Noyabrın 10-da Heydər Əliyev Mərkəzində tələbələr
arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı II
ümumrespublika bilik yarışı keçiriləcək.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil
Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin
yaşadılması və gənc nəsil arasında təbliği məqsədi
daşıyır.
Yarışda ölkənin ali təhsil müəssisələrində
bakalavr və magistr pilləsi üzrə təhsil alan
tələbələrdən ibarət komandalar iştirak edəcək. Hər ali
məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46
komanda mübarizə aparacaq. Hər komandada 6 əsas və 2
ehtiyat iştirakçı olacaq.
Yarış 3 turdan ibarət olacaq və onların hər
birində 12 sual səsləndiriləcək. Suallar ulu öndər
Heydər Əliyevin uşaqlıq və gənclik, dövlət təhlükəsizlik
orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər,
siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də
ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi
illərlə bağlı mövzuları əhatə edəcək. Qalib komanda
turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən
ediləcək. Birinci, ikinci və üçüncü yerləri tutan
komandalar mükafatlandırılacaq.
Qeyd edək ki, yarış ərəfəsində hazırlıq məqsədi
ilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti
təşkil olunur. Tələbələr bu ziyarətlər zamanı Mərkəzdə
fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olur,
ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar
əldə edir, foto və video ilə yanaşı, digər zəngin arxiv
materialları əsasında araşdırma aparırlar.
Xatıqladaq ki, Heydər Əliyev Mərkəzində “Heydər
Əliyev və Azərbaycan tarixi” mövzusunda birinci
ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də
keçirilib. Birinci bilik yarışında Bakı Slavyan
Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər
Əliyev adına Akademiyası və Lənkəran Dövlət
Universitetindən olan komandalar müvafiq olaraq birinci,
ikinci və üçüncü yerlərin qalibi olub.
www.edu.gov.az
|