Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Bakı Musiqi Akademiyasının məktəb-studiyasının yeni dərs vəsaitlərinin təqdimatı olacaq

 

Noyabrın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında məktəb-studiyanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş altı yeni dərs vəsaitlərinin təqdimatı keçiriləcək. Təqdimat Azərbaycan musiqi sənətinin dahi klassiki Üzeyir Hacıbəylinin 130 və BMA-nın eksperimental məktəb-studiyasının 35 illiyinə həsr olunub.

Təqdim olunan nəşrlərin elmi redaktorları BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli və məktəb-studiyanın direktoru, əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur.

Təqdimatın əvvəlində “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı proqramı” (müəllif-tərtibçilər - Fərhad Bədəlbəyli, Tərlan Seyidov) təqdim olunacaq. "Proqram" böyüməkdə olan nəslin milli musiqi gen yaddaşının bərpa və fəallaşdırılmasına həsr olunmuş sonrakı nəşrlər üçün əsas olmuşdur. Bunlar - Azərbaycan ladlarının öyrənilməsinə dair Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” traktatının Tərlan Seyidov tərəfindən adaptasiya olunmuş dərs vəsaiti və Azərbaycan xalq mahnı və rəqsləri, bəstəkarlarımızın opera və musiqili komediyalarından parçalar daxil olunan ikicildli “Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat”dır (tərtibçilər - Tərlan Seyidov, Cəmilə Həsənova, Leyla Zöhrabova, Aytən İbrahimova).

Azərbaycan xalq sənətinə və milli köklərə maraq yaradılması problemi Lalə Dadaşovanın tərtib etdiyi I-XI sinif şagirdləri üçün “Solfecio” fənni üzrə ilk universal dərs vəsaitində də öz həllini tapıb. Burada ümumdünya musiqi klassikası ilə yanaşı, Azərbaycan bəstəkarlarının yaradıcılığı və xalq musiqi nümunələri geniş təqdim olunub.

Tədbir Fərhad Bədəlbəylinin redaktəsi ilə nəşr olunan Cahangir Qarayevin Fortepiano üçün sonatasının təqdimatı ilə bitəcək. Sonatanın itirilmiş əlyazmasının surəti Tərlan Seyidov tərəfindən saxlanılıb və bərpa olunmuşdur. Xatırladaq ki, bu, F.Bədəlbəyli və T.Seyidovun itirilmiş əlyazmaların surətləri üzərində bərpası istiqamətində ikinci redaktorluq işləridir. Bundan öncə 1939-cu ildə yazılmış və 75 il sonra Azərbaycanın Bəstəkarlar İttifaqının festivalında Fəqan Həsənlinin ifasında səslənən görkəmli bəstəkar Qara Qarayevin fortepiano üçün Üçsəsli fuqası da bərpa olunub çapdan çıxmışdır.

Tədbirdə musiqi sənətinin görkəmli ictimai xadimləri iştirak edəcək. Eyni zamanda, yeni nəşrlərin tədris prosesində nəticələrini nümayiş etdirəcək məktəb-studiyanın şagirdləri də konsert proqramı ilə çıxış edəcək. 

Sevda MƏMMƏDOVA,
məktəb-studiyanın direktor müavini, BMA-nın baş müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov