| 
						
						
						Sevda  QULİYEVA,Bakı şəhəri İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar 
						liseyinin coğrafiya müəllimi
 
						
						
						 Coğrafiyanın 
						tədrisində xəritələr mühüm bilik mənbəyi olan başlıca  
						əyani vasitədir.  Xəritə nəinki tədris məqsədi ilə, həm 
						də ərazi ilə bağlı bir çox məsələlərin həllində istifadə 
						olunur. Gəmilər və hava nəqliyyatı xəritələrə görə 
						hazırlanmış  xüsusi marşrutlarla hərəkət edir. Hava 
						proqnozu, təbiətin mühafizəsi işlərində, tikinti 
						layihələrinin hazırlanmasında, turizmdə  xəritələrin 
						böyük əhəmiyyəti var . 
						
						 Xəritə geoloqlar üçün də ən yaxşı bələdçidir. Geoloji 
						kəşfiyyat zamanı geoloq xəritədə daim öz marşrutunu 
						müəyyən edir və aşkar etdiyi faydalı qazıntı 
						yataqlarının yerini  xəritəyə köçürür. 
						
						Hərbi kəşfiyyatçılar xəritəyə əsasən düşmənin 
						mövqelərini asanlıqla tapır. 
						
						Tarixçilər qədim xəritələrə əsasən xalqların 
						məskunlaşdığı yerləri, dövlətlərin sərhədlərini, ticarət 
						mərkəzlərini və yollarını öyrənirlər. Ona görə də xəritə 
						coğrafiyanın ikinci dili və əsas istiqamətvericisi hesab 
						olunur. Yaşayış məskənləri yarandıqdan sonra  insanlar 
						xəritələr tərtib və istifadə etməyə başlamışlar. Qədim 
						insanlar daş, heyvan dərisi üzərində xəritəyə bənzər 
						təsvirlər vermişlər. Bir sözlə, xəritə bəşəriyyətin ən 
						böyük ixtiralarından biri olub tədricən təkmilləşərək 
						formasını və məzmununu dəyişmişdir.  Müasir dövrdə 
						xəritələrin tərtibi və nəşri kompüter texnologiyasına 
						əsaslanır. Xəritəsiz coğrafiya elmi mövcud olmadığı kimi 
						coğrafiya fənninin də tədrisi qeyri-mümkündür. 
						
						Coğrafiya dərslərində  istifadə  edilən kağızda çap 
						olunmuş  xəritələrin saxlanılması,  köhnəlib cırılması, 
						daşınması, dərsdə quraşdırılması və s.  həmişə 
						problemlər yaradır. 
						
						İKT-dən istifadə bu çətinlikləri aradan qaldıraraq dərs 
						prosesində nəinki bir xəritə, həmçinin  bir neçə 
						xəritədən istifadə imkanları yaradır. 
						
						 Coğrafiya fənni üzrə təhsil proqramında (kurikulumunda)  
						təlim materialları sadədən mürəkkəbə, məntiqi və 
						xronoloji ardıcıllıqla verildiyi üçün dərs zamanı 
						adətən, bir deyil, bir neçə xəritədən istifadə olunur. 
						Ona görə də tədris prosesində elektron və interaktiv 
						xəritələrdən istifadə etmək əlverişlidir . 
						
						Mən coğrafiya dərslərində elektron və interaktiv 
						xəritələrdən istifadə edirəm. Bu müəllimin  işini 
						asanlaşdırır, şagirdlərin isə mənimsəmə keyfiyyətini 
						yüksəldir. 
						
						Elektron və interaktiv xəritələrdən istifadə etdiyim 
						“açıq dərs” nümunələrindən birini oxuculara təqdim 
						edirəm. 
						
						
						Fənn: 
						Coğrafiya 
						
						
						Sinif: 
						VII 
						
						
						Mövzu: 
						Azərbaycan  Respublikasının iqtisadiyyatı 
						
						
						Alt-standart: 
						Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və 
						iqtisadi amillər. 
						
						
						Təlim nəticələri: 
						Azərbaycan  Respublikasının iqtisadiyyatını ona təsir 
						edən amillərlə əlaqələndirir. 
						
						
						Təlim formaları: 
						Kiçik qruplarla iş. 
						
						
						Təlim üsulları: 
						Müzakirə, anlayışların çıxarılması, beyin həmləsi. 
						
						
						Fənlərarası inteqrasiya: 
						Həyat bilgisi   1.2.1 
						
						
						Resurslar: 
						Dərslik, iş vərəqləri, İKT avadanlıqları.  
						
						
						Motivasiya: 
						
						Məlumdur ki, motivasiya müasir dərsin mühüm 
						mərhələlərindən biridir. Coğrafiya fənninin tədrisində 
						motivasiyanın verilməsində  imkanlar çox genişdir.  
						Dərsin gedişi və nəticəsi, effektiv alınması, 
						şagirdlərin fəallığı və mövzuya maraq göstərməsi 
						motivasiyanın nə qədər maraqlı olmasından birbaşa 
						asılıdır. Bu mərhələdə şagirdlərin diqqətini mövzuya 
						cəlb etmək üçün beyin həmləsindən istifadə edərək onlara 
						“Sizin yaşadığınız rayonda  hansı məhsullar istehsal 
						edilir” sualı ilə müraciət edirəm. Sonra  lövhədə  
						“Azərbaycan  Respublikasının iqtisadi  rayonlaşdırma 
						xəritəsi”ni nümayiş etdirirəm. Sual verirəm: “Bu xəritə 
						haqqında nə deyə bilərsiniz?”. 
						 
						
						Sonra şagirdlərə xəritə üzərində təsvir olunan 
						məhsulların iqtisadi rayonlara uyğun yerləşdirilməsi 
						tapşırığını verirəm. İKT-dən istifadə bu işdə bizə böyük 
						yardımçıdır. 
						
						Fərziyyələr dinlənildikdən sonra mövzunun adı açıqlanır. 
						
						
						Tədqiqat sualı: 
						1. Hansı məhsulların satışı ölkəyə daha çox gəlir gətirə 
						bilər? 
						
						2. Nə üçün respublikamızda dövlət müəssisələrinin  payı 
						azalır, özəl müəssisələrin payı isə artır? 
						
						
						Tədqiqatın aparılması. 
						
						Şagirdlər qruplara bölünür və tapşırıqlar verilir.
						 
						
						Qruplara eyni sayda, çətinlik səviyyələri eyni olan 
						aşağıdakı tapşırıqları verirəm: 
						
						  
						 
						
						  
						
						Qruplar işlərini  təqdim edir. Müzakirə aparılır, 
						yaranan suallar araşdırılır. 
						
						
						Ümumiləşmə və nəticə: 
						
						Azərbaycan neftinin  Avropa ölkələrinə daşınmasında  
						Bakı-Tbilisi-Ceyhan  neft kəmərinin rolu böyükdür. 
						Ölkədə təsərrüfatın müxtəlif sahələrinin inkişafı 
						əhalinin  işsizlik səviyyəsini aşağı salmışdır. 
						Azərbaycanda qeyri-dövlət müəssisələri sahibkarlar 
						hesabına artmışdır. Sahibkarlığın inkişafına 
						dövlətimizin böyük dəstəyi var. Azərbaycanın 
						Trans-Qafqaz mövqeyi  ölkənin inkişafına təkan verən 
						amillərdən biridir. Ölkənin təbii şərait və təbii 
						ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə ölkə 
						iqtisadiyyatını daha da inkişaf etdirmək olar. 
						Torpaqlarımızın işğalı ölkəmizin iqtisadiyyatına çox 
						zərər vurmuşdur. 
						
						
						Yaradıcı tətbiqetmə: 
						
						Verilmiş elektron xəritədə şagirdlər  ölkəyə idxal 
						olunan və ölkədən ixrac olunan məhsulları qeyd edirlər. 
						
						  
						
						
						Qiymətləndirmə: 
						Qrup işləri eyni meyarlar əsasında qiymətləndirilir. |