vətəndaşı
üçün əlamətdar hadisədir. Akademiya yarandığı gündən
ölkəmizin elmi-intellektual potensialının
formalaşmasında, yüksək ixtisaslı milli kadrların
hazırlanmasında müstəsna xidmətlər göstərmişdir.
Fəaliyyəti dövründə mühüm nailiyyətlər qazanmış AMEA bu
gün müstəqil ölkəmizin sosial-iqtisadi və mədəni
yüksəlişinə öz töhfələrini verməkdədir.
İftixarla qeyd olunmalıdır ki, Akademiya fəaliyyət
göstərdiyi müddətdə Azərbaycanda bir çox elmi
məktəblərin yaranmasına nail olmuş, dünya elminə layiqli
töhfələr vermişdir.
Azərbaycan elminin inkişafında müstəsna xidmətlər
göstərmiş, yeni istiqamətlərin əsasını qoymuş alimlərdən
bəzilərinin adlarını bu yubiley günündə yada salmaq
yerinə düşərdi. Belə alimlərdən Azərbaycanda neft
kimyası və üzvü sintez sənayesinin banisi Yusif
Məmmədəliyevin, kimya texnologiyalarının nəzəri
əsaslarının işlənməsində Murtuza Nağıyevin,
yarımkeçiricilər fizikası sahəsində elmi məktəb yaratmış
Həsən Abdullayevin, funksional analiz sahəsində Zahid
Xəlilovun, mexanika elminin inkişafında Azad
Mirzəcanzadənin və başqalarının xidmətlərini böyük
minnətdarlıqla yada salır, onların ruhuna Tanrıdan
rəhmət diləyirik.
Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı
ölkə Prezidenti cənab İlham Əliyev elm sahəsini hər
zaman diqqət mərkəzində saxlamış, onun inkişafı üçün
böyük qayğı göstərmişlər.
Hesab edirəm ki, bugünkü yubiley tədbiri və 4 gün bundan
əvvəl alimlərimizin dövlət təltiflərinə və fəxri adlara
layiq görülməsi haqqında imzalanmış sərəncamlar
deyilənlərə parlaq nümunədir.
Hörmətli tədbir iştirakçıları!
70 yaş - elə bir yubileydir ki, təkcə geridə qalmış yolu
gözdən keçirmək üçün deyil, eyni zamanda gələcəyə də
nikbin baxmağa və addımlarımızı planlaşdırmağa imkan
yaradır. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin
inkişaf səviyyəsini yüksək dəyərli məhsul yarada bilən
insan resursları müəyyən edir. Həmin prosesdə elm,
təhsil və iqtisadiyyatın birliyi inkişafın təməl
prinsipini təşkil edir.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi
“Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın
birliyi yaradılmalıdır. Müasir dövlətin qurulması elmin
inkişafı olmadan mümkün deyildir...” konseptual fikrinin
əsasında elm və təhsilin iqtisadiyyatla inteqrasiyası,
elmin inkişaf yollarının aydın strategiyası dayanır.
Cəmiyyətimizin tərəqqisini təmin edən alət və açarları
elm və təhsildə axtarmalıyıq. Elm və təhsilin
prioritetliyinin təmin edilməsinin ən etibarlı yolu isə
iqtisadi subyektləri fəaliyyətimizin nəticələrində
mümkün qədər maraqlı etməsidir. Elmlər Akademiyası və
təhsil sistemində toplanmış elmi biliklər
iqtisadiyyatımızda yaradılan məhsul və xidmətlərin daha
yüksək əlavə dəyərinin formalaşdırılmasına töhfə verə
bilər. Hamıya məlumdur ki, 2 əsas təbii resursumuz -
neft və qaz yüzlərlə növ istehsal məhsulu üçün xammal
rolunda çıxış edir. Lakin bazar iqtisadiyyatının
qanunları tələb edir ki, iqtisadi subyekt bu
məhsullardan hansının istehsalının maliyyələşdirilməsi
qərarını verməmişdən öncə onun elmi dəyərini deyil,
iqtisadi məqsədəuyğunluq və rentabellilik faktorlarını
rəhbər tutsun. Ona görə də biz özəl sektorun maliyyə
resurslarını biznesin özü üçün potensial imkanlar
gördüyü sahələrdəki elmi tədqiqatlara yönəldərək,
dövlətə bugünkü gündə iqtisadi faydası olmayan və ya az
olan, lakin gələcəkdə yüksək potensiala malik yeni
sahələrə və layihələrə vəsaitin ayrılmasına imkan
yaratmış olarıq.
Elm və təhsilin əlaqələri haqqında elmi ədəbiyyatda,
təhsilşünaslıqda kifayət qədər danışılmış, bütün
elmlərin bünövrəsinin təhsillə qoyulduğu ideyası hər
zaman dəstəklənmişdir. Təhsilsiz elm, elmsiz təhsil ola
bilməz.
Hazırda ölkəmizin müxtəlif ali təhsil müəssisələri və
elmi təşkilatlarında 33 mindən çox mütəxəssis çalışır
ki, onlardan 11 mindən çoxu fəlsəfə doktoru, 2.500
nəfəri isə elmlər doktorudur. Elmi dərəcəsi olan
alimlərin təxminən 55%-i ali təhsil müəssisələrində
çalışırlar. Alimlərimiz müxtəlif sahələrdə tədqiqatlar
aparır və elmin inkişafını təmin edirlər. Onlar
tərəfindən təkcə 2014-cü ildə 249 dərslik, 267
monoqrafiya, impakt-faktorlu elmi jurnallarda 322 məqalə
nəşr etdirilmişdir.
Bir qayda olaraq, cəmiyyət bu və ya digər elmi kəşfin
əhəmiyyətini yalnız onun yekun məhsulda tətbiqini
gördükdən sonra anlayır (məsələn, buxar mühərriki,
elektrik enerjisi, rəqəmsal texnologiyalar). Bu mənada,
elm və ali təhsil sahəsində özündə elmi biliyi,
kreativliyi və sahibkarlığı birləşdirən startapların
əhəmiyyəti bizdə hələ də axıradək tanınmayıb. Dünya
təcrübəsi göstərir ki, məhz startaplar elmin, təhsilin
və iqtisadi fəaliyyətin ən uğurlu inteqrasiyası formatı
kimi çıxış etməklə, elmlə təhsilin müasir tələblərə
uyğunlaşdırılmasının ən optimal yoludur. Hal-hazırda
Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində
startapların başlanması üçün iş aparır.
Elm və təhsilin əlaqəsindən danışarkən bir vacib
məsələyə də toxunmaq istərdim. Təhsil Nazirliyi AMEA-nın
elmi-tədqiqat institutları nəzdində ali təhsilin
magistratura səviyyəsi üzrə kadr hazırlığı həyata
keçirmək barədə təşəbbüsünü dəstəkləmiş, 2015-2016-cı
tədris ilində Milli Elmlər Akademiyasının institutlarına
9 ixtisas üzrə 19 nəfər magistraturaya qəbul edilmişdir.
Təhsil Nazirliyi burada tədrisin ali təhsil
müəssisələrində olduğu kimi vahid dövlət standartları
əsasında təşkilinə dəstək verməyə, lazımi tədris-metodik
köməkliyi göstərməyə hazırdır.
Ümid edirik ki, bu addım yüksək potensiala malik
gənclərin elmə öz gələcək fəaliyyət sahəsi kimi baxmağa,
peşəkar karyeralarını burada qurmasına sövq edəcəkdir.
Elmi-tədqiqat institutları da öz növbəsində akademik
təhsil verən müəssisəyə transformasiya olunaraq özləri
üçün kadr yetişdirilməsi işi ilə məşğul olmaq imkanı
qazanacaqlar.
Bir sıra ali təhsil müəssisələrimizin rektorları
Akademiyanın həqiqi üzvüdürlər. Biz bununla fəxr edirik
və eyni zamanda hesab edirik ki, onlar rəhbərlik
etdikləri ali məktəblərlə Akademiyanın profil elmi
institutları arasında inteqrasiyanı və qarşılıqlı
əməkdaşlığı dərinləşdirmək üçün öz imkanlarından tam
istifadə etməlidirlər.
Qarşımızda duran ümumi məqsəd və vəzifələrdən irəli
gələrək mən, Akif müəllim, Milli Elmlər Akademiyasını və
onun institutlarını “Elmdən Təhsilə” adlı məqsədli
proqramının işlənib hazırlanmasına dəvət etmək istərdim.
Bu proqram çərçivəsində Elmlər Akademiyası sistemində
çalışan alimlər ölkəmizin ən yaxşı ali təhsil
müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan
tələbələrə fənləri tədris edib, elmlə təhsilin daha
dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi
biliklərin növbəti nəsillərə ötürülməsinə imkan
qazanacaq, elmi potensialı olan istedadlı tələbələri
vaxtında aşkar etməyə kömək etmiş olacaqlar. Öz
tərəfimizdən biz məqsədli proqram çərçivəsində baza ali
təhsil müəssisələrini və ixtisasları müəyyənləşdirməyə,
həmçinin dərs deyəcək alimlərin maddi təminat məsələsini
həll etməyə hazırıq.
Elmdə və təhsildə nəsillərarası güclü əlaqəni təmin
etmək bu gün qarşımızda duran ən mühüm vəzifədir.
Dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli
Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit
olunan strateji istiqamət və hədəflər Azərbaycan
təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf
meyillərini müəyyənləşdirir. Strategiyada ümumi təhsilin
tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə
aparılması, istedadlı gənclər üçün xüsusi proqramların
hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi
kadrların hazırlanmasına birbaşa xidmət edəcəkdir. Bu
hədəflərə çatmaq məqsədilə Təhsil Nazirliyi 2015-2016-cı
tədris ilindən tam orta təhsil səviyyəsində təhsilin
təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin
şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul
etmişdir. İnanırıq ki, burada təhsil alan istedadlı
gənclər içərisindən gələcəkdə yüksək ixtisaslı elmi
mütəxəssislər də yetişəcəkdir.
Ümumi təhsil sahəsində istedadlı gənclərin aşkar
olunması, onların tədqiqatçılıq bacarıqlarını inkişaf
etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən
2012-ci ildən başlayaraq “Sabahın alimləri” adlı
müsabiqə keçirilir. Bu tədbir dünyada ən nüfuzlu
müsabiqələrdən biri olan və hər il ABŞ-da 70-dən artıq
ölkə şagirdlərinin iştirakı ilə keçirilən İntel
Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində
təşkil olunur. Tədqiqat aparan şagirdlərin sayının
artırılmasına yönəlmiş səylər öz bəhrəsini artıq
verməkdədir. Əgər 2014-cü ildə müsabiqədə 102 şagird
iştirak etmişdirsə, 2015-ci ildə müsabiqəyə 204 şagird
buraxılmışdır.
Ölkəmizdə yüksək ixtisaslı kadr potensialının, o
cümlədən yeni nəsil elmi-pedaqoji kadrların
formalaşmasında xaricdə təhsil Dövlət Proqramının
müstəsna rolu vardır. Son üç ildə təqaüdçülərin
seçimində üstünlük ali təhsilin magistratura,
rezidentura və doktorantura səviyyələrinə verilmişdir.
Düşünürük ki, ali təhsilin bu səviyyələrini bitirən
gənclər gələcəkdə Azərbaycan elminin inkişafına da öz
layiqli töhfələrini verəcəklər.
Bildiyiniz kimi, ümumi təhsil pilləsində təfəkkürün
inkişafını ehtiva edən yeni məzmun yaradılır. Açıq
etiraf etməliyik ki, dərslik hazırlığı sahəsində kadr
qıtlığı ilə üzləşmişik. Hesab edirik ki, istər Akademiya,
istərsə də universitet alimləri təhsil proqramlarının
təkmilləşdirilməsinə, müasir dərslik və digər tədris
resurslarının yaradılmasına da öz töhfələrini
verməlidirlər. Fürsətdən istifadə edərək, alimlərimizi
dərslik hazırlığı işinə fəal cəlb olunmasına dəvət
edirəm. İnanıram ki, bu xoşniyyətli çağırışıma səs
verənlər olacaqdır.
Hörmətli yubiley iştirakçıları!
Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə milli elmi
kadrların formalaşmasında önəmli rol oynamış, bu gün
müstəqil Azərbaycan elminin, intellektual potensialının
inkişafına da öz faydasını verməkdədir.
Bu yubiley günündə elmimizi yaşadan Azərbaycan
alimlərini və ziyalılarını bütün təhsil işçiləri adından
bir daha səmimi-qəlbdən təbrik edir, Sizlərə müstəqil
Azərbaycanın parlaq gələcəyi naminə elmi faəliyyətinizdə
yeni-yeni uğurlar, şəxsi həyatınızda səadət, möhkəm
cansağlığı arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm! |