Azərbaycan
Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində
Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq
fakültəsinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya
İnstitutunda yaradılmış Elm və Tədris Mərkəzinin açılışı
olub. İnstitutun Elmi Şurasının üzvləri, laboratoriya
müdirləri və əməkdaşların iştirakı ilə keçirilən açılış
mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov
deyib ki, mərkəz BDU və AMEA-nın Torpaqşünaslıq və
Aqrokimya İnstitutu arasında kadr hazırlığı və
elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında imzalanmış
Anlaşma Memorandumuna əsasən yaradılıb.
Rektor Abel Məhərrəmov BDU ilə AMEA Torpaqşünaslıq və
Aqrokimya İnstitutu arasında elmi-pedaqoji əməkdaşlığın
tarixinin 2004-cü ildə biologiya fakültəsinin nəzdində
yaradılmış “Torpaqşünaslıq” kafedrası ilə başladığını
qeyd edib. Onu da bildirib ki, hazırda ekologiya və
torpaqşünaslıq fakültəsində bir sıra ixtisaslar üzrə
mütəxəssislərin hazırlanmasında, o cümlədən birgə
konfransların təşkilində əlaqələr uğurla davam etdirilir.
Yeni yaradılan Mərkəzin tədris prosesinin
elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin
istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə,
magistrant və doktorantların tədqiqatçılıq və peşə
fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və
vərdişlərin formalaşdırılması baxımından əhəmiyyətli
olduğunu söyləyib.
Sonra AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi,
akademik Qərib Məmmədov, Torpaqşünaslıq və Aqrokimya
İnstitutunun direktoru, professor Əlövsət Quliyev və
professor Paşa Zamanov çıxış edərək əməkdaşlığın bundan
sonra daha səmərəli şəkildə davam edəcəyinə
əminliklərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları institutun elmi-tədqiqat
laboratoriyaları, Torpaq muzeyi ilə yaxından tanış
olublar.
Mətbuat və informasiya şöbəsi |