Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyətində Akademiyanın 70 illik yubileyinə həsr
olunan mətbuat konfransı keçirilib. AMEA-nın
vitse-prezidentlərinin, elmi bölmələrin
akademik-katiblərinin, KİV nümayəndələrinin iştirak
etdiyi tədbiri AMEA-nın prezidenti, akademik Akif
Əlizadə açaraq media işçiləri ilə görüşündən məmnunluq
hissi keçirdiyini bildirib.
Yaxın günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 70
illik yubileyinin keçiriləcəyini deyən akademik ölkə
başçısı cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər
Akademiyasının 70 illik yubileyinin keçirilməsi
haqqında” imzaladığı sərəncamın əhəmiyyətindən söz açıb.
AMEA-nın rəhbəri ölkəmizdə elmi-intellektual
potensialın milli sərvət kimi formalaşdırılmasında,
elmin dövrün tələblərindən irəli gələn strateji
istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif
sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında
Akademiyanın müstəsna rolundan danışıb.
AMEA-nın rəhbəri A.Əlizadə Prezident İlham Əliyevin 3
noyabr 2015-ci il tarixli sərəncamları ilə Akademiyanın
bir qrup əməkdaşının orden, medal və fəxri adlarla,
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
ilə təltif olunmasını, səkkiz nəfərə isə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsini
elm adamlarımıza, bütövlükdə Azərbaycan elminə
göstərilən diqqət və qayğının yüksək təzahürü kimi
səciyyələndirib.
“Akademiyanın yubileyi yalnız elmi mühitimiz üçün deyil,
bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün
əlamətdar bir hadisədir” - deyən akademik Akif Əlizadə
rəhbərlik etdiyi qurumun ölkəmizin sürətli
sosial-iqtisadi və mədəni-mənəvi inkişafında yaxından
iştirak etdiyini vurğulayıb.
Sonra akademik media nümayəndələrinə yubileyə hazırlıq
çərçivəsində görülmüş işlər, reallaşdırılan tədbirlər
və həyata keçirilən layihələr haqqında geniş məlumat
verib.
Sonda AMEA-nın rəhbəri Akif Əlizadə KİV
nümayəndələrinin suallarını cavablandırıb.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi” |