Naxçıvan
Dövlət Universitetində 9 noyabr - Dövlət Bayrağı Günü
xüsusi təntənə ilə qeyd olunub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov çıxışında bildirib ki, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə 1918-ci il iyunun 24-də
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk
qərar verilib, bu qərara əsasən üzərində ağ rəngli
aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı
bayraq Dövlət bayrağı kimi qəbul olunub. Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr
tarixli Qərarı ilə həmin bayraq üçrəngli- mavi, qırmızı
və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunub.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə bu
bayraq ləğv edilib. Rektor vurğulayıb ki, Azərbaycan
Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il
noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi
ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında
qaldırılıb. Həmin sessiya tariximizdə Azərbaycan
dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi
ilə bağlı bir çox məsələlərin müzakirə olunması,
ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların
qəbul edilməsi ilə əlaqədar olub. Natiq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr
2009-cu il tarixli sərəncamına əsasən hər il 9 noyabrın
“Dövlət Bayrağı Günü” kimi dövlət səviyyəsində qeyd
olunduğunu bildirib.
“Bu gün Azərbaycanda dövlət atributlarına hörmət və
ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərin yolunu
uğurla davam və inkişaf etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dövlət
rəmzlərinə olan münasibətindən qaynaqlanır. Ölkə
Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin
nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə
hörmət və ehtiram Azərbaycan dövlətinin təməl
prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir”,
bu fikirləri YAP Universitet Şəhərciyi Ərazi ilk
Təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru
Şamxal Məmmədov “Üçrəngli bayrağımız müstəqilliyimizin
simvoludur” mövzusundakı məruzəsində səsləndirib.
“Bayrağımız milli dövlətçiliyimizin qürur mənbəyidir”
adlı məruzə ilə çıxış edən Azərbaycan tarixi
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin
Zamanov bildirib ki, əsrlər boyu müstəqillik arzusu ilə
yaşamış Azərbaycan xalqı bu yolda yorulmaz mübarizəsi
sayəsində bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxaraq
bu gün bütün azadlıqların qorunduğu müstəqil ölkədə
yaşayır.
Tədbirdə həmçinin Dövlət bayrağı haqqında slaydlar da
nümayiş olunub.
Sonda YAP sıralarına yeni qəbul olunmuş tələbələrə
üzvlük vəsiqələri təqdim edilib.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |