Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

“Müəllimlər də tələbələrin təcrübələrindən yararlanmaq istəyir”

 

ABŞ-ın Yel Universitetinin tələbəsi Vüsal Kərimovla söhbət 

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
o.mustafayev@muallim.edu.az
 

Vüsal Əmir oğlu Kərimov 1983-cü il sentyabrın 30-da  Naxçıvan şəhərində anadan olub. 2000-ci ildə Naxçıvan Türk  Liseyini  əla qiymətlərlə bitirib. 2005-ci ildə Türkiyənin  Ankara  Universitetini  beynəlxalq münasibətlər ixtisası  üzrə  bitirərək bakalavr dərəcəsi alıb.  2005-2006-cı illərdə İsveçin Lund Universitetində beynəlxalq siyasət (Avropa siyasəti) ixtisası üzrə magistr təhsili alıb.  2006-2007-ci illərdə hərbi xidmətdə olub. 2007-2011-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, o cümlədən nazirliyin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində attaşe və üçüncü katib vəzifələrində çalışıb.  2011-2014-cü illərdə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyində ikinci katib diplomatik vəzifəsində işləyib.  Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Yel Universitetində biznesin idarəolunması ixtisası üzrə magistr (MBA) proqramında təhsil alır.  

- Orta məktəb illərində uğurlarınız. Daha çox hansı fənlərə maraq göstərirdiniz? 

- Orta məktəb təhsilimi Naxçıvan şəhər 11 nömrəli məktəbdə və Naxçıvan Türk Liseyində (NTL) almışam. Orta məktəb illərində riyaziyyat, fizika və tarix ən çox maraq göstərdiyim fənlər  olub. Riyaziyyat üzrə Muxtar Respublikada təşkil olunan olimpiadalarda müxtəlif dərəcələrlə təltif olunmuşam. İbtidai məktəb müəllimim və NTL-dəki fizika və tarix müəllimlərim mənim təhsil bazamın və digər insani keyfiyyətlərimin formalaşmasında həlledici rol oynayıblar. Onlardan nizam-intizam ilə çalışmağı, insanlara və müxtəlif fikirlərə hörmətlə yanaşmağı, səbrli olmağı və digər bir sıra müsbət  keyfiyyətləri öyrənmişəm. Həyatda nail olduğum hər şeydə onların payının olduğuna inanıram. Ali məktəbə qəbul üçün həm TQDK imtahanında, həm də Türkiyə universitetlərinə qəbul imtahanlarında çox yüksək nəticələr göstərmişəm.     

- Sizdə ixtisasınıza maraq  necə  və  nə vaxtdan  yarandı?

- Mən özümü iki əsas ixtisas üzrə inkişaf etdirmişəm. Birincisi, beynəlxalq münasibətlərdir. Orta məktəbin son iki ilində dünyada baş verən hadisələrin də təsiri ilə aktual məsələlərə daha çox maraq göstərməyə başladım. Ölkəmizin qlobal müstəvidə layiqli yerini tapması üçün beynəlxalq münasibətlər sahəsində daha çox çalışmamızın zəruri olduğunu düşünürdüm. Özümü bu sahədə formalaşdırmaq üçün diplomatiya ixtisasını seçdim və bu istiqamət üzrə Türkiyə və İsveçdə təhsil aldıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinə işə qəbul oldum. İkinci ixtisasıma - biznes və maliyyə sahəsinə marağım təsir gücü günbəgün artan özəl sektorun və maliyyə vasitələrinin gündəlik həyatımıza birbaşa təsirlərini müşahidə prosesində yarandı.

- Xaricdə təhsil almağa necə qərar verdiniz? 

- Mən daha əvvəl Avropada təhsil almışdım. Lakin maliyyə və biznes sahəsinə marağım artdıqca bu istiqamət üzrə təhsil almağımın zəruriliyi ortaya çıxdı. Həmçinin, həyatımın hansısa mərhələsində ABŞ-ın ən yaxşı universitetlərindən birində təhsil almağı nəzərdə tuturdum. Əlbəttə ki, bu fikrimi Xarici İşlər Nazirliyinin rəhbərliyinə bildirmişdim. Təhsilimi inkişaf etdirmək fikrimi müsbət qarşılayan xarici işlər naziri Elmar Məmmədyarovun dəstəyi mənim üçün əvəzsiz oldu. Müvafiq razılıq verildikdən sonra hədəf olaraq seçdiyim bir neçə universitetin biznes məktəblərinə müraciət etdim.  Hədəfimdəki universitetlərə qəbul olmaq olduqca çətin proses idi. Valideynlərimin və digər yaxınlarımın dəstəyi ilə bu çətinliyin öhdəsindən gəldim. Nəticədə, dünyanın ən yaxşı biznes məktəbləri siyahısında yer alan dörd ABŞ universitetinə qəbul oldum. Bunlar arasından Yel Universitetini seçdim.

- Dövlət Proqramına qəbul olunmanız xəbərini necə qarşıladınız?  Ümumiyyətlə, bu proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz? 

- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ölkəmizin gələcəyinə qoyulan ən səmərəli investisiyalardan biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu proqrama xüsusi əhəmiyyət verməsi biz gəncləri ruhlandırır və bizim gələcəyə ümidlə baxmağımızı təmin edir. Bu proqram ölkəmizdə gənclərə göstərilən qayğının əyani sübutudur. Fürsətdən istifadə edərək, ölkə rəhbərliyinə xaricdə təhsil alan azərbaycanlı tələbələr adından dərin minnətdarlığımızı bildirirəm.

Məlumdur ki, xaricdə təhsil almaq istəyən bir çox gənc maliyyə vəsaiti olmadığı üçün öz  arzusunu yerinə yetirə bilmirdi. İndi isə xaricdə təhsil proqramı sayəsində gənclərimiz dünyanın aparıcı ölkələrinin universitetlərində müxtəlif akademik dərəcələr üzrə təhsil alırlar. Bunun ölkəmizə müsbət təsirlərini artıq görürük. Həm təhsilini bitirdikdən sonra ölkəmizə geri dönən gənclərimiz, həm də dünyanın bir sıra tanınmış təşkilatlarında və şirkətlərində işləyən həmvətənlərimiz Azərbaycanın inkişafı və təbliği üçün mühüm funksiyalar yerinə yetirirlər.

Dövlət Proqramına qəbul olunmağım xəbərini böyük sevinc hissi ilə qarşıladım. Bu, mənə göstərilən etimad və əvəzsiz dəstək idi. Bunun üçün Təhsil Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına bir daha minnətdarlığımı bildirirəm. 

- Tələbə həyatınız, asudə vaxtınız necə  keçir? Başqa ölkəyə  adaptasiya sizin üçün  çətin olmadı ki? 

- Yel Universitetində MBA proqramı çox gərgin rejimli proqramdır. Universitet tərəfindən təklif olunan çox faydalı və maraqlı dərslər var. Bu isə öz növbəsində iş yükünü artırır. Vaxtımı əsasən mütaliə ilə keçirirəm. Kitabxanada və ya qaldığım yerdə dərslərin mütaliəsinə çox vaxt ayırıram. Qeyd edim ki, universitetin professorları adətən öz sahələrində mühüm nailiyyətlər əldə etmiş insanlardır. Onlar arasında Nobel  mükafatı laureatları, ABŞ-ın sabiq dövlət katibləri (nazirləri) və s. qeyd etmək istərdim. Buna görə də dərslərə çox zaman ayırmalıyam.

Asudə vaxtlarımda proqramdakı digər dostlarımla birlikdə şəhər kənarına və yaxud da şəhərdəki maraqlı yerlərə gedirik. Həmçinin, müxtəlif idman oyunlarına, konsertlərə, teatra və film izləməyə gedirik. Yel Universitetinin çox böyük və tarixi konsert-tamaşa zalları var.

Həyatımın böyük bir qismini xarici ölkələrdə keçirdiyim üçün ABŞ-a adaptasiya olmaq mənim üçün çətin olmadı. 

- Seçdiyiniz ixtisas  sahəsi sizin üçün nə dərəcədə maraqlıdır?

- 1701-ci ildə qurulmuş Yel Universiteti ABŞ-ın və dünyanın ən mötəbər ali təhsil qurumlarından biridir. Bu universitet bütün elm sahələri üzrə böyük nailiyyətlərin mərkəzi olmuşdur.

Biznes Administrasiyası üzrə magistr (MBA) proqramları dünyanın hər yerində çox populyar proqramlardır. Buna əsas səbəb odur ki, bu proqramlarda biznesin müxtəlif sahələrinə dair həm elmi,  həm də praktiki təlimlər keçirilir. Universitetlər biznes məktəblərinə həddindən artıq çox investisiya qoyurlar. Bu məktəblərdən məzun olan insanlar dünyanın aparıcı şirkətlərində mühüm işlər görürlər. Bu məktəblərdə tədris olunan proqram biznesin müxtəlif cəhətlərini eyni zamanda təhlil edir və tələbələrin bu sahələrdə ümumi bilik alaraq istədikləri sahədə ixtisaslaşmasına şərait yaradır.  Təhsilin praktiki olaraq öyrədilməsi də çox mühümdür.  Belə ki, biz bir sıra dərslərin tərkib hissəsi olaraq, Nyu-York və Boston şəhərində yerləşən dünyanın ən böyük şirkətlərində, eləcə də banklarda dəfələrlə qısamüddətli praktiki təlimlərdə olmuşuq. İstənilən iş sahəsini dərindən öyrənmək üçün bu metod çox faydalı nəticələr verir.

Proqramın təmin etdiyi imkanlar və dinamika məndə bu sahəyə daha da böyük maraq yaranmasına səbəb olur. Dünyanın taleyini dəyişdirən böyük təşəbbüslərin hansı şəraitdə irəli sürüldüyünü görmək, mühüm elmi-texnoloji innovasiyaların təşəbbüskarı olan insanlarla görüşmək mənim perspektivimi çox genişləndirir. Həmçinin, iri qlobal maliyyə institutlarının aparıcı menecerləri ilə görüşdükcə maliyyə bazarlarında baş verən hadisələrin səbəbi və nəticələri barədə daha dolğun məlumat sahibi oluram.  

- Oxuduğunuz universitetdə müəllim - tələbə münasibətləri necə qurulub?

- Burada müəllim-tələbə münasibəti əsasən dostluq zəminindədir. Müəllim kimliyindən asılı olmayaraq tələbələrlə hər bir məsələni müzakirə edir və tövsiyələr verir.  Mənim təhsil aldığım  proqramda iştirak edən tələbələr əsasən daha əvvəl müxtəlif yerlərdə çalışmış təcrübəli insanlardır. Buna görə də müəllimlər də tələbələrin təcrübələrindən yararlanmaq istəyir. Buradakı müəllimlər hər zaman tənqidləri qəbul edirlər və daha da yaxşı olmağa çalışırlar. Hər hansı məsələdə müəllimin fikri ilə razılaşmamaq çox adi haldır. Mənim bir professorun sözü heç vaxt yadımdan çıxmaz: “İstənilən insan tənqidə açıq olmalıdır və bununla özünü daha da inkişaf etdirməlidir. Fikirlərimlə hamı razılaşdığı zaman o fikrimi yenidən nəzərdən keçirirəm”.  

- Universitetdə imtahan sessiyası, mühazirələr necə  təşkil olunur?

- ABŞ-da ali təhsil sisteminin üstün cəhətlərindən üçünü xüsusilə qeyd etmək istərdim. Birincisi, bəzi dərslərin yekun imtahanları olsa da, qiymətləndirmə üçün ən əsas meyar layihələr və həftəlik tapşırıqlardır. Bununla semestr boyunca dərslərdə keçilən mövzularla daim məşğul olursan. İkincisi, dərslərdə müzakirə olunan məsələlər üzrə daha əvvəl hazırlanmış, tədqiqata və müsahibələrə əsaslanan işlər (case) olur. Bununla mövzular nəzəriyyə cəhətdən ələ alınmaqla yanaşı, daha çox praktiki təsirləri ilə təhlil olunur. Məsələn, dünyada karqo və daşımacılıq iş sahəsinin necə yarandığına, hansı inkişaf mərhələlərindən keçdiyinə və hazırkı vəziyyətinə həsr olunmuş sessiyadan əvvəl bu sahədə qələmə alınmış işi oxuyuruq və dərs müddətində real nümunələri müzakirə edirik. Üçüncüsü, mühazirələr ancaq müzakirə formatında keçirilir. Yəni, 80 dəqiqəlik dərsin təxminən 50 dəqiqəsini tələbələr danışır. Beləliklə, əvvəldən hazırlanmış tələbələr mövzu ilə bağlı fikirlərini və təcrübələrini bölüşür, müəllimlər isə əsasən yaranan suallara aydınlıq gətirirlər. Təbii ki, xüsusilə texniki-maliyyə dərslərində struktur daha fərqlidir.     

- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?

- Hazırkı şəraitdə xaricdə təhsil almağın üstünlükləri çoxdur. Xüsusilə ABŞ-dakı elmi institutlarda yeni biliklərə yiyələnmək və innovativ metodları öyrənmək üçün imkanlar çoxdur. Əsas məsələ budur ki, bunlardan istifadə edərək ölkəmizin inkişafına necə təkan verə biləcəyimiz barədə düşünməliyik.

- Azərbaycan diasporası ilə əlaqələriniz...

- Nyu Heven şəhərində,  təəssüf ki, azərbaycanlılar çox azdır. Xoşbəxtlikdən universitetə bu il daha iki nəfər azərbaycanlı tələbə qəbul olunub və onlar təhsillərinə başlayıblar. Azərbaycanı təbliğ etmək üçün apardığımız işlər bu il daha çox əks-səda yaradır. Ötən il universitetdə tək olsam da, Azərbaycanla bağlı informativ  üç  tədbir keçirmişdim. Ən əsası isə, dərslərdə və digər tədbirlər zamanı müzakirə olunan mövzular üzrə Azərbaycandan nümunələr verərək, diqqəti ölkəmizə yönəltməyə çalışıram. Ölkəmiz universitetdə kifayət qədər tanınır. Ancaq bu istiqamətdə görüləcək iş çoxdur. Belə mötəbər universitetlərdə daha fəal olmalıyıq. Bildiyiniz kimi, ABŞ-da ictimai-siyasi rəyin formalaşmasında Harvard, Yel, Prinston, Stanford kimi universitetlərin rolu çox böyükdür.

Ümumiyyətlə, fürsət olduqca Nyu-Yorka gedirik və oradakı azərbaycanlı tələbələr və diaspora nümayəndələri ilə görüşürük.

- Gələcək planlarınız?

- Yel Universitetində əldə etdiyim bilik və bacarıqları ölkəmiz üçün ən səmərəli şəkildə istifadə edə biləcəyim yerdə olmaq istəyirəm.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov