Noyabrın
4-də paytaxtın Nəsimi rayonunda yerləşən 164 nömrəli tam
orta məktəbdə 9 noyabr Dövlət Bayrağı Gününə həsr
olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin
müəllim-şagird kollektivi ilə yanaşı, Nəsimi Rayon İcra
Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, “Təhsil
və zaman” qəzetinin redaktoru Böyükaga Mikayıllı,
valideynlər və digər şəxslər iştirak edirdilər.
Öncə iştirakçılar məktəbin foyesində şagirdlərin əl
işlərindən ibarət təşkil olunan sərgiyə baxış
keçirdilər.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin
direktoru Kəmalə Qədirova açdı. Bayrağımızın yaranma
tarixi və sonrakı mərhələləri haqqında danışan direktor
bildirdi ki, dünyanın 70-dən çox aparıcı ölkəsində
fəaliyyət göstərən səfirliklərin, nüfuzlu beynəlxalq
təşkilatların binalarının üzərində dalğalanan dövlət
bayrağımız hər bir azərbaycanlı üçün çox böyük qürur
mənbəyidir. Dövlət bayrağımız millətimizin, xalqımızın
azadlıq və istiqlal ideyalarının, milli varlığının,
bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş
mədəniyyətə sahib olduğunun təcəssümüdür. Hər bir
azərbaycanlının borcudur ki, ümummilli liderimiz Heydər
Əliyevin azərbaycançılıq - vətənpərvərlik ideyalarına
sadiq qalsın, bayrağımızın şərəfini hər yerdə qorusun,
dünya arenalarında onun ən yüksək zirvələrdə
dalğalanmasına nail olsun.
Prezident
İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsindəki
xidmətləri, dövlət atributlarımıza olan xüsusi diqqət və
qayğısından danışan K.Qədirova Azərbaycan Prezidentinin
sərəncamı ilə Azərbaycan Dövlət Bayrağı Gününün təntənə
ilə qeyd olunmasının xüsusi əhəmiyyəti olduğunu diqqətə
çatdırdı. Güclü və müstəqil respublikamızın olduğundan
qürur hissi keçirdiyini bildirən direktor şagirdlərə
dövlətimizin yaratdığı şəraitdən maksimum istifadə
etməyi, dövlət atributlarımıza daim hörmət etməyi
tövsiyə etdi.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti
başçısının müavini Gülarə Verdiyeva diqqətə çatdırdı ki,
Azərbaycan Respublikasının bayrağı Azərbaycan dövlətinin
müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən
biridir. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən
müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul
olunmalıdır. Vurğulanıb ki, dövlət başçısının müvafiq
sərəncamına əsasən Bakıda dünyanın ən hündür bayraq
dirəyinin inşa edilməsi və Dövlət Bayrağı Meydanının
yaradılması ölkəmizdə Dövlət bayrağına yüksək qiymət
verilməsinin göstəricisidir. Tükənməz qürur mənbəyi
olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu,
Dövlət bayrağımızın indiyədək dəfələrlə
dəyişdirildiyini, sovet imperiyasının əsarətindən
qurtulandan sonra ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə üçrəngli bayrağımızın yenidən bərpa
olunduğunu qeyd etdi.
G.Verdiyeva belə tədbirlərin orta ümumtəhsil
məktəblərində keçirilməsinin şagirdlərin milli
vətənpərvərlik ruhunda tərbiyə olunmasında, dövlət
atributlarımızın təbligində xüsusi əhəmiyyəti olduğunu
qeyd etdi. 164 nömrəli məktəbdə tədbirlərin həmişə
yüksək səviyyədə keçirildiyini bildirən natiq tədbirin
təşkil olunmasında zəhməti keçən hər bir şəxsə
minnətdarlığını bildirdi.
Daha sonra şagirdlərin hazırladıqları ədəbi-bədii
kompozisiya iştirakçılar tərəfindən maraqla izləndi.
Bədii rəhbərləri məktəbin müəllimləri Şəhla Gündüz,
Təranə Bağırova, musiqiçisi isə Kəmalə Cəmilqızı olan
tədbirdə “Bura vətəndir” şeiri, “Şuşanın dağları”
mahnısı, şair Fikrət Qocanın poeması əsasında hazırlanan
“Bayraq tutan oğullara” kompozisiyası izləyicilərə xoş
ovqat bəxş etdi. Məktəbin şagirdləri Nərmin Musayeva,
Ağali Quliyev və Emil Bəşirovun iştirak etdiyi
kompozisiya xüsusi alqışa səbəb oldu.
Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi” |