Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Rusiyanın ən yaxşı müəllimi qəzetimizə müsahibə verdi

 

Oruc MUSTAFAYEV, 
“Azərbaycan müəllimi”

o.mustafayev@muallim.edu.az
 

Sergey Koçerejko 1989-cu il oktyabrın 8-də  Rusiya  Federasiyasının Samara vilayətinin  Tolyatti şəhərində anadan olub.  1996-2006-cı illərdə “Radiant”  qeyri-dövlət ümumtəhsil gimnaziyasında oxuyub, ilk təhsilini  gümüş medalla başa vurub.  2006-2011-ci illərdə Samara Dövlət Universitetinin  tarix fakültəsində oxuyub. Ali məktəbdən fərqlənmə diplomu ilə məzun olub.  III  kursdan Rusiya tarixi kafedrasında ixtisaslaşma keçib. 2011-ci ildən Samara Dövlət İqtisadiyyat Universitetinin  iqtisadi tarix kafedrasının aspiranturasında oxuyur.   Samara Dövlət Universitetinin  V kursundan 1 nömrəli gimnaziyada pedaqoji fəaliyyətə başlayıb və bu günə kimi davam etdirir.  2013-cü ildə “Piter” nəşriyyatında onun  “Tarix: tam kurs, multimedia repetitoru” tədris vəsaiti  çap olunub.  Bu il   “Samara təhsilinin lideri-2015”,  “Samara vilayətinin  ilin müəllimi-2015”  və  nəhayət, ölkə üzrə “İlin müəllimi -2015”  müsabiqələrinin  qalibi seçilib.  2012-ci ildən işlədiyi 1 nömrəli gimnaziyada  “İskra” adlı  gənc müəllimlər klubunun yaradılmasının təşəbbüskarlarından biri olub, hazırda kluba rəhbərlik edir. 2013-cü ildə Samara şəhər gənc pedaqoqlar assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.   26 yaşlı müəllimin ən böyük pedaqoji uğuru, mübaliğəsiz  demək olar ki,  “İlin müəllimi” müsabiqəsində qalib gəlməsidir.  

Rusiyada artıq 26 ildir ki, ilin ən yaxşı müəlliminin  müəyyən edilməsi üzrə müsabiqə keçirilir. Bu ilin yanvar ayından başlayan “İlin müəllimi-2015” müsabiqəsində Samara şəhərindəki  1 nömrəli gimnaziyanın tarix müəllimi, 26 yaşlı Sergey Koçerejko qalib gəlib.   Ölkənin 47 min təhsil işçisi arasında baş tutan çox mürəkkəb və məsuliyyətli yarışmanın qalibi “Azərbaycan müəllimi” qəzetinə böyük sevinc hissilə müsahibə verməyə razılığını bildirdi.  

- Öncə sizi yüksək ad münasibətilə təbrik edirik. “İlin müəlimi-2015”  necə keçdi?

- Mən “İlin müəllimi” müsabiqəsinin 3 mərhələsini  keçdim. 2015-ci ilin yanvar-mart aylarında şəhər (Samara), mart-aprel aylarında vilayət (Samara), avqust-oktyabr aylarında ümumrusiya final mərhələsində iştirak etdim.  Çox ciddi rəqabətə baxmayaraq,  inanılmaz dərəcədə  bütün bu 3 mərhələdə  rəqiblərimə   qalib gələ bildim.   Ümumrusiya müsabiqəsinin Böyütmək üçün seçin final mərhələsi 2 - əyani və qiyabi mərhələlərdən ibarət idi.  Qiyabi mərhələdə  3  sınaq üzrə - metodik seminar (istifadə olunan pedaqoji texnologiyalar, metodlar, üsullar, tapıntılarla bağlı təqdimat və onlara dair  izahedici  məktub), esse (“öyrətmək və öyrənmək” mövzusunda)  və müəllimin şəxsi saytına dair materiallar təqdim etmək tələb olunurdu.   Əyani tur əvvəlcə Kazanda keçirildi,  çünki ötən ilin ən yaxşı müəllim müsabiqəsinin qalibi bu şəhərdən olan biologiya müəllimi Alla Qolovenkina idi.  Yekun  sınaq mərhələ Moskvada oldu.   2015-ci ilin regionlar üzrə qalibləri olan 77 müəllim əvvəlcə  Kazanda  mübarizə apardı.  Kazanda keçirilmiş “açıq dərs”in nəticələrini  qiymətləndirən münsiflər heyəti  müsabiqənin final mərhələsinə  15 nəfərin namizədliyini təsdiq etdi.  Onlar  3 sınaq üzrə  mübarizə  aparırdılar -  ustad dərsləri  (səhnədən bütün müəllim həmkarlarına  uşaqları məhz necə öyrətdiyini  göstərməli idin), təhsil layihəsi  (qruplarda 5 nəfər olmaqla 6 saat ərzində hazırladıq) və pedaqoji şura (məktəbin problemlərinə dair açıq diskussiya). Bundan sonra  müsabiqənin 5 qalibinin adları açıqlandı ki,  onların da Rusiyanın təhsil  və elm naziri Dmitri Livanov və təhsil siyaətçiləri ilə “dəyirmi masa”da iştirak etməsi əsl sınaq oldu.  Rusiya Dövlət Dumasında keçirilən bu sınaqda  idarəetmə, strateji düşünmə bacarıqlarını  nümayiş etdirmək tələb olunurdu. Nəticədə, oktyabrın 5-də  ölkəmizdə 50-ci dəfə keçirilən Beynəlxalq Müəllimlər Günündə Böyük Kreml Sarayında “İlin müəllimi-2015” müsabiqəsinin  mütləq qalibi elan olundı. Bu adı daşımaq şərəfi mənə nəsib oldu.

Mənim üçün müsabiqə cari ilin yanvarından oktyabrınadək davam etdi, lakin bu olduqca dar çərçivədir.  Birincisi,   müsabiqəyə hazırlıq yanvarda deyil,  məktəbdə fəaliyyətimin ilk günündən başlayıb. Məşhur pedaqoq  D.Suxomlinski qeyd edirdi ki, əsl müəllim dərsə bütün ömrü boyu hazırlaşır.  İkincisi, nəticələr məlum olsa da,  müsabiqə  onun iştirakçılarının heç biri üçün başa çatmayıb.  Onlar indi  öz regionlarında ilin  müəllimləri assosiasiyasına daxildirlər,  ümumrusiya forumlarında görüşəcək və  təcrübə mübadiləsi aparacaqlar.

Böyütmək üçün seçin- 47 min müəllim arasından qalib seçildiniz. Təəssüratlarınız necədir?

- Mənim müsabiqədən  təəssüratlarım necədir? Birincisi, müsabiqə  səni  qüvvə və vaxtın  çatmadığı  bir işi  görməyə məcbur edir.  O, vaxtın çatmadığı  adi həyat qarmaqarışıqlığında səni öz-özünə suallar verməyə vadar edir: sən nə edirsən, onu  məhz necə edirsən, niyə onu başqa  cür deyil, məhz bu cür edirsən? Müsabiqə  səni öz peşə təcrübənə, öz sisteminə yenidən baxmağa,  dəyərləndirməyə məcbur edir.

İkincisi, müsabiqə  gözəl insanlarla  tanış olmaq imkanı verir, onlarla  ünsiyyətdə olmaq  çox xoşdur,  onlardan öyrənməli çox şey var.  Onlar  müsabiqə iştirakçıları olan  həmkarlarımızdır,  müsabiqənin təşkilatçılarıdır,  münsiflər heyətinin üzvləridır və  ötən illərin qalibləridır.

Üçüncüsü, müsabiqə   gözəl duyğular bəxş edən möhtəşəm bayramdır. Səni  qaliblərin ilk 5-liyində  elan edəndə, ələlxüsus da  sonra  Kreml Sarayının səhnəsindən MDU-nun rektoru V.Sadovniçi  qiymətli  zərfi  açaraq sənin adını qalib kimi  çəkəndə  o anların sevinc və heyrətini  ifadə etməyim mümkün deyil!  Məhz bu müsabiqə sayəsində Kazandakı gözəl 177 nömrəli məktəbdə,  Dövlət Dumasında olmağım, Soçidə “Sirus” mərkəzində prezident Vladimir Putinlə görüşməyim  mümkün olmuşdur.  Mən müsabiqənin  bütün təşkilatçılarına, “Uçitelskaya qazeta”ya, Təhsil və Elm Nazirliyinə  minnətdaram.

- Sizin cəmi 4 illik pedaqoji  iş təcrübəniz var.  Necə oldu ki, müsabiqədə iştirak etmək qərarına gəldiniz?  Müsabiqəyə hansı  ideya ilə qatıldınız?

- Mənim müsabiqədə iştirakım elə özüm  üçün də  gözlənilməz oldu.  Ötən  il mənim 3 il pedaqoji stajım var idi, mən özüm müsabiqədə iştirak etməyə hazırlaşmırdım, hesab edirdim  ki, belə kiçik bir təcrübə ilə müsabiqədə iştirak mənim üçün  hələ  tezdir,  təcrübəli həmkarlarıma nəyisə  öyrədə bilmərəm. Amma ötən ilin payızında  gimnaziyanın direktoru  məni öz otağına çağırıb müsabiqədə iştirak etməyimi təklif etdi. Mən gimnaziyanı müsabiqənin şəhər mərhələsində  təmsil etməyə razılıq verdim.  İştirakım  uğurlu oldu.

Mənim ideyam nə idi?  Əgər metodiki ideyadan  danışsaq,  ideyamın əsasında tənqidi təfəkkürün inkişafı  dayanır.  Amma  bu  gün  onu adətən  dar mənada,  20 il əvvəl Qərbdə işlənilib hazırlanmış və  fişboun , sinkveyn, klaster və b. bu kimi ekzotik metodların tətbiqinə əsaslanan konkret pedaqoji texnologiya kimi başa düşürlər.  Çox vaxt isə bu metodlar dərsdə məqsədə çevrilir: uşaqlar bütün 45 dəqiqə ərzində müəllimlə birlikdə növbə ilə gah fişboun,  gah klaster təşkil edir,  informasiyanı ixtisar  etməyi və  genişləndirməyi öyrənir,  dərsin məzmunu,  informasiyanın mənasını təhlil etmək bacarıqlarının inkişafı isə  kənarda qalır. Mən  isə tənqidi təfəkkürün geniş mənada,   informasiyaya inamı qəbul etməyən, sərbəst düşüncədən çəkinməyən elmi dünyagörüş kimi  anlaşılması nöqteyi-nəzərindən çıxış edirəm. Bu cür düşüncə adi düşüncənin çərçivəsindən kənara  çıxır.  Mənim müsabiqədə ustad dərsimin mövzusu  düşüncənin mifləşdirilməsi idi.

- Sizcə, ən yaxşı müəllim kimdir?

- Müəllimi müəllim edən nədir?  Onun bənzərsiz şəxsiyyəti, azadlığı və cəsarəti. Uşaqlar heç vaxt  hamının qorxduğu  adamlara qulaq asmayacaqlar.  Müəllim uşaqlar  üçün nümunə olmalıdır, onlar  mütləq ona  bənzəmək istəyəcəklər.  Yalnız azad və cəsarətli müəllim gələcəyi yaradacaq  azad və cəsarətli şəxsiyyət yetişdirə bilər. Əsl müəllim, ilk növbədə,  yaxşı insan, ziyalı,  prinsipial olmalıdır.  Bu il mən  11-ci sinif  şagirdləri arasında sorğu keçirdim, onlardan  ən yaxşı müəllimin başlıca  keyfiyyətlərini sadalamağı xahiş etdim. Onların əksəriyyəti  müəllimin ədalətli   olmasını qeyd etdilər.  Müəllim  uşaqlardan çox özünə qarşı  tələbkar olmalıdır.  Bu ona ən başlıca  keyfiyyəti - uşaqlar tərəfindən hörməti,  valideynlər və məktəb rəhbərliyi tərəfindən isə  etimadı verəcək. Mən bütün bu keyfiyyətləri  öz doğmalarımdan, universitet müəllimlərimdən, məktəb müəllimlərimdən, 1 nömrəli gimnaziyadan olan həmkarlarımdan öyrənməyə çalışıram.

- Niyə müəllim olmaq qərarına gəldiniz  və ilk dərsinizi necə xatırlayırsınız?

- Hər bir insan  peşə seçimi qarşısında dayanır, mənin taleyimdə də bu baş verib. Müəllim olmaq arzusu  məndə, digər bir çox həmkarlarım kimi, uşaqlıqda,  ibtidai məktəbdə oxuyanda  yaranıb.  Məktəb həyatı ilə bağlı ilk təəssüratlarım məni heyran etmişdi.  Öz müəllimlərim kimi olmaq istəyirdim.  Ancaq  ildən-ilə  hər şey dəyişirdi.  Məktəbi bitirən il qarşımda 3 yol dururdu: tarixçi, hüquqşünas və ya jurnalist olmaq.  Orta məktəbin buraxılış ilində verdiyim vahid dövlət imtahanları mənin tarix fənnini  seçməyimə  birbaşa  yol açdı.  Nəticədə mən Samara Dövlət Universitetinin  tarix fakültəsinə daxil oldum. Birinci kursda oxuyarkən mən  eyni zamanda  Tolyatti televiziyasında da çalışırdım.  Arxeoloji praktika ilə əlaqədar  televiziyada işim başa çatdı və mən tamamilə tarixçi ixtisasıma bağlandım.  Beşinci kursda oxuyarkən  Samaradakı 1 nömrəli gimnaziyada pedaqoji təcrübədə oldum.  Məhz burada tarix və  ictimaiyyat müəllimlərinin uşaqlarla necə işləmələri mənim  uşaqlıq arzumun   yenidən canlanmasına səbəb oldu.  Bir sözlə, 5 həftəlik təcrübənin sonunda mən məktəbdə işləmək istədim,  elə ki, gimnaziyanın direktoru mənə  təhsil müəssisəsində qalıb işləməyi təklif etdi, mən həvəslə razılıq verdim.  Bizim həyatımızda təsadüflər çoxdur, ancaq  onların hansı qanunauyğunluqlara  çevriləcək, bu, hər bir insanın  şəxsiyyətindən asılıdır.

Praktika və  dərhal ondan  sonrakı dövrdə ilk dərslərimi yaxşı xatırlayıram.  Çətin,  ancaq çox maraqlı idi.  Müəllimlərin uşaqlarla necə işləmələri məni ruhlandırırdı.  Mən  bütün bilik və bacarıqlarımı dərhal  uşaqlarla  bölüşmək istəyirdim.  Məktəb rəhbərliyi məni lağa qoyaraq səylərimi  “gənc müəllimlərin xəstəliyi” adlandırırdı. Bəlkə də bu,  “xəstəlik”dir, lakin əsas məsələ odur ki, sən öz  emosiyalarını və  ilk dərslərdə uşaqlarla görüşə getdiyin əhvali-ruhiyyəni,  onlar üçün yeni dünya açmaq, onlara bildiklərini öyrətmək arzusunu qoruyub saxlayasan. Zaman keçdikcə  anlamağa başladılar ki,  uşaqların yaş xüsusiyyətlərini real olaraq necə  nəzərə almaq olar,  dərsdə məhz hansı bilik və bacarıqların  mənimsənilməsi mərhələlərindən istifadə etmək lazımdır, ancaq bu,  texnikanın işidir. Əgər  daxildə istək varsa, texnika gələcək. 

- Sizin pedaqoji kredonuz?

- Mən pedaqoji kredo kimi Martin Lüterin (alman protestantlığının banisi) bu  sözünü  götürmüşəm: “Sözümün üstündə dururam,  başqa cür də ola bilmirəm”.  Həqiqətən,  elə şeylər var ki, mən onların doğruluğuna əminəm və   həmişə sübut edirəm: müəllim azadlığı və müəllimə etimadın göstərilməsi. Əgər valideynlər, məktəb müdiriyyəti, bütövlükdə cəmiyyət, hakimiyyət orqanları müəllimə etibar və  onun  azadlığına hörmət edirsə,  işləmək onun üçün komfortdur və o, işləmək istəyir. Müəllim dərsdə   tədris materiallarının  detallarını, vasitələrini, iş formaları və üsullarını,  metodlarını  özü seçir,  tədris prosesində elektron vasitələrdən  istifadə etmək və ya ümumiyyətlə  etməmək barədə özü qərar verir. Məndən soruşanda ki, pedaqoji texnologiya və metodları,  dərsin məzmununu  necə seçirsiniz, mən  onlara deyirəm: siz şəxsən nəyi vacib hesab edirsiniz, onu.  O müəllimin dərsi  uğurlu alınır ki,  onun dərs metodları, seçdiyi iş vasitələri və formaları,   texnologiyalar bir-biri ilə üzvi əlaqədədir. 

- Sizin fikrinizcə, bu gün məktəbdə nə çatışmır?

- Mənim fikrimcə, müasir məktəbdə  müəllimə inam  çatışmır.  Müəllimə inamsızlıq həm valideynlər, həm  məktəb administrasiyası, həm də hakimiyyət tərəfdən  tez-tez özünü göstərir.  Özgələrin  məsuliyyətini sənin üzərinə atanda,  hər şeydə səni ittiham edəndə daha çox əllərini  yanına salmaq istəyirsən.  Təəssüf  ki,  tez-tez hər şeydə müəllimlər günahkar hesab olunur.  Əgər hamının qarşısında  məhz  o günahkardırsa,  o zaman  kim müəllim  işləyəcək?

Dövlət  müəllimlərə qarşı çoxsaylı  tələblərin işlənib hazırlanmasına və onların bu tələblərə uyğun olub-olmadığına dair yoxlamalara əhəmiyyətli dərəcədə resurslar sərf edir.  Bu etimadsızlıq üzündən E.Yamburqun sərrast deyiminə  görə,  “məktəb getdikcə daha çox şagirdlərin müəllimlərin  sənədlərlə işləmələrinə mane olduğu yerə  çevrilir”.  Müəllimlərin əsas işlə - uşaqlarla işləməsinə daha az vaxtları qalır.  Əminəm ki, əgər bu resurslar yoxlamalara sərf olunmasa,  məktəbə, müəllimə və şagirdə yönəldilsə, daha çox fayda verə bilər.

- Sizcə, müasir məktəb və uşaqlar çox dəyişib?

- Mən hesab edirəm ki, uşaqlar bütün dövrlərdə müxtəlif olublar.  O qədər müxtəlif  ki, eyni bir dərsi heç vaxt iki dəfə eyni  cür  keçmək  müyəssər olmur. Müxtəlif siniflərlə bu, fərqli dərslər olacaq. Şübhəsiz ki, müasir uşaqlar  informasiya dünyasına , sosial şəbəkələr  aləminə çox böyük şəkildə cəlb olunmaları ilə fərqlənir. Amma onları həm də canlı ünsiyyət birləşdirir,  onlar  həmçinin bir çox dərnək və bölmələrə gedir, idmanla da məşğul olur, həyətdə də vaxt keçirirlər. Yəqin ki,  onlar  kitab az oxuyurlar,  bu isə  problemdir,  bu məsələni  həll etmək lazımdır.

Mən əminəm ki, uşaqlara  valideynləri ilə ünsiyyət  çox lazımdır. Valideynlərin övladlarının uğurlarında maraqlı olması, hiss və həyəcanlarını onlarla  bölüşmələri böyük əhəmiyyət kəsb edir.  Tez-tez olur ki, müasir valideynlərin uşaqlarla ünsiyyət  saxlaması üçün vaxtları və ya  istəkləri  yoxdur,  çünki  ya öz işləri ilə bağlı və yaxud da  uşaqları üçün  uğur  şəraitinin təmin edilməsindən narahatdırlar. Amma başa düşmək lazımdır ki, uşaqların uğurunun əsas şərti -  onların ən nüfuzlu məktəbə qəbul edilməsi,  hansısa 5 dərnək  və bölmədəki məşğələlərə xərclənən pullar,  övladlarına   6-cı  nəsil IPhone cihazının alınması deyil,  ən əsası ailədə anlayış, yaxınların diqqətidir. Uşaqların tərbiyəsinə görə məsuliyyəti bütünlüklə məktəbin üzərinə qoymaq olmaz.  Tərbiyə  bütün cəmiyyətin, xüsusən də valideynlərin  cəlb olunduğu,  əvvəli və sonu olmayan prosesdir.

- Sizin pedaqoji uğurunuzun sirri nədədir?

- Məndən uğurun sirri haqda tez-tez   soruşurlar.  Mən sosial şəbəkələrdə  rastlaşdığım aşağıdakı bir fikrə qədər bu barədə çox  uzun müddət düşünmüşdüm: “Bax, sən həmişə uğurunun sirrini axtarırsan, lakin uğurun  hansısa  bir  sirri yoxdur,  hər zaman uğurun sirrini axtarmaqdansa, sadəcə işləmək lazımdır”. Həqiqətən, “İlin müəllimi”  müsabiqəsi  əyləncə deyil, bu, həyatımı  yarım ildən çox məşğul edən böyük zəhmətdir.  Düşünürəm ki, işə məsuliyyətli münasibət və öz daxili prinsiplərinə uyğun hərəkət etmək ən mühüm amildir. Sözsüz ki,  ənənələrə istinad edilməsi də vacibdir. Məktəbdə işlədiyim bütün 4 il  ərzində mən tez-tez 1 nömrəli  sosial elmlər gimnaziyasının ən təcrübəli müəllim həmkarlarımın  -  S.Losevanın, S.Şelkovskayanın, V.Kamayevanın, V.Tısçenkonun və digərlərinin dərslərində iştirak etməyə çalışmışam. Yalnız ustad dərsində müəllim sənətini öyrənmək olar. Mən onlara çox minnətdaram!

- Müasir məktəbin inkişafı   innovasiyalar vasitəsilə həyata keçirilə bilər. Siz tədris prosesində hansı fəal təlim metodlarından istifadə edirsiniz?  Dərslərinizi necə qurursunuz?

- Metodiki üsulları aktiv və passiv kimi iki yerə  bölmək və hesab etmək ki,  guya birincilər dərsin 100 faizini təşkil etməlidir, ikincilərin  isə istifadə haqqı yoxdur, bu,  mümkün deyildir.  Hətta  o məqamlar ki, uşaqlar sinifdə müəllimin söhbətini dinləyir, bu da onların fəallığının təzahürüdür.  Axı onların qarşısında əvvəlcədən keçilən mövzuyla bağlı müəyyən suallara cavab vermək tapşırığı qoyulur. Dərslərimdə mən  uşaqlarda tarix və tarix elminə maraq oyatmağa çalışıram, bunun üçün məlum olan və çoxdan ehkama çevrilmiş şeyləri qeyri-adi tərəflərdən  göstərməyə çalışıram. Uşaqlara həmişə maraqlıdır ki, dərslik mətni onlara  son instansiya olaraq həqiqət kimi yox,  baxış  bucağından çatdırılır,  onun da yanında başqa yanaşmalar  ola bilər. Uşaqlara həmişə maraqlıdır ki,  dərsdə birgə iş zamanı biz qeyri-standart nəticələrə gəlirik. Dərs prosesində   “hər kəsin bildiyi” çox şeylər,  məlum olur ki, tarixi  mif  imiş.  Və bu mif  suallar verilən andan dağılmağa başlayır.  Məsələn,  Kazan şəhərindəki 177 nömrəli orta məktəbin X sinif şagirdləri ilə “Qədim rus dövləti”  mövzusunda keçdiyimiz müsabiqə dərsində  biz salnamənin nə olduğunu aydınlaşdırmağa  çalışdıq.   Adətən hesab olunur ki, salnamə  gələcək nəsillər qarşısında hesabatdır. Amma orta əsrdə yaşayanlar  çox dindar olublar  və  onlar  real olan dünyanın tezliklə  sonunu  gözləmə şəraitində  yaşayıblar (Qiyamət günü, İsanın ikinci gəlişi). Onlara görə,   bundan sonra  görünür, nəsillər olmayacaq.  Uşaqlar  nəticəni özləri ifadə ediblər: salnamə  müasirlər tərəfindən heç də gələcək nəsillər qarşısında hesabat deyil,  Qiyamət günü əvvəli  baş verənlərlə bağlı Allah qarşısında bir növ hesabatdır. 

- Gələcək planlarınız və hobbiniz barədə...

- Gələcək üçün planlarım birdir  -  yalnız işləmək. Çünki  indi işləmək daha çox  lazım gələcək.  Məni “İlin müəllimi” müsabiqəsinin  qalibi elan edəndə Samarada həyat yoldaşıma dedilər: İndi sən onun üzünü bir il görməyəcəksən.   Həqiqətən də  müsabiqədən sonra ölkə üzrə çoxsaylı  səfərlərim olur,  müxtəlif müəllim  toplantıları,  konfranslar, “dəyirmi masa”larda iştirak edirəm.  Məsələn, Rusiyanın Təhsil və Elm Nazirliyi  məni  irimiqyaslı “Rusiya elektron məktəbi” layihəsində iştirak etməyə dəvət edib. Layihənin məqsədi ümumtəhsil məktəb fənlərinin bütün mövzularını əhatə edən 12 mindən artıq videodərslərdən ibarət bankın yaradılmasıdır.   Planlarımdan biri  8 aylıq qızım Lizaya tərbiyə vermək və  böyütməkdir.  Uşaqlarla işləyən müəllimlərin çox vaxt öz uşaqları ilə məşğul olmalarına vaxt qalmır, ancaq çox istərdim ki, onunla tez-tez ünsiyyətdə olum.  Mən boş vaxtlarımı ailə  üzvlərim və çox dəyər verdiyim dostlarımla birlikdə keçirməyə çalışıram. Bir az vaxt  tapanda  hobbimə - intellektual oyunlara da diqqət ayırıram. Mən Samara şəhərindəki “60 saniyə”  klubunda  “Nə?  Harada?  Nə vaxt?”  intellektual oyununda iştirak edirəm.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov