Noyabrın 3-də Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç, Xəzər Universitetinin təsisçisi,
professor Hamlet İsaxanlı və rektoru, professor Həsən
Niknafs Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
olublar.
Görüşdə hər iki universitetlə elmi-texniki
əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə Qafqaz
və Xəzər Universitetləri ilə UNEC arasında elmi-pedaqoji,
elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Memoranduma əsasən, professor-müəllim heyəti və
doktorantlar üçün hər iki ali təhsil müəssisəsində
təkmilləşdirmə kursları təşkil olunacaq.
Eyni zamanda, universitetlərin professor-müəllim heyəti
doktorantlara elmi rəhbərlik edəcək. Bundan başqa, birgə
sərgi və elmi konfransların təşkili, kadr və tələbə
mübadiləsi həyata keçiriləcək.
UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə
həyata keçirilən yeniliklərdən danışıb, hədəfləri
açıqlayıb. Ali təhsil ocağının beynəlxalq əlaqələrindən
söz açan rektor bildirib ki, UNEC bu günə qədər əsasən
xarici universitetlərlə əməkdaşlıq edib. Azərbaycan ali
təhsil müəssisələri ilə də əməkdaşlığın faydalı olduğunu
vurğulayan rektor, xüsusilə Qafqaz və Xəzər
universitetlərinin təcrübəsindən yararlanmağın
vacibliyini diqqətə çatdırıb.
Öz təcrübələrini UNEC-lə paylaşmağa hazır olduğunu
bildirən A.Saniç eyni zamanda Qafqazın ən böyük iqtisad
yönümlü universiteti olan UNEC-də tətbiq olunan
yeniliklərin Qafqaz Universiteti üçün yararlı olacağını
qeyd edib.
H.Niknafs isə UNEC-lə tanışlıqdan məmnun olduğunu
bildirib. Bu əməkdaşlığın hər iki universitet üçün
faydalı olacağına əminliyini ifadə edib.
Ə.Muradov Azərbaycandakı ali təhsil müəssisələri
rektorlarının qeyri-rəsmi görüşünü təşkil etməyi təklif
edib. Mütəmadi keçiriləcək görüşlərdə ali təhsildəki
problemlərin müzakirə olunacağını nəzərə çatdırıb.
Sonda qonaqlar UNEC-də Azərbaycan Respublikasının
Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin dəstəyi ilə yaradılan Maliyyə laboratoriyası
və London Universiteti/London İqtisadiyyat Məktəbinin
bakalavr proqramı ilə tanış olublar. “Radio UNEC”də
tələbələrin suallarını cavablandırıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi |