Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Yaradıcılıq

 

 

Ürəyimin səcdəgahı 

Azərbaycan - ulu Vətən,

Anamsan, dünyamsan  mənim.

Dil açıb ruhumda ötən,

Laylamsan, laylamsan mənim.

 

Gözəllərin çiçək kimi,

İgidlərin şimşək kimi.

Vətən, sənə qurban olum-

Sinəmdəsən ürək kimi.

 

Dağların çiyin-çiyinə,

Hər birisi ər oğuldu.

Vurğunam gözəlliyinə,

Çölün-düzün bir nağıldı.

 

Qarabağ-başımın tacı,

Naxçıvan-sönməyən nurum.

Təbriz-dərdimin  əlacı,

Çinarlı  Gəncə-qürurum!

 

Babaların son pənahı,

Balalara  məskən sənsən.

Ürəyimin səcdəgahı -

Vətən, sənsən, Vətən, sənsən.

 

Orxan PAŞA
(Məhərrəm QASIMLI),

Azərbaycan  Respublikasının  Dövlət Mükafatı  laureatı

 

Şuşanın “Xarı bülbül”ü 

Ay ürəyim, gözüm gülü,

Nədən oldu hüzün gülü?

Bizə doğma uzaqlardan

Boylanırsan  üzüntülü.

Sənsiz haçan üzüm gülür?-

Şuşanın “Xarı bülbül”ü.

 

Sən-dərdi duman ağladan.

Hönkürdüb kaman ağladan.

Bayatıya  ah çəkdirən,

Şikəstəyə  qan  ağladan-

Könlümüzün  həsrət  gülü,

Şuşanın “Xarı bülbül”ü.

 

Dövran  bizə qara  gəlib,

Xar yeriyib hara gəlib?!

Köhnə dərdin bəs deyilmiş,

Yaran  üstə  yara  gəlib;

Vətənin qan olan könlü-

Şuşanın “Xarı  bülbül”ü.

 

Bəy yurdu  gədəlik deyil,

Ər işi vədəlik deyil.

Dünya ki belə fırlanır,

Deyəsən bəndəlik deyil-

Tanrı  açsın  bu müşgülü,

Şuşanın “Xarı bülbül”ü.

 

Laçınım 

Yollarını otlar  basan, 

Yaylağını yadlar gəzən,

Ellərini dərdlər üzən

   Laçınım, can  Laçınım,

   Qanadı qan Laçınım.

 

Dinməz  olub  bulaqların,

Yanmaz  olub ocaqların.

Hanı sənin qaçaqların? -

   Laçınım, can Laçınım,

   Qanadı qan  Laçınım.

 

Buludların gözlərimdə,

Yoxuşların dizlərimdə.

Dumanların sözlərimdə;

   Laçınım, can Laçınım,

   Qanadı qan Laçınım.

 

Dərd əlində qıvrılanım,

“Qeyrət” deyib qovrulanım.

Gözləməkdən yorulanım,

   Laçınım, can Laçınım,

   Qanadı  qan  Laçınım...

 

Gəlib sənə yetişməsək,

Dağlarında ötüşməsək,

Torpağına qatışmasaq-

   Adını halal eyləmə,

   Odunu halal eyləmə,

   Yurdunu halal eyləmə;

   Laçınım, can Laçınım,

   Qanadı qan Laçınım...

 

 

Bilmir

 

Sən  hardan  biləsən  mənim  halımı,

Tufanlar  kükrəyir, küləklər  bilmir.

Sən hardan  biləsən qeyli-qalımı,

Çiynimdə oturub  mələklər  bilmir.

 

Seçənlər  qaranı  ağdan  seçiblər,

Səpilib  cığıra  yoldan  keçiblər.

Arzudan  boylanıb  arzu  içiblər,

Ürəkdən  keçəni  diləklər   bilmir.

 

Arxada  dayanıb  arxa  durdular,

Haramdan  yapışıb  hala  qurdular.

Dəmiri  incidib  belə  yordular,

Ələnib  urvası  ələklər  bilmir. 

 

Qarışıb 

İllərin həsrəti qırov gətirib,

Saçımın qarası ağa qarışıb.

Buludlar tökülüb tutub hər yanı,

Dağ arana, aran dağa qarışıb.

 

Bir ömür yaşayır bitməyib hələ,

Arzusu kamına yetməyib hələ,

Hardasa burdadı ötməyib hələ,

Ötüşür, ötüşən çağa qarışıb.

 

Ovudub-ovudub dara çəkiblər,

Burdan-bura, ordan-ora çəkiblər,

Dəmiri yandırıb yara çəkiblər,

Dərd dərdim, dərd deyil dağa qarışıb. 

 

Yol da gəlmir 

Baxıram gözünü görüm,

Çöhrəni üzünü görüm.

Gözümdə özünü görüm,

Gözüm yolda, yol da gəlmir.

 

Əlimi qolumu tutur,

Sağımı solumu tutur,

Doqqazda yolumu tutur,

Gözüm yolda, yol da gəlmir.

 

Oxu atım oxum gəlsin,

Azım vardı çoxum gəlsin,

Gözümü gör yuxum gəlsin,

Gözüm yolda, yol da gəlmir

Dəmir  ÇEŞMƏLİ,
Bakı Qida Sənayesi Kollecinin müəllimi

 

İntihar 

Bezmiş ümidlər kürsüyə çıxıb,

Əlvida sevincə, əlvida mənə...

Keçmişim sabahı bu günə yıxıb,

Ölüm də ruhumda bir qida mənə...

 

Cəld olun ümidlər, cəld olun bir az,

Sırada arzular növbə gözləyir...

Günahı içimdə arayım bir az,

O Tanrı hələ də tövbə gözləyir...

 

Təbəssüm var idi üzümdə mənim,

Özünü gözündən aşağı atdı...

Göyərçin duyğuya atdığım dənim,

Palçıqlı qarların altında batdı...

 

Bu həsrət nə zaman bitəcək görən?!

Bir az Tanrısansa, çağır ölümü...

Qurutdu, bilərək bir zalım kölən,

Səsimdə yaranan duyğu gölümü...

 

Ürəkdə iztirab atəşi varsa,

Oduyla alışıb, yanasan gərək.

Ümidlər xərclənib sonda qurtarsa,

Ölümü ümidin sanasan gərək...

 

Yenə gedirsən 

Gedirsən ömürdən, elə bil qatar,

Mənzili bilinməz, yolu bilinməz.

Ayrılıq acını şirinə qatar,

Sənli xatirənin tozu silinməz...

 

Dumanamı döndü getdiyin yollar,

Gözlərin gözümdə qeybə çəkildi.

Sonuncu baxışın qəlbimi odlar,

İzlərin yuxumda tənha gəzirdi.

 

Bir ömür fəslindən yazılan yazı,

Ani baxışınla pozuldu sənin.

Ətirli güllər də gətirməz yazı,

Eşqin yuxular tək yozuldu sənin...

 

Qayıtsan... 

Şaxta  baxışlarında tərliyərdim,

Gecələrimin sabahı, olarmı qayıtsan?!

Saçlarında qeybə çəkilərdi zamanım,

Sevincli gözlərimdə yağışlar, dolarmı qayıtsan?!

 

Qəlbimi qandalladı payızların gümanı,

O güman indi qırılarmı, qayıtsan?!

Yaralarım hər gecə nifrət ahları çəkir,

O yaralar gülüşünlə, sarılarmı qayıtsan?!

 

Cırılan zamana tikişlər atırdı arzularımız,

Ürəyimin fəryadı yenə, qoparmı qayıtsan?!

Həsrət donu geyir göz yaşlarım,

Vüsal dənizləri birdən, coşarmı qayıtsan?

Gülüşlərin oğurladı qəlbimi məndən,

Səsin uzaqlara yenə apararmı qayıtsan?!

Yoxluğun gecəmdə qəm pərdəsidi,

Ümid bağçasında çiçəklər, çoxalarmı  qayıtsan?!

 

Qaşları çatılmış həsrət artıq ölüm istər,

Solğun bənizimdə yad güman, itəcəkmi qayıtsan?!

İztirab divarları tab gətirmir sənsizliyə,

Qəlb torpağımda arzu gülləri, bitəcəkmi qayıtsan?!

 

Nəfəsin qədər yaxındır sənə ruhum,

Dərd küləyi sahilimizdə, əsərmi qayıtsan?!

Yoxluğun gecəmdə dərin uçurum,

Varlığın sonsuz gecələri, kəsərmi qayıtsan?!

Oğuz AYDIN (HACIYEV),
Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin III kurs tələbəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov