“Naxçıvan” Universitetinin konfrans zalında ali
təhsil ocağının pedaqoji fakültəsinin tələbələrinin
təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Günü
münasibətilə “Bayrağımız şanlı tariximizdir” mövzusunda
tədbir keçirildi.Tədbir başlamazdan əvvəl Azərbaycanın
Dövlət himni səsləndirildi. Sonra qürur mənbəyimiz olan
bayraq səhnəyə gətirildi.
Ulu öndərin milli mənafelərə əsaslanan siyasətinin
bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə
çatdıran aparıcılar bildirdilər ki, Prezident İlham
Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət
atributlarını uca tutur. Ölkə başçısı 2007-ci il
noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının
yaradılması, 2009-cu ilin noyabrında isə Dövlət Bayrağı
Gününün təsis edilməsi haqqında sərəncamlar
imzalamışdır. O vaxtdan bəri noyabrın 9-u
respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Vurğulandı ki, Dövlət Bayrağı Meydanı
dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı
təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini
nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini
qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini bir daha
göstərir.
Tədbirin bədii hissəsində tələbələrin ifasında
bayrağımızı tərənnüm edən şeirlər, bir-birindən
rəngarəng musiqi nömrələri səsləndirildi, rəqslər ifa
olundu. Sonda tədbirə ali təhsil ocağının tədris işləri
üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent
İbrahim Kazımbəyli yekun vurdu, bayrağımızı əks etdirən
slayd və tələbələrin hazırladıqları videoçarx nümayiş
etdirildi.
Nuray ƏSGƏROVA |