Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf
İsgəndərovun birinci kurs tələbələri ilə görüşü olub.
Öncə Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib.
Rektor ali məktəbə daxil olmaları münasibətilə
tələbələri təbrik edib və bildirib ki, müstəqil
Azərbaycanın yetirməsi olan Lənkəran Dövlət Universiteti
ümummilli lider Heydər Əliyevin və onun layiqli
davamçısı cənab İlham Əliyevin yüksək qayğısı sayəsində
inkişaf edib, respublikamızın qabaqcıl ali təhsil
müəssisələri sırasında özünə layiqli yer tutub.
Qeyd edilib ki, gənc nəslin peşəkar mütəxəssis, vətəndaş
kimi yetişməsində universitetdə ardıcıl və məqsədyönlü
işlər həyata keçirilir. Bildirilib ki, bu il
universitetə 595 nəfər daxil olub. Tələbələr arasında
600 və daha çox bal toplayanlar vardır. Hazırda
universitetdə 21 ixtisas üzrə 2410 tələbə təhsil alır.
Sonra tələbələrlə fikir mübadiləsi aparılıb. Birinci
kurs tələbələrindən Aytac Hacızadə, Türkanə Rzayeva,
Pərvin Axundzadə, Rəmziyyə Teymurbəyli və başqaları
çıxış edərək ali məktəbdə oxuduqları qısa vaxt ərzində
onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını
bildiriblər.
Yuxarı kurs tələbələri adından dördüncü kurs tələbəsi
Şəhla Adıgözəlova çıxış edərək, birinci kurs
tələbələrinə təhsildə və ictimai işlərdə uğurlar
arzulayıb.
Tədbirin sonunda tələbə bileti və qiymət kitabçaları
təqdim edilib.
Hacı Etibar ƏHƏDOV |