Noyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının
Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Ülkər
Zeynalovanın “Ülkərin könül dünyası” adlı fərdi rəsm
sərgisi açılıb. Rəssamlar İttifaqının təşkilatçılığı ilə
keçirilən və gənc fırça ustasının sayca ikinci olan
sərgisində 200-dək əsər nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan
Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağalı
İbrahimov fırça ustası Ü.Zeynalovanın humanizm və insani
hisslərin təsvirindən yaranan ekspozisiyalarının
mükəmməlliyindən söz açıb. Bildirib ki, sərgiyə təqdim
olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma,
emosional hisslərin rənglərlə ifadəsinin öz əksini
tapması ilə yanaşı, milli dəyərlərin və xalqımızın
unudulmaz ənənələrinin təsvir edilməsi də cəlbedicidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Xətai rayon şöbəsinin baş mütəxəssisi Əzizə
Ağahüseynqızı sərginin əhəmiyyətindən söz açaraq gənc
rəssamın əsərlərində müşahidə olunan sənətkarlıq
izlərinin onun könül dünyasının zənginliyi ilə
səsləşdiyini qeyd edib.
Digər natiqlər də fırça ustasının əsərləri
haqqında fikirlərini bölüşərək təqdim olunan rəsmlərdə
gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu,
həyatsevərlik və xeyirxahlığın ifadə olunduğunu diqqətə
çatdırıblar.
Tədbirdə, həmçinin Ü.Zeynalovanın bu yaxınlarda
çapdan çıxmış “Mənin fırçam sehrlidir” adlı şeirlər
kitabı da iştirakçılara təqdim olunub.
Rəssamın anası Mina Zeynalova sərginin təşkilində
əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgiyə təqdim olunan sənət əsərlərində Azərbaycan
təbiəti, adət-ənənələrə bağlılıq, mənzərə, güllər, ilin
fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional
hisslərin rənglərlə ifadəsi öz əksini tapıb. Qonaqlar
sərgidə rəngkarlıq, yağlı boya, akvarel, qrafika və
tətbiqi incəsənətə aid olan müxtəlif mövzulu portretləri
maraqla seyr ediblər.
Sərgi noyabrın 9-dək davam edəcək.
Qeyd edək ki, fiziki qüsurlu gənc rəssam Ülkər
Zeynalova VI və VII əlillərin Ümumrespublika rəsm sərgi
müsabiqələrində bir sıra diplom və hədiyyələrə layiq
görülüb. |