Arzu AXUNDOVA,
Bakı şəhəri 183 nömrəli tam orta məktəbin musiqi
müəllimi
Müasir dövrdə şagirdlərin XXI əsrin tələb etdiyi
kompetensiyalara malik olması tədris prosesinin
maraqlı təşkilindən, şagirdlərin motivasiyasının,
idrak fəallığının dərs boyu saxlanması və
artırılmasından, istifadə olunacaq iş üsulları və
formalarının düzgün seçilməsindən, şagirdlərə verilən
tapşırıqların cəlbedici, əyləncə xarakterli, tənqidi,
məntiqi, yaradıcı təfəkkürü inkişaf etdirəcək məzmunda
hazırlanmasından, öyrənənlərin müstəqil, yaradıcı
fəaliyyətinin təmin olunmasından və s. asılıdır. Dərs
dediyim şagirdlərin hamısı musiqi fənnini çox sevir,
milli musiqi xəzinəmizin öyrənilməsi, təbliğ olunması
üçün səy göstərir, sinifdənxaric və məktəbdənkənar
tədbirlərdə böyük həvəslə iştirak edirlər. Uşaqlar
proqramda olan bütün mövzuları sevə-sevə öyrənir,
həm canlı, həm də İKT-dən, müxtəlif kompüter
proqramlarından istifadə edərək özləri səhnəciklər
qurur, bəstəkarların həyat və yaradıcılığından,
müxtəlif musiqi janrlarına aid olan əsərlərindən bəhs
edən təqdimatlarla, referatlarla həm dərsdə mövzuya
uyğun şəkildə, həm də məktəbimizdə keçirilən musiqi
fənn aylığında və başqa sinifdənxaric, məktəbdənkənar
tədbirlərdə çıxış edirlər.
Şagirdlərin ən çox sevdiyi mövzulardan biri
milli-mənəvi dəyərlərimizdən olan, Azərbaycanın birinci
xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi
muğamlarımızla bağlıdır. Hamı yaxşı bilir ki, Bakı
kəndlərində muğam sənətinin incəliklərini anlayan, onu
dərindən sevərək təbliğ edən Hacıbaba Hüseynov,
Əlibaba Məmmədov, Ağaxan Abdullayev və başqaları kimi
böyük sənətkarlar həmişə olmuş, vardır və onların
davamçıları yetişməkdədir. Biz fürsət düşdükcə muğamı
anlayan və dəyərini bilən, muğamsevər el sənətkarları
ilə məktəblilərin görüşlərini təşkil edir,
gənclərimizə milli mənəvi xüsusiyyətlərin, muğam
sənətinə sevgi hisslərinin aşılanması məqsədilə
müxtəlif tədbirlər təşkil edirik. Məktəbimizin
rəhbərliyi müəllimlərin keçirdiyi hər bir tədbiri
dəstəkləyir, onların əməyini layiqincə qiymətləndirir.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik
fikrinin görkəmli nümayəndəsi, çoxşaxəli fəaliyyəti ilə
nəinki respublikamızda, hətta ölkəmizin hüdudlarından
kənarda da tanınan mütəfəkkir şair Bəxtiyar
Vahabzadənin 90 illik yubileyi ilə bağlı noyabr
ayında böyük bir tədbir keçirməyi nəzərdə tutmuşuq.
Tədbirdən əvvəl B. Vahabzadənin “Muğam” poeması
əsasında hazırladığımız ədəbi-bədii kompozisiyanı
dərsdə təqdim edəcəyik. Şagirdlər böyük həvəslə
poemanı əzbər öyrənir, musiqi sədaları altında
məharətlə ifa edirlər.
Daş ürəklərdə yanıb daşları sındırdı Muğam,
Haqqa düşmən olanı haqqa tapındırdı Muğam!
Nə güman eyləmisən ondakı tilsimləri sən
Kürü ahıyla qurutdu, salı yandırdı Muğam!
Milli musiqi alətlərimizin, milli musiqimizin
ölçüyəgəlməz dəyərini uşaqların anlaması üçün
mövzulara uyğun şəkildə müntəzəm olaraq rollu oyunlar,
musiqi ilə müşayiət olunan poeziya dəqiqələri
keçiririk:
Zurna haray çəkir, vurur nağara
Gah “Koroğlu” çalır, gah “tərəkəmə”.
Sən ey cavan oğlan, bu havalara
“Köhnəlibdir”,-deyə, gəl dodaq büzmə!
Bir anlıq səbr elə, qulaq as ona,
Bir bax nağaranın guppultusuna!
O düşmən üstünə gedən qəhrəman
Bizim babaların ayaq səsidir,
O çoşqun “cəngilər”, əllərdə yanan
Misri qılınc seli, el nərəsidir!
Xalqımızın yaradıcılıq dünyasından qopan musiqimizin
insanları ümumbəşəri hisslərə, sadəliyə, mərdanəliyə,
mübarizliyə, ədəb-ərkana səslədiyini müxtəlif
məqamlarda, müxtəlif vasitələrlə, nümunələrlə qeyd
etməyimiz, göstərməyimiz şagirdlərin milli-mənəvi
ruhda, vətənpərvərlik ruhunda tərbiyə edilməsində
böyük rol oynayır. Ölməz Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından uvertüranı, “Cəngi”ni, “Heyratı” zərbi
muğamını, həmin muğamın musiqisinə E. Mirzəbəylinin
yazdığı “Azadlıq marşı”nı və s. dönə-dönə dinləməyin,
milli musiqimizin incilərindən olan yallının sədaları
altında rəqs etməyin şagirdlərin tərbiyəsində
oynadığı rolu saymaqla qurtarmaq olmur. Dərs prosesində
şagirdlər təkcə xalq musiqi nümunələrindən (muğam, xalq
mahnısı, rəqslərdən və s.) deyil, həmcinin klassik
musiqi əsərlərindən (opera, operetta və s.) istifadə
etməklə yaradıcı ev tapşırıqları hazırlayır, dərs zamanı
təqdim edir və özləri də İnternetdə yerləşdirirlər.
Şagirdlərin çox hissəsi musiqi nəzəriyyəsinin, bəzi
terminlərin mənimsənilməsində çətinlik çəkir. Onların
terminləri anlaması və düzgün yazmağı öyrənməsi üçün
dərs prosesində müntəzəm olaraq müxtəlif krossvord,
rebus nümunələrindən istifadə edirəm. Dərsin müxtəlif
mərhələlərində, ümumiləşdirici dərslərdə hər hansı
mövzuya, tədris vahidinə, illik materiallara aid
müxtəlif çətinlik səviyyəsinə uyğun krossvordları fərdi,
qrup, kollektiv şəkildə hazırlayırıq. Şagirdlər arasında
vaxtaşırı həm musiqi bacarıqları, həm də krossvord
tərtibetmə və həlletmə bacarıqlarının yoxlanılması və
mükəmməlləşdirilməsi məqsədilə şagirdlərarası,
siniflərarası yarışlar keçiririk. Bu istiqamətdə
işlərimiz az deyil. Bütün bunları (hazırladığımız
krossvordları, testləri, musiqili səhnəcikləri və s.)
disklərə yazaraq aidiyyəti yerlərə təqdim etməyi
düşünürük ki, arzulayan hər bir müəllimin bu
materiallardan istifadə etmə imkanı olsun. Həmkarlarımla
birgə vaxtaşırı toplaşır, təcrübə mübadiləsi aparırıq.
“İnnovativ musiqi müəllimləri” qrupu yaratmışıq. Musiqi
fənninin tədrisi zamanı qarşıya çıxan problemlər,
onların həlli, İKT-dən istifadənin yolları haqqında
vaxtaşırı diskussiyalar, müzakirələr keçiririk.
Müntəzəm olaraq dərsdə müxtəlif musiqi alətlərindən (tar,
kamança, nağara, saz, fortepiano və s.) həm əyani
vəsait, həm də musiqi təhsilli şagirdlərin çıxışları
kimi istifadə edirik. Şagirdlərin hər biri musiqi
fənnini həvəslə öyrənir və müxtəlif səviyyəli
tədbirlərdə, yarıslarda və müsabiqələrdə çıxış edirlər.
Məsələn, şagirdimiz Ceyran Kərimli məşhur uşaq pop qrupu
“Can bala”nın üzvlərindən biri kimi dəfələrlə qardaş
Türkiyədə hər il keçirilən “23 Nisan Çocuk festivalı”nda
müvəffəqiyyətlə iştirak etmiş, müxtəlif diplomlarla
təltif olunmuş və laureat adına layiq görülmüşdür.
Musiqi müəllimi olaraq gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunması üçün peşə bacarıqlarımı
təkmilləşdirmək məqsədilə öz üzərimdə müntəzəm
işləməyi peşə borcu bilirəm. Müasir qloballaşma
dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real
həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə
yol açdığı kimi bu prosesin tarixi-mədəni irsə,
əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meyilləri də
özünü qabarıq göstərir. Gənclərin milli-mənəvi dəyərlər
əsasında, milli ruhda tərbiyə olunması məsələsi hər
zaman ümummilli lider Heydər Əliyev tərəfindən əsas
vəzifələrdən biri kimi irəli sürülmüşdür. Dövlət başçısı
bu məsələdən bəhs edərkən dediyi kimi, gənclərimiz milli
ruhda tərbiyə olunmalıdır, milli dəyərlərimizi yaxşı
bilməlidir. Ulu öndərin layiqli davamçısı, Prezident
İlham Əliyevin dediyi sözlər də fənnindən asılı
olmayaraq hər bir müəllimin başlıca məqsədlərindən biri
olmalıdır: “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik,
bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq
və bizim gücümüz də bundadır”. |