| 
						
						
						 Noyabrın 
						5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində 
						“Təmiz Şəhər” Mərkəzinin açılış mərasimi keçirilib. 
						
						“Təmiz Şəhər” Mərkəzində Azərbaycan Memarlıq və İnşaat 
						Universitetinin tələbələrinə ətraf mühit, eləcə də 
						tullantıların idarə olunması mövzusunda “Təmiz Şəhər” 
						Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və digər 
						mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. 
						
						Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 
						Gülçöhrə Məmmədova qonaqları salamalayaraq “Təmiz Şəhər” 
						Mərkəzinin ətraf mühitin qorunması və tullantıların 
						idarə olunması sahəsi üzrə mütəxəssislərin 
						hazırlanmasında mühüm rol oynayacağını bildirib. 
						
						Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun 
						Bayramov qeyd edib ki, prioritet sahələr üzrə kadrların 
						yetişdirilməsi istiqamətində çoxsaylı layihələr həyata 
						keçirilir. Təhsil ocaqlarının bu yöndəki fəaliyyətini 
						nəzərə çatdıran C.Bayramov “Təmiz Şəhər” ASC-nin bu 
						sahəyə göstərdiyi diqqətin təqdirəlayiq olduğunu 
						vurğulayıb. 
						
						“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir 
						İbrahimov çıxışında tullantıların idarə edilməsinin yeni 
						bir sahə olduğunu, bu istiqamətdə ixtisaslı kadrların 
						hazırlanmasının əhəmiyyətini bildirib. ASC sədri qeyd 
						edib ki, “Təmiz Şəhər” ASC-nin Azərbaycan Memarlıq və 
						İnşaat Universiteti ilə əməkdaşlığı çərçivəsində bu ali 
						təhsil müəssisəsinin tələbələri “Təmiz Şəhər” ASC-də iş 
						təcrübəsi keçib, yay məktəblərində və maarifləndirici 
						turlarda iştirak ediblər. 
						
						Sonra tədris auditoriyalarına baxış keçirilib və 
						qonaqları maraqlandıran suallar cavablandırılıb. |